“Atəşgah məbədi”ndə festival keçiriləcək


03:57     17 Aprel 2016 ateshqah.jpg

1983-cü ildən etibarən, 18 aprel tarixi “Beynəlxalq abidələr və tarixi yerlər” günü kimi qeyd olunur.


Mədəniyyət və Turizm Nazirliyindən Femida.az-a verilən xəbərə görə, hər il bu tarix Azərbaycanda da geniş şəkildə keçirilir.

Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamına müvafiq olaraq, 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan olunub.

Azərbaycan müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşadıqları unikal ölkədir. Möhkəm dayaqlara, zəngin ənənəyə, dərin tarixə və mənəvi köklərə malik olan tolerantlığı Azərbaycan xalqının və dövlətinin milli-mənəvi dəyəri hesab etmək olar.

Məhz bu baxımdan, 18 aprel saat 17.00-da Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü çərçivəsində ölkəmizdə “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda yaşayan milli azlıqlara məxsus festival keçiriləcək. Festivalda ölkəmizin regionlarında yaşayan azlıqların folklor nümunələri, kulinariya və əl işləri nümayiş ediləcək.

Qeyd edək ki, YUNESKO-nun təşəbbüsü ilə keçirilən bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu vurğulamaq və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Açar sözlər:

Oxunub: 1828