“Maestro“ ləqəbli Xüsusi Təyinatlımızın döyüş yolu - VİDEO


21:15     30 Aprel 2016 1461956302_mg-20160429-wa0000.jpg

Uşaqlığı Laçında keçmişdi. Meylini, mehrini bir nənəsi Şura xanıma, bir də Laçının başı qarlı dağlarına salmışdı. Qartalların qıy vura-vura süzməsinə tamaşa edər, quşların həzin nəğməsi canına hopardı. Bəlkə də elə buna görə idi ki, uşaqlıqdan musiqiyə sonsuz bir həvəsi, qeyri-adi bir vurğunluğu vardı. Tanrı ona ürəyəyatan səs, həzin bir avaz bəxş etmişdi. Təsadüfi deyil ki, çox sonralar, döyüş yoldaşları onu adıyla deyil Maestro deyə çağırardılar.


Femida.az Karabakhmedia.az-a istinadən Qarabağ müharibəsi zamanı şəhid olmuş igid döyüşçü Maestro ləqəbli Pərviz Orucovun döyüş yolu haqqında reportajı təqdim edir.

Pərviz Atlıxan oğlu Orucov 16 mart 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. 1988-ci ildə Sumqayıt şəhər 38 saylı orta məktəbindən məzun olur. 1989-cu ildən sovet ordusu sıralarında tank dviziyasında hərbi xidmətə başlayır. 1991-ci ildə hərbi xidmətini başa vurub qayıtdıqdan 3 ay sonra Milli Qəhrəman, mərhum telejurnalist Çingiz Mustafayevin televiziya çağrışına qoşulub noyabr ayından könüllülərdən ibarət “Abşeron” dəstəsinin tərkibində torpaqlarımızın müdafiəsinə qalxır.

Maestronun ilk döyüşü





"Abşeron" dəstəsi cəbhəyə yola düşdükdən sonra ilk olaraq Ağdam rayonunun Abdal-Gülablı, Muğanlı, Umudlu, Əmiralılar kəndlərinin müdafiəsində iştirak edir. Onların ilk əməliyyatı 1991-ci ilin dekabr ayının 3-də keçmiş Martuni rayonunun Kurapatkin kəndi ərazisində baş tutur. Düşmən mövqelərinin arxasına keçərək ermənilərə məxsus 2 ədəd benzindaşıyan və 3 ədəd "Qaz 66" markalı hərbi maşın ələ keçirirlər. Geri qayıdarkən mühasirəyə düşsələr də ağır döyüşlərdən sonra mühasirəni yarıb geri qayıda bilirlər. Pərviz Orucov həmin döyüşə odlu silahı olmadığı üçün qumbaralarla qatılır.

Dekabr ayının 28-i Pərviz Orucovun da tərkibində olduğu "Abşeron" dəstəsiylə "Vətən oğulları" dəstəsi ikinci əməliyyatı həyata keçirmək üçün Martuni rayonunun ərazisinə keçib hərbi əhəmiyyətli Rabitə qoşvşağına hücum edirlər. 1 nəfər erməni hərbiçisini zərərsizləşdirərək, 1 ədəd radioqramma, 1 ədəd əldəqayırma alman avtomatı, 1 ədəd dinamit çantası, 4 ədəd tank əleyhinə qumbara və qovşaqda olan rabitə avadanlıqlarını ələ keçirirlər.

"Əgər bir gün şəhid olaramsa məni Namiqlərin arasına dəfn edin..."

1992-ci ilin aprel ayının 4-də Xanabad kəndi istiqamətində hücum əməliyyatı təşkil olunur. Bu əməliyyatda "Abşeron" dəstəsinə Naxçıvanik kəndindən Xanabad kəndinə gedən yolu bağlamaq tapşırığı verilir. Pəviz Orucov döyüş yoldaşlarıyla birgə gecə boyu hərəkət edərək səhər saat 7-də onlara tapşırılan ərazidə mövqe tuturlar. Bir neçə dəqiqədən sonra yüksəklikdə yerləşdirilən erməni BMP və snayperlərinin şiddətli atəşinə məruz qalırlar. 3 gün davam edən şiddətli döyüşlər zamanı Pərviz Orucovun silah yoldaşları Namiq Əliyev, Namiq Məmmədov və Qazax rayonundan olan Zöhrab adlı döyüşçü şəhid olur. Ələsgər Rüstəmov isə 5 güllə yarası alaraq ağır yaralanır.

Pərviz Bakıda Şəhidlər xiyabanında silah yoldaşlarının dəfnində iştirak edir. Dəfn mərasimindən sonra təsadüfən ayağı sürüşərək dostlarının məzarları arasına yıxılır. Elə oradaca döyüş yoldaşlarına "əgər bir gün şəhid olaramsa məni Namiqlərin arasına dəfn edin" deyir...

Xüsusi Təyinatlı Polis dəstəsinə qəbul olunur...





Pərviz Orucov silah yoldaşlarının dəfnində iştirak etdikdən sonra Qarabağa qayıdaraq yenidən döyüşlərə qatılır. "Abşeron" dəstəsinin tərkibində Tərtər rayonunun Seysulan kəndi istiqamətində döyüşlərə qatılır. Həmin döyüşdən sonra "Abşeron" dəstəsinin üzvləri Azərbaycan Milli Ordusunun və DİN-in nəzdində olan hərbi birləşmələrə qatılırlar.

Qəddi-qaməti,yüksək fiziki hazırlığıyla seçilən Pərviz Orucov döyüşlərdə göstərdiyi şücaət tez bir zamanda yüksək rütbəli zabitlərin diqqətini çəkir. Onu Xüsusi Təyinatlı Polis Dəstəsinin tərkibinə qəbul edirlər. O, Xüsusi Təyinatlı Polis dəstəsinin tərkibində cəbhənin ən qaynar nöqtələrində Laçın, Şuşa, Ağdam, Əsgəran rayonları istiqamətində gedən döyüşlərdə iştirak edir.

Abdal-Gülablı, Malıbəyli, Quşçular, Xramord, Mehmanə, Şelli, Qazançı kəndləri uğrunda gedən döyüşlərdə Xüsusi təyinatlı dəstənin tərkibində düşmən arxasına keçərək bir çox məxfi əməliyyatları icra edir. Ağdərə rayonu uğrunda gedən döyüşlərdə igidliklə vuruşur. Düşmənin kabusuna çevrilən Pərviz Orucovun başına, ermənilər 150 min rubl pul makafatı qoyurlar.

Son döyüş...

Pərviz döyüş meydanında mərdliklə vuruşmaqla bərabər, döyüşlərdən sonra gitara çalar, silah yoldaşlarına "Ayrılıq", "Aman ovçu", "Şuşanın dağları", "Bu qala daşlı qala" mahnılarını oxuyarmış. Dostlarıyla zarafat edər, "şəhid olsam məzarımın üstündə "Ayrılıq" mahnısını oxuyun" deyərmiş.

1993-cü il yanvar ayının 23-ü axşamı Pərvizgilin dəstəsi işğal altında olan Sırxavənd kəndi istiqamətində xüsusi bir əməliyyatı icra etmək tapşırığı alırlar. Əməliyyata getməzdən öncə Pərviz sevgilisinə yazdığı məktutbu və çantasını döyüş yoldaşı Əsəd Qasımova əmanət edir.

Yanvar ayının 24-ü döyüş tapşırığını yerinə yetirmək üçün düşmən arxasına keçən Pərviz və yoldaşları qəhrəmanlıqla vuruşuraq onlara verilən tapşırığı yerinə yetirirlər. Pərviz şiddətli döyüşlər zamanı düşmən pulemyotunu susdurduqdan sonra yanına düşən minamyot mərmisinin qəlpəsindən şəhid olur. Döyüş yoldaşları güllə yağışı altında onun cəsədini döyüş meydanından çətinliklə çıxarırlar.

Cənazə namazı qılındıqdan sonra onun cənazəsini dəfn etmək üçün Sumqayıt şəhərinin Şəhidlər Xiyabanına aparırlar. Lakin döyüş yoldaşları son anda dəfn mərasiminə gəlib çatırlar. Onlar Pərvizin vəsiyyətini valideyinlərinə deməsindən sonra cənazəni Bakı şəhərinə aparırlar. Onu vəsiyyət etdiyi kimi dostları Namiq Məmmədov və Namiq İbrahimovun uyuduğu Şəhidlər Xiyabanında dəfn edirlər.


Pərviz Orucov evin tək oğlu idi. İndi onun bacısı Pərvanə xanımın evində daha bir Pərviz var. Maestronun adına daşıyan Pərviz. O, bir gün dayısının qisasına almaq arzusuyla yaşayır...

Şəhidlər ölmür, Azərbaycan var olduqca Pərvizlər var olacaq...





Açar sözlər:

Oxunub: 6391


Oxşar xəbərlər