Cəbhədə partlamamış sursat aşkarlandı


20:17     22 Aprel 2016 anama-heyet.jpg

Bu il aprelin 7-dən 22-dək Azərbaycan Respublikasının Ərazilərinin Mianalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA tərəfindən Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatı açıqlanıb.


ANAMA-dan Femida.az-a verilən məlumata görə, Tərtər rayonunun Qapanlı kəndində 93 ev və həyətyanı sahəyə, 109 partlayış yerinə baxış keçirilib və partlamış sursatların qalıqları təmizlənib. Bildirilib ki, bununla yanaşı, Tərtərdə partlamamış 3 ədəd 85 mm-lik top mərmisi, 7 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülüb: “Rayonun Qarağacı kəndində 15 ev və həyətyanı sahəyə və 15 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib. Qaradağlı kəndində 24 ev, 36 partlayış yeri və 1 əkin sahəsinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib. Əskipara kəndində 4 ferma və 10 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qalıqları təmizlənib. 1 əkin sahəsində 30 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkarlanıb. Şıxarx kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi götürülüb. Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndində 1 ev və həyətyanı sahəsinə düşmüş 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub. Rayonun Mirzəhaqverdili kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilmiş və partlamış sursatın qalıqları təmizlənib” – deyə hesabatda deyilib.

Hesabatda bildirilib ki, Ağdam rayonu Təzəkənd kəndində 7 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə və 8 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunaraq, zərərsizləşdirilib: “Ağdamın Orta Qərvənd kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar olunub və zərərsizləşdirilib. Çıraqlı kəndində 4 ev və həyətyanı sahə və 4 partlayış yerinə baxış keçirilib, partlamış sursatın qalıqları götürülüb. Mahrızlı kəndində 15 ev və həyətyanı sahəyə baxış keçirilib, qrad mərmilərinin partlamış hissələri çıxarılıb. Əfətli kəndində 8 ev və həyətyanı sahəyə baxış keçirilib, torpaq altında partlamış qrad raketinin qalıqları çıxarılıb. Kənddən keçən Qarqar çayında 5 (beş) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq, zərərləşdirilib.

Ballar kəndində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkarlanmayıb. Ergi düzündə 1 fermaya baxış keçirilib, 1 ədəd 100 mm-lik top mərmisi götürülüb. Evoğlu kəndində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkarlanmayıb. Baharlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat tapılmayıb. Yusifcanlı kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış sursat aşkarlanmayıb”.

Hesabatda qeyd olunub ki, Goranboy rayonu Tapqaraqoyunlu kəndində 123 ev və həyətyanı sahələrə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbinin ərazisi yoxlanılıb, 130 partlayış yerindən sursatların qalıqları çıxarılıb. 2 ədəd partlamamış 100 mm-lik, 1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi zərərsizləşdirilib. Rayonun Qaxdud kəndində 2 ev həyətyanı sahə, 2 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb. Füzuli rayonu Mirzənağılı kəndində 5 ev və həyətyanı sahə, 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 82 mm-lik minaatan mərmi aşkarlanıb: “Eyni zamanda, Füzulinin Qazaxlar kəndində - 3 ev və həyətyanı sahələrdə 3 partlayış yerinə baxış keçirilib. Rayonun Əhmədalılar kəndində 7 ev və həyətyanı sahələrdə 7 partlayış yerinə baxış keçirilib, partlamış sursatların qəlpələri və qalıqları götürülüb. Horadiz şəhərində şəhər və ətrafında 84 partlayış yerinə baxış keçirilib, 81 ədəd partlamış, 3 ədəd partlamamış hərbi sursat aşkar olunaraq götürülüb. Tovuz rayonu Qədirli kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 84 ədəd 100 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb”.

Hesabat dövründə Agentlik tərəfindən Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy və Tovuz rayonlarında 310 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 1 kənd orta məktəbi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 139 ədəd partlamamış hərbi sursat və 5 (beş) ədəd piyada əleyhinə mina (PMN) aşkar olunaraq zərərsizləşdirilib: “Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir”.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Açar sözlər:

Oxunub: 1386