Respublika Günü Astanada qeyd edilib


03:57     22 May 2016 Respublika%20Günü%20Astanada%20qeyd%20edilib.jpg

Qazaxıstanın paytaxtı Astanada 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib. Bayram tədbirində Qazaxıstanın energetika naziri Kanat Bozumbayev, parlamentin deputatları, hökumət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər, tanınmış elm, mədəniyyət adamları, ictimai xadimlər, jurnalistlər və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfirliyi bu ölkədə tanınan azərbaycanlı xalça ustası Zakir Binnətlinin xalça kolleksiyalarından ibarət sərgi də təşkil edib.

Azərbaycanda keçiriləcək Formula 1 yarışı ilə bağlı nümayiş etdirilən videoçarx tədbir iştirakçılarında böyük maraq doğurub. Sonra Azərbaycan və müasir Bakı haqqında film təqdim edilib. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Rəsmi qəbulda çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat verib. O, deyib ki, 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti böyük işlər görülüb.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mühüm xidmətləri olub. Bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdırıb.

Qazaxıstanın energetika naziri Kanat Bozumbayev Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib, ölkələrimiz arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də faydalı əməkdaşlıq etdiyini vurğulayıb.

Sonra məşhur caz ustası, Xalq Artisti Cavan Zeynallının ifasında konsert proqramı təqdim edilib, ziyafət verilib.

Açar sözlər:

Oxunub: 1041