“Krımda baş verənlər Qarabağı xatırladır” - MÜSAHİBƏ


18:23     17 İyun 2015 1025738_546590535377848_872928176_o.jpg

Bu gün Azərbaycandan kənarda diaspor fəaliyyətilə məşğul olan xeyli ictimai təşkilat var. Bu təşkilatlar dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlını təmsil edir, Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olur. Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu da belə təşkilatlardandır. Femida.az Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla müsahibəni sizə təqdim edir:


- Hikmət bəy, Ukraynada Azərbaycan diasporasının tarixi böyük zaman kəsimini əhatə edir. Bəs, bu gün Ukraynada neçə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir? Onlar fəaliyyətini necə qiymətləndirirsiniz?

- Ukraynada Azərbaycan diaspor təşkilatları 90-cı illərdən etibarən yaranmağa başlayıb. Nizami Gəncəvi, Yusif Vəzir Çəmənzəmənli adına ictimai təşkilatları misal göstərmək olar. 1999-cu ildə bu təşkilatlar bir araya gətirilərək, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) yaradılıb. UAK faktiki olaraq 2011-ci ilə qədər fəaliyyət göstərdi. Bütün digər təşkilatlar da onun tərkibində idi. Lakin vilayətlərdə olan diaspor təşkilat nümayəndəlikləri aktiv fəaliyyət göstərmirdilər, ona görə də yeni təşkilatlar yaranmağa başlamışdı. Məsələn, Ukraynanın Dnepropetrovsk vilayətində yalnızca UAK nümayəndəliyinin sədri və təşkilatın möhrü var idi. Heç bir layihə həyata keçirilmirdi. Bundan sonra orda Dnepropetrovsk Azərbaycanlıları Liqası yaradıldı. Vilayətlərdə olan UAK –ın nümayəndəlikləri yeni yaradılmış təşkilatları tanımır və onlarla hesablaşmırdılar. Həmin vaxt UAK öz tənəzzül dövrünü yaşamağa başladı. Amma bunu parçalanma adlandırmaq olmaz, çünki artıq həmin təşkilatlar fəaliyyət göstərirdilər. UAK kağız üzərində mövcuddur. Amma faktiki olaraq konqress fəaliyyət göstərmir. Bundan başqa bir sıra digər diaspor təşkilatları da var. Sizə bir misal çəkim, biz Polşada təşkilatların sərgisində olanda, onda polyak təşkilatlarının nümayəndələri bizə belə bir sual verdilər: “Ola bilər ki, siz qeydiyyatdan keçmisiniz, bəs sizin məhsulunuz nədir?” İndi bu sualı Ukraynada qeydiyyatdan keçmiş bir çox Azərbaycan diaspor təşkilatının nümayəndələrinə vermək olar. Çünki onların sədrlərinin əksəriyyəti ancaq vizit kart paylamaqla məşğuldurlar. Heç bir resursa malik deyillər. Sual oluna bilər ki, nəyə görə təmənnasız Azərbaycan üçün çalışan təşkilatları tənqid edirsiniz? Amma qeyd etməliyik ki, bu təşkilatlar qeyri-sağlam rəqabət aparırlar və heç bir iş görməsələr də “meydan sulayırlar”. Bu da əlbəttə ki, xaricdə Azərbaycan üçün aktiv fəaliyyətdə olan təşkilatların nümayəndələrini qıcıqlandırır. Bununla bağlı hansısa adımların atılması çox vacibdir. Əgər hansısa təşkilat bir layihə həyata keçirirsə biz bunu ancaq alqışlaya bilərik. Biz yalnız bəyanat yayan və ya vizit kart paylayan təşkilatları alqışlamırıq. Bəlkə də bu ona görə baş verir ki, onlar ümumiyyətlə diaspor təşkilatının fəaliyyətinin nədən ibarət olduğunu bilmirlər. Onların atdıqları istənilən addım ancaq Azərbaycan KİV-də adlarının çəkilməsinə hesablanır. Biz də bu cür təşkilatların aktiv fəaliyyəti üçün çalışırıq. Məncə, bu işdə Diasporlarla İş üzrə Dövlət Komitəsi də vacib rol oynamalıdır. Daha doğrusu bu təşkilatların koordinasiya mərkəzi olmalıdır ki, onların fəaliyyəti düzgün, obyektiv qiymətləndirilsin.

-Sizin rəhbəri olduğunuz Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu neçənci ildə yaradılıb və sizin diasporun digər diasporalardan fərqli nədir?

-Yuxarıda sadaladığım bütün faktları nəzərə alaraq biz, 2002- ci ildə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunu (UABD) rəsmən qeydiyyatdan keçirdik. UAK-ın o dövrə qədər inhisarçılıq siyasətini dağıdaraq Ukraynada fəaliyyət göstərən əksər Azərbaycan təşkilatlarını UABD-nin tərkibində birləşdirdik. Hazırda UABD ümum Ukrayna ictimai təşkilatı statusuna malik olmaqla Ukraynada ən güclü Azərbaycan disapor təşkilatıdır. Əminliklə deyə bilərəm ki, UABD nəinki Ukraynada, hətta bütün dünyada fəaliyyət göstərən ən güclü diaspor təşkilatlarından biridir. Bizim daimi fəaliyyətdə olan Diaspora TV internet televizyası, diaspora.tv xəbər portalı, “Azərbaycanın Sözü” qəzeti, dərc edilən kitablar, diaspor məktəbləri, hüquq klinikası və s. buna əyani sübutdur.



- Müsahibələrinizin birində demisiniz ki, “Krımın işğalı Dağlıq Qarabağın işğal ssenarisi ilə üst-üstə düşür. Bu hadisələrdən sonra ukraynalılar bizi daha yaxşı başa düşür”.

- Heç kimə sirr deyil ki, separatçılıqdan əziyyət çəkən istənilən ölkə Dağlıq Qarabağ münaqişəsi zamanı zərərçəkmiş Azərbaycanı daha yaxşı başa düşür. Ukraynada nəinki Krımda, Dontesk və Luqanskda baş verən proseslər Qarabağdakı prosesləri xatırladır. İstər keçirilən “referendumlar”, istər həmin ərazidəki xaos bunu deməyə əsas verir. Dağlıq Qarabağda münaqişənin başlamsından 20 il keçdiyinə görə, bəlkə də birbaşa müqayisə aparmaq düzgün deyil. Amma hazırki vəziyyətin ümumi görünüşü bu müqayisəni qaçılmaz edir. Çünki Qondarma Dağlıq Qarabağda Respublikasında “referendum” keçirilir. Dünya birliyi bu qondarma seçkiləri tanımasa da onlar istədiklərini edirlər. Məsələn, Krımda keçirilən “referendumu” Qarabağda da keçirmək istəyirlər. Amma burda ümumxalq səsverməsi olmalıdır. Ancaq bir vilayətin iştirakı düzgün deyil. Bunları mən əvvəlki çıxışlarımda da demişəm. İndi də təkrar edirəm. Ukraynalılar Azərbaycan xalqıyla dost bir xalq olsa da, bu günə qədər bu acını bu cür yaxından başa düşmürdülər.

-Ukrayanadakı son hadislər zamanı Azərbaycan diasporu hansı mövqeni nümayiş etdirdi?

-Son hadisələr zamanı da Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu haqlı tərəfdə olub. Biz Ukraynanın haqlı tərəf olduğunu düşünürük. Ona görə yox ki, Ukraynada yaşayırıq. İstər Xalq Hərəkatında, istər hazırda gedən proseslərdə hazırki Ukrayna hakimiyyətinin apardığı siyasəti dəstəkləyirik. Bu gün hakimiyyət müxalifətdə olanda da biz onları dəstəkləyirdik.

-Rusiya ilə Ukraya arasındakı münaqişə diaspora fəaliyyətinizə mənfi təsir edibmi?

-Əlbəttə təsir edib. Bizim Krımda, Luqanskda, Donetskdə diaspor təşkilatınımızın nümayəndələri əziyyət çəkib. Biz onları hələ də təşkilatımızın Ukrayna vilayətinin nümayəndəsi kimi tanıyırıq. Amma hər üç bölgədən olan nümayəndələrimiz baş verənlərdən sonra ailələri ilə birlikdə münaqişə ərazisini tərk edib. Burda başqa bir məsələ də var ki, onlar açıq şəkildə Ukrayna təşkilatı olduqlarını bəyan edə bilmirlər. Çünki, hazırda nə Krımda, nə də Donetsk və Luqanskda qanunlar işləmir. Bu da insanların həyatını riskə ata bilər.



-Donetsk və Luqansk vilayətlərində gedən hərbi münaqişə zamanı həmin bölgələrdə yaşayan azərbaycanlıların nə qədəri digər şəhərlərə köçürüldü? Ümumiyyətlə bu gün münaqişə zonasında həmyerlilərimiz yaşayır?

-Hazırda münaqişə zonasında həmyerlilərimiz yaşayır. Çünki onların başqa çıxış yolu yox idi, orda onların illərdir, qurub yaratdıqları mülkiyyətləri var. Amma demək olar ki, böyük əksəriyyət həmin ərazini tərk edib. Bölgədə hərbi əməliyyatlar davam etdiyi üçün dəqiq hesablamalar aparmaq mümkün deyil. Köçənlərin əksəriyyəti Kievə gəlirlər. Hətta bəzi ailələr bizdən Azərbaycana qayıtmaq üçün onlara kömək etməyimizi də xahiş ediblər. Biz həm Kievə, həm də digər bölgələrdə məskunlaşmış məcburi köçkünlərə əlimizdən gələn yardımı göstəririk.

-Ukraynanın cənub-şərqində bugünkü vəziyyəti necə qiymətləndirirsiniz?

-Bu məsələylə bağlı bizim fikrimiz dəyişməz olaraq qalır. Mən bu məsələyə bir ölkənin ərazisinin işğalı kimi baxıram. Buna başqa cür qiymət vermək mümkün deyil. Beynəlxalq hüquq prinsipləri çərçivəsində məsələyə yanaşsaq, görərik ki, bir ölkənin sərhədləri var və bu sərhədlər pozulub, ölkənin ərazisi işğal edilib. Bir hissəsində separatizm hökm sürür. Bu təkcə separatizm deyil, ora xarici qüvvələrin müdaxiləsi var. Ukrayna dövləti həmin separatçılarla bacarmır.

-Ukrayna parlamentində mütəmadi olaraq əlaqədə olduğunuz deputatlar varmı? Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını Ukrayna parlamentində qaldırılmasına səy göstərirsinizmi?

-Əlbəttə ki, bütün ölkələrdəki diaspor təşkilatları bunu istəyir. Əgər söhbət Ukraynadan gedirsə, hazırda bizim Ukrayna Ali Radasında əlaqə saxladığımız, mütəmadi olaraq müzakirələr apardığımız millət vəkilləri var. Ancaq bu məsələ qlobal xarakter daşıyır, ona görə də hansısa bir millət vəkilinin Ali Radada çıxış etməsilə biz məntiqi nəticə əldə edə bilmərik. Bizim mövqeyimiz həmişə belə olub ki, boş yerə səs-küy salmaqdansa konkret hansısa iş görülsün. Məsələn, hər şeyi diasporun üzərinə atmaq olmaz. Əgər Azərbaycan Milli Məclisində Ukraynanın mövqeyi güclü şəkildə qorunsa, onda biz də Ukraynalı millət vəkillərindən konkret nəyisə tələb edə bilərik. Məsələn, tez-tez bizə sual verirlər ki, niyə Ali Rada Xocalı soyqırımını tanımır? Xocalı soyqırımından dəfələrlə artıq insanın həlak olduğu Qolodomor soyqırımı olub. Ukraynalı millət vəkilləri də bizə bildirirlər ki, onda siz də Azərbaycan Milli Məclisində Ukraynada 40-cu illərdə baş verən bu soyqırımın tanıdılması məsələsini qaldırın. Sözsüz ki, bu zaman Azərbaycanın digər bir xarici dövlətlə münasibətləri korlana bilər. Ona görə də, “Ukrayna dövləti niyə bunu etmir?”, “Ali Rada niyə onu etmir?” deyə tənqidlər yazan Azərbaycan mətbuatına demək istəyirəm ki, məsələyə birtərəfli yanaşmaq lazım deyil. Necə ki, azərbaycanlı jurnalistlər Ukrayna-Ermənistan münasibətlərinin inkişafını qabardırlar, eləcə də ukraynalı jurnalistlət Azərbaycan-Rusiya münasibətlərindən danışır.



-Ukraynanın dövlət strukturlarında təmsil olunan ermənilər var. Bəs bizim? Dövlət struktrunda azərbaycanlıların olması bizim xeyrimizə olmazı?

- Hazırki hakimiyyət Ukrayna tarixində ilk hökümət deyil ki, onun tərkibində ermənilər çalışıblar. Ukraynanın aparıcı müxalifət partiyalarında, iqtidar partiyalarında da ermənilər olub. Hətta eks-prezident Viktor Yanukoviçin oğlu erməni təşkilatının rəhbərinin uşağının xaç atasıdır. Amma Yanukoviçin özünə qarşı da mübarizə aparan ermənilər var idi. Onlardan biri də Arsen Avakov idi, hansı ki, hazırda Ukraynanın Daxili İşlər Naiziridir. O, Xalq Hərəkatı zamanı Maydanın “kommendantı” idi. Yəni hələ o vaxt gözlənilirdi ki, hakimiyyətin dəyişəcəyi təqdirdə Bakı ermənisi olan Avakov hansısa vəzifəni tutacaq. Amma dövlət strukturlarında kifayət qədər azərbaycanlılar da var. Son dövrlərdə artıq Azərbaycanda kifayət qədər yaxşı tanınan Roman Nasirovu misal göstərmək olar. O, əvvəlcə Ali Radaya deputat seçildi, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri oldu, hazırda isə Roman Nasirov Ukraynada Fiskal Xidmətin rəhbəridir.

-Bildiyiniz kimi Xocalıya ədalət kompaniyası dünyanın dörd bir yanında Xocalıya ədalət istəyir. Bu ədalət kompaniyasında Ukranya diasporasının tövhəsi nə qədərdir? Və bu tövhəni hansı formada verir?

-Sözsüz ki, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi və Rusiyada fəaliyyət göstərən AMOR təşkilatının təşəbbüsü ilə artıq neçə illərdir “Xocalıya Ədalət” kompaniyası çərçivəsində ciddi addımlar atılıb. Biz də Xocalı soyqırımının tanınması məqsədi ilə əlimizdən gələni edirik. Buna misal kimi, 1992-ci ilin fevralında Xocalıda baş verənləri öz gözləri ilə görən ukraynalı pilot Leonid Kravets haqqında “Cəhənnəmi görmüş pilot” adlı sənədli filmi göstərə bilərik. Bu filmin bir çox ölkələrdə, o cümlədən, Moskvada təqdimatı olub. Bundan əlavə cari ilin fevarl ayında Kievin ən böyük otellərindən birində, Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı ilə rekviem konsert keçirildi. Bu konsert-rekviemdə bir neçə ölkənin səfiri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Ancaq biz düşünürük ki, bunlar kifayət etmir. Çünki Azərbaycan dövləti, xüsusilə Milli Məclisi buna konkret hüquqi qiymət verməlidir. Plakatlar çap etmək, yürüşlər təşkil etmək, göyə şarlar buraxmaq sözsüz ki, bunlar öz yerində. Amma rəsmi dövlət orqanları da Xocalı soyqırımına hüquqi qiymət verməlidir. Beynəlxalq məhkəmələrə müraciət edilməlidir. Əlbəttə ki, diaspor təşkilatları iş aparır. Amma bunlar hamsı pərakəndə şəkildədir. Bütün bu işlər vahid mərkəzdən koordinasiya olunmalıdır.

- Ümumilikdə, Ukrayanda qeyri-millətlərə göstərilən munasibət necədir?

-Ukrayna dünyanın ən tolerant ölkələrində biridir. Bu ölkədə ruslar, yəhudilər, rumınlar, polyaklar , müasir dövrdə azərbaycanlılar və s. yaşayıblar. Bu ölkə o qədər tolerantdır ki, hazırda Ukraynanın bir neçə naziri başqa millətin nümayəndəsidir.

-Çox vaxt xaricdə yaşayan azərbaycanlıların miqrasiya ilə bağlı ciddi problemləri olur. Bu problem Ukraynada yaşanır?

-Dünyanın bütün ölkələrində miqrasiyayla bağlı problemlər var. Hətta Ukrayna vətəndaşı olan azərbaycanlılar Azərbaycana gedəndə də eyni problem yaşayır. Çünki, 10 gün müddətinə qeydiyyata düşməlidir. Məsələn, Türkiyəyə gedən azərbaycanlı orda 3 ay müddətinə qala bilər. Amma öz vətəninə gedən azərbaycanlı başqa ölkənin vətəndaşıdır deyə 10 gündən artıq qeydiyyatsız qala bilməz. Mən düşünürəm ki, ən azından, milliyyəti azərbaycanlı olan başqa ölkələrin vətəndaşlarına bu qanunda hansısa güzəştlər olmalıdır. Azərbaycana gələn hindistanlı ilə azərbaycanlını qanun çərçivəsində eyniləşdirmək düzgün deyil. Ukraynaya gələn insanlar üçün isə qeydiyyata düşmək çətin deyil. Bir halda ki, bununla məşğul olsunlar. Ölkənin miqrasiya haqqında qanunu da buna imkan verəcək qədər sadədir.



- Bildiyim qədəri ilə Ukraynada əcnəbi tələbələrin sayına görə azərbaycanlı tələbələr ikinci sıradadır. Azərbaycan diasporasının formalaşmasında xaricdə təhsil alan azərbaycanlı tələbələr rol oynayırmı?

-Adətən tələbələrin diaspor fəaliyyəti ilə məşğul olmağa həm vaxtları, həm də həvəsləri olur. Əfsuslar olsun ki, Ukraynada təhsil alan tələbələrin bir çoxu Azərbaycanda aşağı bal toplayır və sonradan müqavilə əsasında bura təhsil almağa gəlir. Onların təhsil səviyyəsi bizi də heç qane etmir. Biz dəfələrlə bəzi universitet rəhbərlikləri ilə də bu məsələni müzakirə etmişik. Amma istənilən ölkənin vətəndaşı müqavilə əsasında Ukrayna da təhsil ala bilər.

Diaspor fəaliyyətinə gəldikdə isə nəinki tələbələr, istənilən peşə sahibi diasporda fəaliyyət göstərmək üçün ona inanmalıdır. Bu inam da ideoloji proqramdan irəli gəlir. Biz çalışırıq ki, bizim maraqlı ideoloji proqramımız olsun ki, həm tələbələr, həm də yaşlı nəsil iştirak edə bilsin.

Müsahibəni hazırladı: Şahverdi Şirinli

Açar sözlər:

Oxunub: 3048