Lavrovun 1 ayda ikinci Bakı səfəri - ŞƏRH


17:06     21 Aprel 2016 Sergey-Lavrov-interview.jpeg

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən Bakıya səfər edəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, səfər bu həftənin sonuna planlaşdırılır.


Lavrov regiona səfəri çərçivəsində İrəvana da gedəcək.

Heç şübhəsiz, Lavrov Bakıya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün gəlir. Politoloq Qabil Hüseynlinin fikrincə, rəsmi Moskvo qısa müddət ərzində sülh danışıqlarını yekunlaşdırmaq istəyir:

“Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsini həll etmək fikrini açıq şəkildə bəyan edib. Əlbəttə ki, münaqişə beynəlxalq hüquq nprmalarına, BMT-nin qətnamələrinə uyğun olaraq həll edilərsə, regionda uzunmüddətli sülh və dostluq şəraitinin bərqərar olunmasına gətirib çıxara bilər. Bəzən 5 və yaxud da 7 rayonun qaytarılması, bölgədə ruslardan ibarət sülhməramlı qüvvələrin yerləşdirilməsi, sonra isə Dağlıq Qarabağın statusunun müəyyən olunması kimi fikirlər ortaya atılır. Hətta elə fikirlər ortaya atıldı ki, guya Azərbaycan da güzəştə getməlidir. Məlumdur ki, Azərbaycan öz torpaqlarının hesabına kompromisə getməyəcək. Azərbaycan işğala məruz qalan ölkədir və torpaqlarının işğaldan azad olunmasını istəyir. Burada hər hansı kompromisdən söhbət gedə bilməz. Rəsmi Moskva bildirib ki, sülh danışıqları prosesi qısamüddətli olacaq. Bu mənada Lavrovun səfəri böyük əhəmiyyət kəsb edir”.

Qeyd edək ki, Sergey Lavrov Azərbaycana sonuncu dəfə aprelin 6-də gəlib. O, səfər çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib.

Sergey Lavrov İlham Əliyevlə görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzəkirə edib. Görüşdən sonra Lavrov müzakirələrin bəzi təfərrüatlarından danışıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4209