Azərbaycan filmləri Kann festivalında


14:09     12 May 2016 qirizi.jpg

Fransada keçirilən 69-cu Kann Beynəlxalq Film Festivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosu pavilyonu təşkil olunub.


Femida.az xəbər verir ki, bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu nazirliyin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edirlər.

“Azərbaycanfilm” kinostudiyası cari ildə Kann kino bazarına “Qırmızı bağ”, “İçəri şəhər”, “Yarımçıq xatirələr”, “4.1 Şəhər motivləri”, “Keçmişdən məktublar”, “Həddən artıq uyğunluq” və “Xeyirlə Şərin rəqsi” bədii filmlərini təqdim edib. Filmlərimiz dünyanın yüzə qədər ölkəsindən gəlmiş distribyutor şirkətlərinin diqqətinə çatdırılıb.

Eyni zamanda, istehsalın müxtəlif mərhələlərində olan “Üç gün və bir ömür”, “Nar bağı”, “Köşk” bədii filmləri kino bazarının xüsusi bölməsinin iştirakçılarıdır.

Festival çərçivəsində dünya kino sənayesinin tanınmış nümayəndələri ilə öncədən razılaşdırılmış cədvəl üzrə işgüzar görüşlər həyata keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 779