Türkiyədə yeni hökumət qurulacaq?


15:59     16 İyun 2015 erdogan_bahceli_icin_yargiyi_goreve_cagirdi13653270060_h1011201.jpg

Türkiyə Milliyətçi Hərəkat Partiyasının (MHP) sabiq sədr müavini Nazif Okumuş tezliklə yeni hökumətin qurulacağına dair iddialarla çıxış edib. Ən ideal koalisiyanın AKP ilə MHP arasında olacağını bildirən Okumuş bu istiqamətdə müşahidələri olduğunu deyib.

“Seçkinin nəticələrindən sonra ölkədə hökumət ssenariləri üzərində müzakirələr başladı. Burda HDP-nin xaricində heç kim uğur əldə etməmişdir. Ən qüvvətli hökumət ssenarisi isə AKP – MHP koalisiyasıdır. 2-ci isə AKP – CHP koalisiyasıdır. Bunun xaricində olanlar ayağı topal variantlardır. AKP – MHP koalisiyası Türkiyəyə böyük bir zənginlik qazandıracaqdır”.

Nazif Okumuş həm AKP rəhbərliyinin, həm də MHP sədri Dövlət Baxçalının birlikdə uğurlu bir yol xəritəsi hazırlayacağına inandığını qeyd edib.

“Həm AKP rəhbərliyinin, həm də Dövlət Baxçalının birlikdə cızacağı yol xəritəsi olacağına inanıram. İndi Baxçalının naz eləməyi bir tərəfə qoyaraq Türkiyəni sağlam bir yola çıxaracağına, xalqın istəklərinə rəhbərlik edə biləcəyinə inanıram. Hesab edirəm ki, seçki gecəsi olduğu kimi sual işarəsi olan bir çıxış edərsə Türkiyəni olduğu kimi, MHP-ni də çətin bir yola aparacaq. Ona görə də, “Əvvəl ölkəm” deməyi bacaran, bunu şüar edən Baxçalının müvafiq addımı atacağına inanıram. MHP-nin qırmızı xətti AKP-yə səs verənlərin qırmızı xətti ilə eynidir. Konstitusion və qanun çərçivəsində hərəkət hamının arzusudur”.

Okumuş həmçinin bildirib ki, HDP-nin dəstək verəcəyi CHP – MHP koalisiyasının MHP üçün ağır nəticələri ola biləcəyini vurğulayıb.

“MHP-nin bəzi tələbləri olacaqdır. Hesab edirəm ki, AKP bu tələblərə müsbət yanaşacaq və bunlardan qaçmayacaq. İqtidarın əvvəldən də ölkəni idarə edən anlayış şəkli var. Hakimiyyətin ortağı olacağı təqdirdə bunların qulaq ardına vurulmayacağını fikirləşirəm. Belə Türkiyə yenidən inkişaf edəcək, iqtisadiyyatda stabillik davam edəcək, işsizliyə qarşı fəaliyyət davam edəcək. HDP-nin dəstəyi ilə qurulacaq MHP – CHP koalisiyasının MHP-yə zərəri toxunar. Hesab edirəm ki, Baxçalının demokratiya mədəniyyəti belə bir koalisiyanı diqqətə almaz. İntensiv gərginliklər və mübahisələr yarana bilər”.

Açar sözlər:

Oxunub: 847