“Coca-cola”dan zəhərlənən oğlan ölmədən öncə ifadə verib?


15:28     20 May 2016 koko%20kola2.jpg

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov “Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb.


Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib ki, ilkin məlumata görə, Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov içkinin içərisinə dərman ataraq öz venasına vurması səbəbindən ölüb.

Daha sonra DİN rəsmi saytındakı məlumatda dəyişiklik edərək “Coca-cola” sözünü “qazlaşdırılmış içki” ilə əvəz edib. “Coca-cola” şirkətindən rəsmi açıqlama olacağını bildirsələr də, cavab verilməyib.

Görünən odur ki, şirkətin işə qarışmasından sonra DİN məlumatda dəyişiklik etməyə vadar olub... Və bu, M.Nəsirovun damarına “Coca-cola”ya dərman qatılaraq vurulması faktına kölgə salır.

Məsələ ilə bağlı Xocavənd rayonu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İltifat İbrahimov Modern.az saytına bu gün mərhumun 3 mərasiminin keçirildiyini deyib:

“Hadisədən xəbər tutanda mən səhər saat 08:00-09:00 radələrində xəstəxanaya getdim. Həmin vaxt Murad artıq keçinmişdi”.

İ.İbrahimov mərhumun müstəntiqə ifadə verdiyini bildirib:

“Yaxınları mənə bildirdi ki, müstəntiq izahat alanda Murad bir neçə gün əvvəl aldığı “Coca-cola”nı içdikdən sonra zəhərləndiyini deyib”.

Mərhumun anası ilə əlaqə saxlamaq istəsək də, İ.İbrahimov onun mobil telefonu, həmçinin yaşadıqları binada ev telefonu olmadığını qeyd edib.

“Məcburi köçkün ailəsi kənddəki “556 mənzilli hündürmərtəbəli yaşayış massivi”nin sakinləridir. Onu da deyim ki, Murad Nəsirov əslən Kəlbəcərdən olan və Qarabağ uğrunda döyüşlərdə şəhid olan Əfqan Nəsirovun oğludur”.

Açar sözlər:

Oxunub: 1037