Dini saytlarımız kimə işləyir? - SİYAHI


15:52     17 İyun 2015 769.jpg

Ölkənin milli təhlükəsizliyinin qorunmasında, milli maraqların təmin olunmasında medianın rolu çox böyükdür. Əfsuslar olsun ki, qloballaşan dünyada medianın əks-təsiri də göz qabağındadır. Qloballaşma prosesində yaxından iştirak edən Azərbaycan mediyadan gələn böyük “təhlükə” ilə də üz-üzədir. Belə ki, ölkədə fəaliyyət göstərən mətbu orqanların bəziləri Azərbaycanın milli maraqlarının əleyhinə yazılar paylaşır və müxtəlif səbəblərdən digər dövlətlərin maraqlarını ifadə edirlər. Heç şübhəsiz, bu saytlar xarici qüvvələrin birbaşa təsiri və maliyyə yardımı ilə fəaliyyət göstərirlər.


Belə saytların siyahısına “İslaminsesi.org”, “İslamazeri.az”, “Deyerler.org”, “Azadxeber.az”,“Faktxeber.com” kimi saytların adını daxil edə bilərik. Adlarını çəkdiyimiz saytlar ölkəmizin hər cəhətdən əməkdaşlıq etdiyi və Dağlıq Qarbağ münaqişəsində daim Azərbaycanın yanında olan İsrail dövlətinin əleyhinə yazılar paylaşır, İsraili terrorçu təşkilat səviyyəsində təqdim edir və İran İslam Respublikasının regiondakı maraqlarından yana çıxış edirlər.

Görəsən, sayt rəhbərliyi müstəqil Azərbaycan Respublikasının milli maraqlarını nəyə görə nəzərə almır və İsrailə qarşı bu cür mövqe nümayiş etdirirlər? Həmin saytların Azərbaycan üçün ən az Ermənistan qədər təhlükə saçan İranın regiondakı mənafeyi uğrunda yazılar yazması, regionda İranın güc mərkəzi kimi təqdim etməsi ölkəmizin milli maraqlarına tamamilə zidd deyilmi?

Femida.az bütün bu sualları cavablandırmaq üçün tanınmış siyasətçi və ekspertlərlə həmsöhbət oldu. Millət vəkili Fəzail Ağamalının fikrincə, bu cür saytlar şübhəsiz, İran İslam Respublikasının birbaşa təsiri altındadır.



Fəzail Ağamalı:

“Azərbaycanla bağlı ayrı-ayrı ölkələrin müxtəlif maraqları var. Bu maraqları reallaşdırmaq üçün həmin dövlətlər müxtəlif vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də ölkəmizdə müxtəlif internet saytlarının açılması və onların maliyyələşdirilməsidir. Regionda marağı olan dövlətlər həmin saytların vasitəsilə maraqlarını ifadə edən yazılar dərc etdirirlər. Bu cür saytlar şübhəsiz İran İslam Respublikasının birbaşa təsiri altındadır. Həmin saytlar yazılarında da İran İslam Respublikasının maraqlarını dəfələrlə vurğulayırlar. İsrailə qarşı bu cür münasibət ifadə etməklə İranın mövqeyi ortaya qoyulur. Əslində bu Azərbaycanın maraqlarına tamamilə ziddir, çünki Azərbaycan dünyanın bütün ölkələri ilə beynəlxalq hüquq normalarına əsaslanaraq bərabərhüquqlu münasibətlər qurmağa çalışır. İsrail də həmin dövlətlərdən biridir. Buna görə də Azərbaycanın elektron məkanında bu cür saytların belə yazılarla çıxış etməsi yolverilməz bir haldır.“

“Həmin saytlar hər hansı bir şəkildə Azərbaycanın maraqlarının ziddinə hərəkət edə bilməzlər. Bu qanunla qadağandır” – deyən Fəzail Ağamalı aşağıdakı fikirləri vurğuladı:

”Azərbaycan Respublikası Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. Din siyasətlə qarışdırıla bilməz. Bu cür saytlar ancaq islami dəyərlərə söykənərək insanların mənəvi cəhətdən inkişafına xidmət etməlidir. Həmin saytlar hər hansı bir şəkildə Azərbaycanın maraqlarının ziddinə hərəkət edə bilməzlər. Bu qanunla qadağandır və Azərbaycanın konstitusion quruluşu ilə tamamilə ziddiyyət təşkil edir. Nəticə etibarilə düşünürəm ki, bu cür saytların fəaliyyəti Azərbaycanın dövlət maraqları ilə ziddiyyət təşkil edir və bununla əlaqədar Azərbaycanın müvafiq dövlət qurumları tədbir görməlidir. Azərbaycanla İsrail arasında münasibətlər çox yüksək səviyyədədir və hər hansı mətbu orqan bu münasibətlərə xələl gətirəcək yazılar yazmamalıdır.”

“Əgər hansısa sayt rəhbərliyi məhkəməyə dəvət edilsə, növbəti gün “Human Rights Watch” - da novbəti məhbusların adını görəcəyik.” – deyə münasibət bildirən Millət vəkili Zahid Oruc aşağıdakıları qeyd etdi:



“Düşünürəm ki, həmin saytların məqsədi 2-ci, 3-cü dövlətlərin mənafeyini müdafiə etməkdir. Baxsaq görərik ki, açıq-aşkar Səudiyyə Ərəbistanı, İran və Suriyaynın xarici siyasət kursunu götürüb avtomatik olaraq özümüzə şamil etməklə ayrı-ayrı ölkələri düşmən kateqoriyasında görmək halları meydana çıxır. Mən belə hesab edirəm ki, Ərəb ölkələrinin əksəriyyəti İsraillə normal əlaqədədir. Niyə Azərbaycan vətəndaşı dini radikalizmə meyl edərək İsrailə qarşı bu cür düşmən münasibətdə olmalıdır? Bu kimi hallar təəssüf doğurur, amma cəza tətbiq etmək üçün başqa hüquqi mexanizm də yoxdur. Bu gün vətəndaşlarımız ölkəmizin əsgərinə çevrilməlidir. Əgər İran İslam Respublikası həmin mətbu orqanları maliyyələşdirirsə, bununla bağlı tədbirlər görülməlidir. Hazırkı cəmiyyətimizdə informasiya fəaliyyəti azad olduğundan belə halların qarşısının alınması çox mürəkkəb bir prosesdir. Əgər hansısa sayt rəhbərliyi məhkəməyə dəvət edilsə, növbəti gün “Human Rights Watch” - da novbəti məhbusların adını görəcəyik. Bu əslində çıxılmaz bir vəziyyətdir. Müasir demokratiya və qloballaşmanın nəticəsi bundan ibarətdir. Bəzi hallarda casusa belə azadlıq tələb edilir. Bizim üzərimizə düşən isə ondan ibarətdir ki, ölkənin dini sistemini yaxşı quraq vəvətəndaşlarımızadüzgün dini biliklər verək. Düşünürəm ki, bununla xaricdən gələn dini təhlükənin qarşısını almaq mümkündür. Yalnız ictimai qınaq və insanları düzgün mövqelərə çağırmaqla bu kimi halların qarşısını almaq mümkündür.”

“Qafqaz Müsəlmanları İdarəsinin sədri özü bir şiə olaraq İranın ali dini lideri Ayətullah Xomeynini təqlid edir.” – deyə ilahiyyatçı-alim Elşad Miri vurğuladı.



Elşad Miri:

“Ümumiyyətlə təkcə saytlar yox, müəyyən şəxslər, qruplar var ki, aldıqları dini təhsilə uyğun olaraq həmin yerlərlə sıx əlaqədədir. Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin sədri özü də açıqlamasında qeyd etdi ki, o, özü bir şiə olaraq İranın ali dini lideri Ayətullah Xomeynini təqlid edir. Bunu açıq şəkildə televiziyada o, özü deyib. Bunun da nəticəsində belə deyə bilərik ki, Azərbaycandakı dini şəxslər hansısa dini liderləri təqlid edirlər. Təbii ki, bu da həmin şəxslərin, qurumlarn, saytların İran İslam Respublikası ilə əlaqələndirilməsinə gətirib çıxarır. Bu da heç bir şəkildə Azərbaycanın dövlətçilik prinsiplərinə xidmət etmir. Buna görə də geniş bir araşdırma aparılıb bu məsələnin üzərinə gedilməlidir. Azərbaycan mətbuat orqanları İslamı olduğu kimi təbliğ etməyə çalışmalıdır. Yalnız həmin saytlara qarşı dövlətçiliyə xidmət edən islamı olduğu kimi çatdıran alternativ saytlar yaradıldıqdan sonra müəyyən uğur əldə etmək olar.”

Femida.az məsələ ilə bağlı hüquqşünas mövqeyini də öyrəndi. Hüquqşünas Loğman Abdulayevin fikrincə Milli Təhlükəsizlik Nazirliyi belə halların qarşısını almaq məqsədi ilə bu sahədə nəzarəti gücləndirməlidir.



Loğman Abdullayev:

“Azərbaycan qanunvericiliyinə əsasən, telekommunasiya sahəsində lisenziya alan şirkətlər üçün şərtlər mövcuddur. Azərbaycan internet məkanı həyatımızın ayrılmaz bir hissəsinə çevirilməkdədi. Belə olan halda Azərbaycana olan təhdidləri nəzərə aldıqda Milli Təhlükəsizlik Nazirliyi belə halların qarşısını almaq məqsədi ilə bu sahədə nəzarəti gücləndirməlidir və bu nəzarət normaldır. Lakin bu, vətəndaşların hüquqlarının pozulmasına səbəb olmamalıdır və vətəndaşların şəxsi yazışmalarına şamil edilməməlidir. Yalnız Azərbaycanda cinayət işinin ibtidai istintaqı zamanı, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun tələblərinə əsasən məhkəmənin qərarı olduqda şəxsi hesab və profillər nəzarətə götürülə və dinləndirilə bilər. Bu qərarların qüvvədə olmaq müddəti 6 aydır və bu həmçinin müdaxilədən ziyan çəkən şəxslər məhkəməyə müraciət edə bilər. İstər radikal dini,istərsə də digər saytların öz fəaliyyətində dini-irqi ayrı seçkilik, açıq müahirəbəyə sövq etmə,dövlət çevirilişi, dövlətin konstitusiya quruluşunun sarsılması, Azərbaycanın ərazisində hansısa dövlətin “siyasətini” yaymaq, terror və sair bu kimi fəaliyyətlərlə məşğul olmaları qanunla qadağan olunmuş fəaliyyətdir və hesab edirəm ki,bu kimi halların qarşısı alınmalı və dərhal lazımi hüquqi tədbirlər görülməlidir. Mövcud qanunvericiliyin şərtlərinə görə Telekommunikasiya operatorları öz sistemlərini elə qurmalıdırlar ki, həmin sistemdən istənilən vaxt icra hakimiyyəti orqanları informasiya əldə edə bilsin. 2001-ci ildə məlum terror hadisəsindən sonra bütün ölkələr öz qanunvericiliyində dəyişiklik edib. Lakin başqa ölkələrdə bu məlumatlar məhkəmənin qərarı ilə əldə edilirsə, Azərbaycanda vəziyyət fərqlidir. MTN istənilən məlumatı əldə edəndən sonra 24 saat müddətində məhkəməni məlumatlandırmalıdır.”

Femida.az Azərbaycandakı dini saytların hansı dini cərəyanlara mənsub olması və onların siyasibaxımdan hansı dövlətlərə meyil etməsi ilə bağlı materialı sizə təqdim edir:

SİYAHI:






Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 10496