Baş nazir: “Korrupsiya ilə bağlı az danışırıq”


14:50     15 İyun 2015 o-CORRUPT-MONEY-facebook.jpg

Devid Kemeron: “Korrupsiya ilə bağlı az danışırıq. Bu vəziyyəti dəyişmək vaxtıdır. Korrupsiya müasir dünyada bir çox problemin səbəbi olan xərçəng şişidir”.


Son iki həftə ərzində dünya futbolunun mərkəzi olan FİFA-da baş verən korrupsiya qalmaqalları şok effekti yaradıb. Avropanın mərkəzində-İsveçrənin Sürix şəhərində yerləşən mərkəzi ofisdə aparılan yoxlamalar və bəzi yüksək çinli FİFA rəsmisinin korrupsiya ittihamı ilə həbs edilməsinin arxasında siyasi məqsəd dayanması şübhəsizdir. ABŞ Ədliyyə Nazirliyinin başlatdığı cinayət işi ilə bağlı İsveçrə polisinin əməliyyat həyata keçirməsi sifarişin haradan gəldiyini göstərir.

FİFA-da keçiriləcək prezident seçkilərindən iki gün əvvəl belə bir qalmaqalın ortaya atılması da xüsusi məqsəddən xəbər verir. Amma siyasi məqsədə rəğmən, FİFA-da korrupsiya ilə faktların üzə çıxması Qərb ölkələrində və həmin ölkələrin rəsmi dairələrinin nəzarətində olan beynəlxalq təşkilatların korrupsiya çirkabına bulaşması kimi real həqiqəti gün işığına çıxardı. Qərb ölkələri korrupsiya ilə bağlı başqa dövlətlərə ağıl verməyə çalışsalar da, özlərində bu sahədə vəziyyət çox acınacaqlıdır. Özü də bu vəziyyət iqtisadi inkişafı ilə seçilən ölkələrdə daha qabarıq şəkildədir. Sadəcə, dünya informasiya məkanına nəzarət edən həmin ölkələr nəzarətlərində olan KİV-in gücündən istifadə edərək özlərində olan çirkabla bağlı xəbərlərin yayılmasının qarşısını almağa çalışırlar. Amma onların bu cəhdləri heç də uğurlu alınmır.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun Huffington Post” nəşrində çap edilən məqaləsində qeyd edir ki, korrupsiya ilə bağlı vəziyyət dəyişməlidir:

“FİFA nümunəsində olduğu kimi, biz digər sahələrdə də korrupsiya olduğunu bildiyimiz halda, sanki hansısa beynəlxalq yasaq imkan vermir ki, ona toxunaq. Liderlər sammitlərdə beynəlxalq yardımlardan, iqtisadi artımdan və təhlükəsizliyin təmin olunmasından çox danışır. Amma korrupsiya ilə bağlı az danışırıq. Bu vəziyyəti dəyişmək vaxtıdır. Korrupsiya müasir dünyada bir çox problemin səbəbi olan xərçəng şişidir. Aralıq dənizində batan gəmilərdəki miqrantlar ölkələrindəki korrupsiyadan qaçırlar. Korrupsiya bütövlükdə dünya iqtisadiyyatına da də mənfi təsir edir. Dünya Bankının məlumatına görə, dünya üzrə illik rüşvətin məbləği 1 trilyon dollar təşkil edir. Korrupsiyanın 10 faiz azaldılması qlobal iqtisadiyyata illik 380 milyard dollar xeyir gətirə bilər. Ancaq Avropa İttifaqı iqtisadiyyatında illik korrupsiya məbləği 120 milyard avro təşkil edir. Korrupsiya bizim rifah halımızla yanaşı, təhlükəsizliyimizə də təhdiddir”.

Britaniyanın baş naziri qeyd edib ki, dünya liderləri artıq bu reallıqdan kənarda qala bilməyərək, beynəlxalq tabuları qırmalıdır. Onun fikrincə, “Açıq hökumət”in yaradılması dünya üzrə korrupsiyaya qarşı mübarizədə uğurlu layihədir. Qeyd edək ki, Avropa İttifaqı ölkələrində son illər geniş ictimai rezonans doğuran korrupsiya faktları Avropa İttifaqı strukturlarını müvafiq araşdırmalar aparmağa məcbur edib. Korrupsiya sövdələşmələri, hüquqpozmaları o həddə çatıb ki, artıq kök salmış, kompleks xarakter almış korrupsiya fenomenindən söhbət açılır. Avropa İttifaqı Statistika Bürosunun 2014-cü il üçün məlumatına görə, İttifaq korrupsiyadan hər il orta hesabla 150 milyard dollar itirir. Büro ekspertləri tenderlərdə ələalma, böyük, orta və kiçik biznesdə kommersiya ələalmaları, lobbiçilik, nepotizm kimi korrupsiya hüquqpozmalarını və korrupsiyaya yol açan hüquqpozmaları dəyərləndiriblər. Müqayisə üçün qeyd edək ki, 150 milyard avro Rusiya Federasiyasının illik büdcəsindən çoxdur. “Avrobarometr” Avropada korrupsiyanın miqyası ilə bağlı sorğu keçirib. Aİ ölkələrinin hər birində 500-1000 nəfər sorğuya cəlb edilib. Ümumilikdə sorğuda 27800 nəfər iştirak edib. Rəyi soruşulanların 76 faizi bildiriblər ki, onların ölkəsində korrupsiya geniş yayılıb. Yunanıstanda rəyi soruşulanların 99, İtaliyada 97, Litva, İspaniya, Çexiyada 95 faizi qeyd ediblər ki, ölkələrində korrupsiya geniş yayılıb. 2014-cü ildə Aİ-nin Antikorrupsiya Agentliyi OLAF tərəfindən açıqlanan hesabatda daha böyük rəqəmlər əks olunub. Agentliyin araşdırmalarına görə, Aİ hər il korrupsiyadan 320 mlrd. avro itirir. Bu Aİ-nin 2014-2020-ci il üçün nəzərdə tutulan büdcəsinin üçdə birini təşkil edir. 2013-cü ildə Aİ ölkələrinin polis və prokurorluq orqanları tərəfindən “vəzifə səlahiyyətlərindən sui-istifadə etmək” ittihamı ilə 67 800 cinayət işi başlanıb. Bu, Aİ tarixində rekord göstəricidir.

Aİ ölkələrində siyasi korrupsiya siyasətçilərin, yüksək vəzifəli məmurların ələ alınması, biznes tərəfindən siyasətçilərin, siyasi partiyaların qanunsuz maliyyələşdirilməsi, iri biznes strukturların nəfinə qərarların qəbulu üçün qanunsuz lobbiçilik fəaliyyətində daha çox büruzə verir.

Açar sözlər:

Oxunub: 1200