Azər Rəşidoğluna CAVAB


16:18     18 İyun 2015 2018/12/azerrashidoghlu_1544702682.jpg

Bir neçə gün bundan əvvəl siyasi analitik Azər Rəşidoğlu Azərbaycanda gedən siyasi proseslərlə bağlı köşə yazısı dərc etdirib. O, öz köşəsində Azərbaycanda parlament seçkiləri yaxınlaşdıqca etiraz aksiyalarının genişlənəcəyi, Yaxın Şərqdə olduğu kimi marginal dini qrupların meydana çıxa biləcəyi ehtimalını vurğulayıb.


Əvvəlcə onu qeyd edim ki, Yaxın Şərqdə baş verən proseslər və gəldiyimiz yekun nəticə onu deməyə əsas vermir ki, bütün bu hadisələr xalqın mövcud rejimə qarşı “Allahu Əkbər” çağırışı ilə hakimiyyətin mübarizə əzmini qırması fonunda baş verib… Düzdür, bu proseslərdə Misir xalqı yaxından iştirak etdi və demokratik yolla prezident seçdikləri Məhəmməd Mursini devirdi. Lakin bu əslində “Aysberq” - in görünən tərəfləridir.

Misirin devrilmiş prezidenti demokratik seçkilər yolu ilə xalqın böyük bir qisminin dəstəyini qazanaraq hakimiyyətə gəlmişdi. Onun hərbi yolla öz postundan uzaqlaşdırılmasının kökündə isə regionda maraqlı dövlətlərin apardığı siyasi “oyun” dayanırdı. Mursi böyük dövlətlərin regionda olan geostrateji maraqlarına cavab verməyən siyasi lider idi və onun hakimiyyətdən devrilməsinin kökündə də məhz bu amil mühüm rol oynadı. Mursi hökuməti öz fəaliyyətində Qəzzadakı “Həmas” təşkilatına yaxınlığını dəfələrlə nümayiş etdirmişdi. Bu baxımdan İsrail Mursi hakimiyyətindən ən çox narazı dövlətlərin başında gəlirdi. Mursi hakimiyyətinin İran və Türkiyə ilə yaxınlaşmaq xətti götürməsi ABŞ-ı narahat etməyə bilməzdi. Bununla, ABŞ və müttəfiqlərinın Misirdəki mövcud rejimə qarşı münasibəti birmənalı deyildi. Çevrilişin əsas müəllifi olan Misir Ordusunun ABŞ-dan milyardlarla yardım alması da ictimaiyyətə sızan məlumatlar içərisindədir. Bütün bu faktorlar isə “Aysberq” - in görünməyən tərəfləridir və nəticədə Mursi hakimiyyətinin devrilməsinə gətirib çıxardı.

Fikrimcə, Azərbaycandakı siyasi hakimiyyətin Yaxın Şərqdə baş verən proseslərin ölkəmizdə də davam etməsi ilə bağlı təşvişə düşməsi üçün heç bir əsas yoxdur. Azərbaycan xalqının mövqeyi bizə belə düşünməyə əsas verir. Çünki xalqımız anlayır ki, bu inqilablardan ən çox zərəri məhz ərəb xalqlarının özləri gördülər və görməyə də davam edirlər.

Bir sözlə, Təhrir meydanında olduğu kimi, Bakıda da din adı altında etiraz aksiyaların keçirilməsi mümkün deyil. Çoxları bir neçə il bundan əvvəl də Azərbaycan xalqının inqilab yolunu seçəcəyini düşünsələr də, ehtimallar özünü doğrultmadı və belə fikirləşənlər yanıldılar. Azərbaycan xalqı Qərbin fitnəsinə uymadı və Ərəb xalqlarının seçdiyi inqilabi yolu qəbul etmədi. Düşünürəm ki, parlament seçkilərinə qədərki vaxt periodunda da Təhrir meydanında olanların Azadlıq meydanında baş tutacağı inandırıcı deyil, çünki Azərbaycan xalqı ağı qaradan, pisi yaxşıdan ayırd etməyə qadir xalqdır və heç vaxt bu ağrılı yolu seçməz.
Nəticə etibarilə Yaxın Şərq nümunəsi Azərbaycan üçün bir örnəyə çevrilə bilməz.


Femida.az

Açar sözlər:

Oxunub: 1716