“Bizə heç kim kömək etməyib, etmir və etməyəcək” - İlham Əliyev


03:49     10 May 2016 ilham%20e1.jpg

“Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir”.



Femida.az -ın məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Ermənistan ilə Azərbaycan arasındakı fərq göz qabağındadır: “Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər. Beləliklə, bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Biz ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əlbəttə ki, beynəlxalq norma və prinsiplər əsas rol oynayır. Amma biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik”.

Dövlət başçısı deyib ki, Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır: “Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox böyük uğurla keçirilibr. Keçən il Avropa Oyunları böyük uğurla keçirilib, gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. Bu və digər mötəbər tədbirlər dünyanın diqqətini cəlb edir. Bu, bizim dövlətimizi gücləndirir. Əfsuslar olsun ki, Ermənistan, onun xaricdəki havadarları və erməni lobbisinin nümayəndələri uzun illərdir bizə qarşı çirkin kampaniya aparırlar. Onlar böhtan, şər, qarayaxma kampaniyası aparırlar ki, bizi ləkələsinlər. Onların geniş maliyyə imkanları var. Bir çox hallarda onlar başqa müəlliflərin arxasında gizlənərək müxtəlif mətbu orqanlarda Azərbaycana qarşı qərəzli və təhqiredici yazılar da dərc edirlər, daim anti-Azərbaycan kampaniyası aparırlar. Onların bir nömrəli hədəfi Azərbaycandır. Belə olan halda, əlbəttə ki, biz öz həqiqətlərimizi, real vəziyyəti dünyaya çatdırmalıyıq. Əlbəttə, bu istiqamətdə bir çox işlər görülür. Ancaq Bakıda, Azərbaycanın digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər. Görürlər ki, bu, müasir, inkişafda olan ölkədir. Görürlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Görürlər ki, Azərbaycanda insanlar rahat, demokratiya şəraitində yaşayırlar. Azərbaycanda insan haqları qorunur, bütün azadlıqlar mövcuddur”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan sürətli inkişaf yolundadır: “Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməyib, etmir və etməyəcək. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir. Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaq. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1389