Yeni siyasi hərəkat yarandı


17:05     14 Aprel 2015 8194407_2.jpg

Razi Nurullayev hərəkat yaratdı

Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada klassik siyasət get-gedə nüfuzunu itirməkdədir. Hazırda, klassik siyasət demokratiyanın imitasiyasına çevrilib və özünü doğrultmamaqdadır. Klassik siyasətə baxışda dünyada baş verən tənəzzül Azərbaycanda daha dərin izlər buraxıb. Xalqla siyasətçilər arasında dərin uçurum yaranıb. Insanların böyük bir qisminin siyasətə marağı ölüb. Bir çoxları isə onu, haqlı olaraq fərdi siyasətçilərin maraqlarına xidmət edən bir institut kimi görməyə başlayıb. Siyasi qüvvələr gün-gündən sosial bazasını itirir, xalqın dəstəyindən məhrum olur. Bu səbəbdən siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın inamının bərpa edilməsinə ehtiyac var. Xalq və seçici özünü kənardan seyrçi yox, taleyini müəyyən edən proseslərn iştirakçısı kimi görməlidir.
Cəmiyyətin yeni demokratiyaya ehtiyacı vardır. İmitasiya olunmayan, demokratik ənənələrin formalaşdığı siyasi qüvvə xalq tərəfindən dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq. Azərbaycanda müasir və sivil, azad cəmiyyətin formalaşması üçün “Yeni Demokratiya” Hərəkatını yaratdığımızı bəyan edirik. Yeni Demokratiya Hərəkatı üçün Azərbaycanın müstəqilliyi və ərazi bütünlüyü toxunulmaz, azad və demokratik cəmiyyətin qurulması missiyadır. Azərbaycanın gələcəyini Avropa ailəsinə tam inteqrasiyada görürük.
Yeni Demokratiya Hərəkatı hazırkı iqtidara müxalifətdə olduğunu bəyan edir və ölkənin demokratikləşməsi üçün bütün səylərini səfərbər edəcəkdir.
Yeni Demokratiya Hərəkatı gənclərin və klassik siyasətin əsas düsturuna çevrilən “lider hər zaman haqlıdır” tezisini büt kimi qəbul etməyən, həmfikirlərin birgə qurduğu və azad, demokratik cəmiyyət uğrunda dönmədən mübarizə aparanların təşkilatı olacaq. Bəyan edirik ki, siyasi strategiyanı təkcə siyasətçilər formalaşdırmamalıdır. Siyasi strategiyanı siyasi qüvvənin arxasında duran xalq, onun üzvləri, tərəfdarları, sosial bazası müəyyən etməlidir. Siyasi təşkilatın və siyasətçinin üzərinə düşən vəzifə bu strategiyanın taktikaya çevrilməsi, xalqın iradəsinin hakimiyyətə daşınmasıdır. Yeni demokratiya - imitasiya olunmayan demokratiyadır.

Yeni Demokratiya Hərəkatı açıq müzakirələr vasitəsilə xalqın iradəsinə söykənən qərarların verilməsi ilə müxalifətin yeni imicini formalaşdırmaq üçün də çalışacaq. Yeni demokratiya mövcud və klassik siyasətin inikası deyil, aynası olacaqdır.
Hörmətlə,

Razi Nurullayev, “Yeni Demokratiya” Hərəkatı

Açar sözlər:

Oxunub: 611