MSK təsdiqlədi - Təkrar seçkilər keçiriləcək


17:04     16 Aprel 2016 msk1.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.


Femida.az-ın məlumatına görə, iclasda 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq olunub.

İclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, seçkilər ədalətli və demokratik şəkildə keçiriləcək.

Təqvim Plan barədə məlumat verən Arifə Muxtarova bildirib ki, seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları deputatlığa namizədlərin irəli sürülməsi hüququna malikdirlər.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi aprelin 29 -dan mayın 19-u saat 18.00-dək başa çatmalıdır. Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına mayın 26-da başlanacaq, 17 iyun saat 8.00-da dayandırılacaq.

MSK tərəfindən “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi mayın 29-dək davam edəcək və MSK iyunun 8-dək “Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul edəcək. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların MSK-nın internet saytında ilkin məlumat kimi yerləşdirilməsi protokol tərtib edildikdən sonra gecikdirilmədən həyata keçiriləcək.

Seçkilərin ilkin nəticələrinin MSK tərəfindən seçki dairəsi üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların MSK-nın internet səhifəsində yerləşdirilməsi seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair protokollar MSK-ya təqdim edildikdən dərhal sonra təmin ediləcək. MSK iyulun 8-dək Milli Məclis təkrar seçkilərin nəticələrini yoxlayacaq və yekun vuracaq.

Protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində MSK seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün protokolları Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi isə müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə təkrar seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsini təmin etməlidir. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra MSK deputat seçilmiş şəxsə deputat vəsiqəsi verəcək.

İclasında 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Komissiyanın nəzdində ekspert qrupu yaradılıb.

Bundan əlavə, iclasda 2016-cı il iyunun 18-nə təyin edilmiş Azərbaycan Milli Məclisinə 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə MSK nəzdində işçi qrupu yaradılıb və tərkibi müəyyən edilib.

İclasda, həmçinin 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının tərkibi müəyyən edilib.

Açar sözlər:

Oxunub: 943