Fazil Mustafa: “Üç müxalifət partiyasının birləşməyi reallıqdan uzaqdır”


17:05     17 İyun 2015 1412522428_f219679d6c31ea155f1e7f8ecd78c11a7.jpg

“Türkiyədə koalisiyanın olması cəmiyyətin içində gərginliyi ortadan qaldıra bilər”.

Bunu Femida.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, Türkiyədə normal hökumət qurmaq imkanları ancaq MHP və AKP arasında mümkündür:

“Türkiyədə parlament seçkilərindən sonra iki variantı daha çox üstün görürəm. AKP-MHP koalisiyası və erkən seçim. Digər koalisiyaların baş tutacağına inanmıram. AKP hökuməti, yaxud da üç müxalifət partiyasının birləşərək bir hökumət təşkil edəcəyi reallıqdan uzaqdır. Çünki MHP ilə HDP-nin fikirləri bir-birinə əksdir. Hər hansı bir şəkildə uzlaşma imkanları yoxdur. AKP ilə CHP-nin indiki şərtlərdə uzlaşması çətindir. Ona görə də bir seçim var: AKP və MHP koalisiyası. Hər iki partiya müəyyən mühafizəkar baxışlarına görə yaxındırlar. Əgər bu koalisiya olmasa, erkən seçkiyə gediləcək. Öncədən hər pariya şərtlərini açıqlayır, ancaq sonda sözlərinin üzərində durmurlar. Erkən seçim partiyaların maraqlarına da uyğun deyil. Əgər erkən seçki olsa, bəzi partiyalar üçün nəticələr daha pis ola bilər”.

Fazil Mustafa koalisiyanın baş tutacağı halda cəmiyyətin içindəki gərginliyi azaldacağını deyir:

“Əslində, Avropanın əksər ölkələri neçə illərdir, koalisiya ilə yönəldilir. Türkiyə də buna alışmalıdır. Düzdür, təkpartiyalı iqtidar qədər müəyyən islahatların keçirilməsi mümkün olmasa da, hər halda bu da reallıqdır. Türkiyə kimi bir dövlətdə koalisiyanın olması cəmiyyətin içində gərginliyi ortadan qaldıra bilər. İki fərqli qütbdə olan qüvvələrin bir hökumətdə təmsil olunması hökumətin alt qatlarında dəstəyini daha da çoxaldacaq.”

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1007