AXCP üzvü dələduzluqda ittiham olunur


18:36     18 İyun 2015 AXCP.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvü Asif Yusifli və Rafiq Hüseynovun məhkəmə iclası keçirilib.


Femida.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hazırlıq prosesi baş tutub.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320 (sənədlərin saxtalaşdırılması) maddəsi ilə təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib.

Vəkil Fəxrəddin Mehtiyev çıxış edərək A.Yusiflinin zərərçəkənə dəyən zərəri ödədiyini və zərərçəkənin heç bir şikayəti olmadığı haqda ərizə verdiyini bildirib: "Buna görə də xahiş edirəm, Cinayət İşinə xitam verilsin və həbs qətimkan tədbiri ləğv edilsin. Asif Yusifli Qarabağ əlilidir, övladları var, biri də ağır xəstədir. Xahiş edirəm, bunlar da nəzərə alınsın".

Prokuror çıxış edərək bildirib ki, zərərçəkənin mövqeyi məhkəməyə bəlli deyil, o prosesə qatılmayıb. Buna görə də cinayət işi məhkəmə baxışına göndərilsin.

Hakimlər kollegiyası müşavirəyə gedib və qərar elan olunub. Vəkilin vəsatətləri təmin olunmayıb, məhkəmə işi baxışa göndərilib. İlkin baxış iclası iyulun 2-i saat 10:30-a təyin olunub.

Qeyd edək ki, AXCP ali məclisinin üzvü Asif Yusifli vətəndaş Fəridə Zülfüqarovanın 7 min 700 manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.

Açar sözlər:

Oxunub: 980