Metsamor: Dinc soyqırım - İğdırdan reportaj (VİDEO)


15:05     27 May 2016 met-s%20DSC_0265.jpg

Femida.az ermənilərlə üz-üzə...


Öz torpağını gəzmək həzzdir. Yol uzandıqca “buralar da bizimdir” hissi insanın canına yağ kimi yayılır.

… “Dost eli dərdindən
Mən yana-yana”


Yol uzanır. İğdıra, iki ayrı canı birləşdirən damara aparır. İğdır mənim üçün Ağrı dağı, Əli Çəmən deməkdir. Düşmənə göz dağı olan Ağrı dağı deməkdir.
İsmayıl Çəməni bilənlər bilir. Qərbi Azərbaycanın Vedibasar mahalında doğulan İsmayıl Çəmən 1920-ci illərdə ermənilərin azərbaycanlılara tutduğu divana sinə gərən, başının dəstəsi ilə ömrünü xalq yoluna qoyan qəhrəmandır.



İğdır torpağının hər qarışı qanla yoğrulub. Bu torpaqlarda minlərlə türkün qanı axıdılıb. Bəli, bu torpaqlarda soyqırım olub. Türklər tikə-tikə doğranıb, uşaqların başı analarının gözü qarşısında kəsilib. Körpələrin gözlərindən təsbehlər düzəldilib. Yaşlılar diri-diri quyulara atılıb.

Türklərə qarşı soyqırım davam edir

Əsrlər keçib. Türkün axan qanı, ermənilərin nifrəti, vəhşiliyi dayanmır. Düşmən bu dəfə toxunmadan canlar alır… İğdırın əhalisinin böyük bir hissəsini azərbaycanlılar təşkil edir. Radiasiyadan əziyyət çəkən Alican orta köy, Mələkli, Qacar, Daşburun, Nəcəfalı, Qasımcan, Haqməmməd kəndlərinin sakinləri ya əsrlərlə bu torpaqların sahibi olmuş azərbaycanlılar, ya da ki, erməni zülmündən canını götürüb qaçmış İrəvan, Vedi camaatıdır.

İğdırın dağları başı dumanlı…



İğdır indi daha çox Sumqayıtın zəhər saçan dövrünü xatırladır. Göy üzü qapqara, insanlar əzgin, bir vaxtlar yaşıllığı, torpağının münbitliyi ilə ad çıxaran yerlər əkin-biçinsiz…

İğdırda erməni terroru var gücü ilə davam edir. Metsamor Atom Elektrik Stansiyası İğdırdan 500 metr məsafədə yerləşir. Mütəxəssislərin fikrincə, maksimum radiasiya 6 ola biləcəyi halda , İğdırda radiasiya dərəcəsi 13-dür. Metsamor Elektrik Stansiyası 1988-ci il zəlzələsindən sonra bağlansa da, bütün beynəlxalq təşkilatlar qarşı çıxsa da, Rusiyanın maddi və texniki güclə təmin etməsinin sayəsində 1989-cu ildə yenidən fəaliyyətə başlayıb. “Metsamor” soyutma sisteminin suyunu Araz çayı təmin edir. Köhnə texnologiya ilə tikilən, dəfələrlə partlamaq təhlükəsi ilə qarşılaşan zavod zəhərli maddələri filter sistemi olmadan havaya buraxır. Qalan axıntı suları isə İğdırın içməli su və suvarma sisteminə qarışır. Beləliklə, bütün İğdırın indisi, gələcəyi zəhərlənir. Uşaqlar radiasiyalı su içir, radiasiyalı su ilə suvarılmış meyvə və tərəvəzləri yeyir. Heyvanlar radiasiyalı qrunt sularını canına çəkmiş otlaqlarda otlayır.

Azərbaycanlılar qram-qram əriyir…



Yerli əhali təhlükənin hansı həddə olduğunun fərqindədir. Onlar bu atom stansiyasına “Metsamor” yox, “Çernobıl” deyir. Gəzdiyim Alican, Daşburun, Qacar kəndlərindəki həmyerlilərimiz deyir ki, bu kəndlərdə yalnız bir xəstəlik var, o da xərçəng. Elə ev yoxdur ki, radiasiyadan əziyyət çəkən adam tapılmasın. Radiasiya nəticəsində yaranmış xəstəliklərdə istifadə edilən dərmanlar isə Türkiyədə istehsal edilmir. Bu dərmanlar çox böyük çətinliklə xaricdən gətirilir. Yeganə ümid yeri əkin-biçin olan əhalinin isə maddi vəziyyəti xaricdən gəlmiş dərmanları əldə etməyə imkan vermir.

İğdırda hamilə qalıb normal uşaq dünyaya gətirmək möcüzədir. Ana bətnindəki döl ya 3-4 ay yaşayır, ya da şikəst doğulur. Hər sakin anemiyadan əziyyət çəkir. Körpə uşaqlar qan xərçəngindən, qadınlar döş xərçəngindən əziyyət çəkir. Xərçəngin ən çox yayılan növü isə ağciyər xərçəngidir. Bu insanların yeganə günahı Ermənistan kimi terrorçu, heç bir beynəlxalq qaydaları qəbul etməyən ölkə ilə həmsərhəd olmalarıdır.



Hardan haraya…

İğdır Osmanlı İmperiyasına ən son qatılan Səfəvi ərazisidir. Dünyanı ovcunda oynadan Osmanlı sultanlarına sözünü deyə bilən torpaq gözlə görünməyən, əllə tutulmayan, mübarizə aparmağın öz əlində olmadığı bəla ilə üzləşib. Bu kəndlərdə hələ də 10 kişidən doqquzunun adı İsmayıl yox, məhz Şah İsmayıldır. Şahlıq da, İsmayıllıq da yalnız adlarda qalıb. İndi İğdıra Şırnak vilayətindən PKK terrorundan əziyyət çəkən kürdlər köçürülür. İllərlə Azərbaycan dilini, adətlərini, qaydalarını yaşadan, hər küçəsində Azərbaycan bayrağı dalğalanan İğdırın etnik tərkbi dəyişdirilir. Digər tərəfdən isə xəstə, şikəst əkin-biçinsiz azərbaycanlılar köç etmiş kürdlər tərəfindən sıxışdırılır. Hazırda əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən İğdırın bələdiyyə sədri də kürd əsillidir. Əhalinin tərkibin dəyişməsi isə gələcəkdə yerli sakinlər olan azərbaycanlıların sıxışdırılması və artan kürdlərin Ermənistanla sərhədlərinin açılmasının xəbərçisidir.

“Metsamor” un heyvan qətliamı

İğdırdakı heyvanlar ikibaşlı, ikiçənəli, üçayaqlı doğulur. Müxtəlif anomaliyalarla doğulan heyvanların ömrü qısa olur. İğdırın körpə uşaqları iki başı olan inəkləri, ikiçənəli atları fantastik cizgi filmlərindən yox, gündəlik həyatlarından tanıyır.

“Yaşıl İğdır” yoxa çıxıb…



İğdırın bitki örtüyü, əkin-biçin sahələri tənəzzül dövrünü yaşayır. Əhali günlərlə əziyyət çəkib yetişdirdiyi, lakin məhsul ala bilmədiyi torpaqlar radiasiyalı qrunt suları ilə yuyulur. Sakinlər sahələrdən aldıqları cüzi meyvə-tərəvəzi övladlarına qorxa-qorxa yedirdir.

Naxçıvanı gözləyən bəla

İstifadə müddət çoxdan bitmiş “Metsamor” İğdırla 500 metr yaxınlıqda yerləşir. Naxçıvanla İğdır arasındakı məsafə isə 212 km–dir. Beynəlxalq qaydalara görə ,nüvə silahı yalnız və yalnız dəmir yolu vasitəsi ilə daşına bilər. Ermənistan isə bütün məsələlərdə olduğu kimi, bu vəziyyətdə də qaydalara riayət etmir. “Metsamor”dan nüvə silahı hava yolu ilə daşınır. Bu isə o deməkdir ki, həmin təyyarələrdən biri partlayarsa, Naxçıvan, Ermənistan, İğdır, Qars, Van, Ardahan, Antep və.s dünya xəritəsindən silinəcək. Ermənistan bunu bildiyi halda “Metsamor” fəaliyyətini davam etdirir.

Onu da qeyd edim ki, İğdırdakı qədər ağır olmasa da, Naxçıvanda da xərçəng xəstələrinin sayı artır.



“Metsamor”- terrorçuların qidası

“Metsamor” şüalanması, radiasiyası, havaya və suya axıtdığı zəhərdən əlavə terrorçuların “çirkli bomba” düzəltməsi üçün əla vasitədir. Stansiya terrorçuların asan nüvə silahı əldə edə bilməsi üçün ən strateji bölgədə yerləşir. Bu ərazidə PKK və İŞİD terrorçularının silah əldə etməsi istisna edilmir. Belə ki, 2012-ci ildə də Gürcüstanda qaçaq yolla satışı qadağan edilmiş nüvə silahı və müxtəlif təhlükəli maddələr daşıyan erməni dəstəsi həbs edilmişdi. İstintaq nəticəsində bu dəstənin bir neçə üzvünün “Metsamor” Atom Elektrik Stansiyasının əməkdaşı olduğu təsdiqləndi.


“Metsamor” və Qarabağ



Aprel ayında Ermənistanın atəşkəsi pozması nəticəsində Azərbaycan ordusu 3 gün ərzində 31 şəhid verdi. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin verdiyi rəsmi açıqlamada bildirilirdi ki, Ermənistan ordusu dəfələrlə Azərbaycana qarşı qadağan olunmuş silahlardan, həmçinin fosforlu bombalardan istifadə edib. Bu fosforlu bombalar isə “Metsamor”dakı nüvə tullantılarından istehsal edilir.

Kənd-kənd Metsamor




Gəzdiyim bütün İğdır kəndləri Metsamor Atom Elektrik Stansiyasının ağrı-acısını, zəhərini canında, qanında daşıyır. Şüalanmanın fəsadları hər yerdə görünür. Gəzdiyim kəndlərdə sağlam görünüşlü sakinə rast gəlmək mümkün deyildi. Qacar, Daşburun, Mələkli, Alican, Qazançı sakinlərindən sağlam dişi olan, beli bükülməyən, saçı vaxtsız ağarmayan insana rast gəlmək çətin idi.

ANONS :

Növbəti hissədə Türkiyə Ekologiya Nazirliyinin İğdır rəsmisinin video müsahibəsi, İğdırın əczacılıq sahəsi üzrə əsas təminatçısı və ASİM DER( Erməni Yalanları ilə Beynəlxalq Mübarizə Dərnəyinin sədri) ilə Metsamor Atom Elektrik Stansiyasının İğdıra verdiyi zərər, sakinlərin əziyyət çəkdiyi xəstəliklər və “Metsamor”la bağlı Ermənistanı geriyə addım atmağın yolları haqda geniş video reportajlar təqdim ediləcək.



Günay Arda, İğdır
Femida.az

Açar sözlər:

Oxunub: 7741