Ayaz Mütəllibov özünü təmizə çıxartmaq istədi


19:47     16 İyun 2015 ayaz-mutallib111ov67.jpg

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiya Dövlət Dumasının deputatlarının ona qarşı irəli sürdüyü “vətənə xəyanət” ittihamlarına cavab verib.

“Mən heç bir qanunazidd hərəkət etməmişəm. Üstəlik “vətənə xəyanət” ittihamının özü çox gülməlidir. Digər tərəfdən isə mən “SSRİ Dövlət Şurası” adlı bir qurumun üzvü olmağımı ümumiyyətlə xatırlamıram. Həmin qurumda olmamışam, orada heç bir sənədi imzalamamışam.

Bəli, mən yeni ittifaq müqaviləsinin hazırlanmasında iştirak etmişəm. Çünki mən yenilənmiş, lakin vahid İttifaqın qorunub saxlanmasının tərəfdarı idim. Lakin Dövlət Şurasının işində iştirak etməmişəm. Özü də 1991-ci ilin payızında SSRİ faktiki olaraq parçalanıb məhv olmağın bir addımlığında idi. Bu gerçəklə üz-üzə dayanmışdı. Başa düşə bilmirəm ki, Mixail Qorbaçovun Dövlət Şurasına görə məsuliyyətə cəlb olunması məsələsi Dövlət Dumasının yadına niyə məhz indi düşdü. Bu, bəlkə Rusiya ilə Qərb arasındakı münasibətlərin soyuması ilə bağlıdır?!” - deyə A.Mütəllibov açıqlamasında bildirib.

Rusiya Dövlət Dumasının hakim “Vahid Rusiya” fraksiyasından olan deputatları baş prokuror Yuri Çaykaya sensasion müraciət göndərərək SSRİ Dövlət Şurasının yaradılmasına və legitimliyinə hüquqi qiymət verməyə çağırıblar.

Müraciətə əsasən Mixail Qorbaçovun başçılığı ilə yaradılan qeyri-konstitusion hakimiyyət orqanı ölkənin suverenliyinə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə dağıdıcı zərbə vurub.



Dövlət Dumasının deputatlarının mövqeyinə görə, SSRİ Dövlət Şurasının tərkibinə daxil olan adamlar RSFSR-in Cinayət Məcəlləsinin 64-cü maddəsi ilə nəzərdə tutulan xüsusi təhlükəli əməl törədiblər və onların əməli dövləti cinayət hesab edilməlidir. Yuri Çaykaya göndərilən müraciətdə bildirilir ki, 1991-ci ildə o vaxtkı SSRİ konstitusiyasına müvafiq dəyişikliklər edilmədən yeni dövlət orqanı-Dövlət Şurası yaradılıb. Həmin orqanının qərarı əsasında Litva, Latviya və Estoniyanın müstəqilliyi tanınıb.

“Bu qərar SSRİ-dən onun strateji əhəmiyyətli ərazisinin ayrılmasına, dəniz limanlarının və akvatoriyasının itirilməsinə, ölkənin vahid müdafiə məkanının dağıdılmasına, Baltikyanı respublikalarla iqtisadi əlaqələrin pozulmasına səbəb olub”-müraciətdə deyilir.

Deputatlar bildirir ki, SSRİ Dövlət Şurasının bir sıra addımları və hərəkətləri ölkənin suverenliyinə, ərazi bütövlüyünə, dövlət təhlükəsizliyinə və müdafiə qabiliyyətinə sarsıdıcı zərbə vurub. Bu səbəbdən şuraya daxil olan şəxslərin əməlləri Vətənə xəyanət kimi qiymətləndirilməlidir və onların barəsində cinayət işi qaldırılmalıdır. Çünki bu cür cinayətlərdə vaxt məhdudiyyəti yoxdur.



SSRİ Dövlət Şurası SSRİ-nin “Keçid dövründə SSRİ-nin idarə edilməsi və dövlət hakimiyyəti orqanları” haqda 1991-ci il sentyabrın 5-də qəbul edilmiş qanunu əsasında yaradılıb. Bu orqan SSRİ Konstitusiyasında nəzərdə tutulmamışdı. Qanuna əsasən Dövlət Şurası ittifaqa daxil olan respublikaların ümumi maraqlarına aid olan, onların xarici və daxili siyasi məsələlərini əhatə edən qərarlar qəbul etməli idi. Bu orqan Konstitusiyada nəzərdə tutulmuş SSRİ Federasiya Şurasının səlahiyyətlərini faktiki olaraq mənimsəyib. Dövlət Şurasının qərarı məcburi xarakter daşıyırdı. Onun tərkibinə SSRİ prezidenti Mixail Qorbaçov və ittifaq respublikalarının rəhbərləri daxil idi. Dövlət Şurasının son tərkibi aşağıdakı kimi olub:

Şuranın sədri-Qorbaçov Mixail Sergeyeviç (SSRİ prezidenti)

Yeltsin Boris Nikolayeviç (Rusiya prezidenti)

Kravçuk Leonid Makaroviç-Belarus Ali Sovetinin sədri

Akayev Əsgər Akayeviç –Qırğızıstan prezidenti

Nazarbayev Nursultan Abışoviç-Qazaxıstan prezidenti

Kərimov İslam Abduqaniyeviç-Özbəkistan prezidenti

Niyazov Saparmurat Atayeviç –Türkmənistan prezidenti

Ter-Petrosyan Levon Akopoviç-Ermənistan prezidenti

Nabiyev Rahmon Nabiyeviç-Tacikistan prezidenti

Mütəllibov Ayaz Niyazi oğlu

Qeyd edək ki, Putinin partiyasının bu müraciəti Rusiyanın Ukraynadan sonra Baltikyanı respublikaları işğal edə biləcəyinə dair Qərbdə yaranmış xof fonunda edilir. Rusiya donanması, quru və raket qoşunları, aviasiyası müntəzəmolaraq Baltik dənizində, Kalininqrad vilayətində manevrlər keçirir. Litva, Latviya və Estoniyada rusdilli əhali arasında təbliğat gücləndirilib, separatçı meyllərin baş qaldırdığına dair məlumatlar var.

Baltik dənizində manevrlər keçirən NATO gəmilərinə və regionun hava məkanına daxil olan Amerika təyyarələrinə qarşı Rusiya qırıcıları bir-birinin ardınca tarana gedir. Habelə Rusiya Kalininqrad vilayətində nüvə başlıqları daşıya bilən kiçik mənzilli İsgəndər-M ballistik raketlərini yerləşdirib.

İndi “Vahid Rusiya” fraksiyasının Mütəllibov da daxil olmaqla SSRİ Dövlət Şurasının üzvlərinə qarşı cinayət işi qaldırılmasına dair müraciəti Kremlin imperiyanı bərpa etmək səylərinə dəlalət edən növbəti hərəkət hesab oluna bilər. Kremldə SSRİ-nin dağılması ilə hələ də barışmaq istəmirlər və nəhəng dövləti dağıdanlardan qisas yolları axtarırlar.



/virtualaz/

Açar sözlər:

Oxunub: 1930