“İrəvan Osmanlıların təhriki ilə Ermənistana verildi” – Müsahibə (VİDEO)


13:40     28 May 2016 13282367_788205514648981_1317166548_o.jpg

“Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin yeganə “çatışmazlığı” rüşvətin nə olduğunu bilməmək olub”


Femida.az-ın növbəti müsahibi hər dəfə Azərbaycan Xalq Cümhuriyyətindən danışarkən sevinc göz yaşlarını saxlaya bilməyən dünya şöhrətli tarixçi-alim, professor Anar İskəndərovdur.

Müsahibəni oxuculara təqdim edirik.

- Azərbaycan Xalq Cümhuriyyət hansı tarixi şəraitdə yarandı?

- Böyük Məhəmməd Əmin Rəsulzadə yazır ki, Birinci Cahan Müharibəsi baş verməsəydi, Fevral burjua inqilabı olmazdı. Fevral inqilabı baş verməsəydi, Azərbaycan Xalq Cümhuriyyəti yaranmazdı. Birinci Dünya Müharibəsinin nəticəsində Çar Rusiyası dağıldı. İmperiyanın dağılması ilə ayrı-ayrı xalqlar müstəqilliyə can atdılar. Bu xalqlardan biri də Azərbaycan idi....



- Cümhuriyyətin əldə etdiyi ən böyük uğurlar nələrdir?


- AXC heçdən var olan bir dövlət idi. 28 may 1918-ci il tarixində özgə ərazidə 22-24 nəfərin iştirakı ilə dövlət elan olunur. Təsəvvür edin, elan olunan dövlətin paytaxtı yox, ordusu yox, büdcəsi yox, sərhəddi yox. Bütün bunlar böyük problemlər idi. Amma bu dövlət 23 ay ərzində nə lazımdısa, hamısını etdi. Coğrafi məfhum olan Azərbaycan ifadəsi siyasi anlama çevrildi. Dövlət Azərbaycan adlandı. Dünyaya da bu adla bəyan olundu. Həmin tarixə qədər Azərbaycan adlı dövlətimiz olmayıb. Yeni yaranmış dövlətin orduya ehtiyacı var idi. Çünki Bakıda Şaumyanın rəhbərliyi ilə Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. O, Azərbaycan xalqına və AXC-yə düşmən idi. Əslində Azərbaycanın demək olar ki, əksər bölgələri daşnak-bolşevik qüvvələrinin əlində idi. Ordumuzun olmamasının obyektiv səbəbləri var idi. Çünki Çar Rusiyası dövründə azərbaycanlılar hərbi mükəlləfiyyətdən azad idilər. Bu baxımdan daxili siyasətdə əldə etdiyimiz ən böyük uğurlardan biri ordumuzun yaradılması idi. Təsadüfi deyil ki, Cümhuriyyət süquta uğrayan zaman 40 min nizami orduya sahib idik. Digər böyük uğur Bakının işğaldan azad edilməsi və müstəqil dövlətin paytaxtı elan olunması idi. Nuru paşa başda olmaqla Qafqaz İslam Ordusunun Azərbaycana köməyə gəldi. Azərbaycanlı könüllülər də onlara qoşuldu...



- 29 may 1918-ci il tarixində Milli Şurada ciddi müzakirələr gedir və tarixi Azərbaycan torpağı olan İrəvan Ermənistana verilir. Sizcə, AXC hakimiyyətinin çıxardığı bu qərar tarixi zərurətdən qaynaqlanırdı, yoxsa Milli Şuranın böyük səhvi kimi qiymətləndirilməlidir?

- Əslində 1918-ci ilin 29 may tarixinə təsadüf edən Milli Şuranın 3-cü iclası həmin məsələyə həsr olunmuşdu. İrəvanın Ermənistana verilməsi ilə bağlı yalnız arxiv sənədlərinə söykənərək fikir söyləmək lazımdır. Bugünkü gənclik Azərbaycan Xalq Cümhuriyyətinin hansı iztirabları çəkdiyini nəzərə almadan çox fikir bildirə bilər. Amma reallıq ondan ibarətdir ki, 1918-ci ilin 29 may tarixində kağız üzərində elan olunan dövlət var idi, dövlətin özü isə yox idi. 6 maddədən ibarət İstiqlal Bəyannaməsi elan edilmişdi. Bundan başqa ortada heç nə yox idi. Mayın 28-də Azərbaycan və Ermənistan müstəqilliyini elan etdi. Həmin vaxt İrəvan ətrafında minlərlə silahlı erməni var idi. Həmin silahlılar Osmanlı ərazilərində öz məqsədlərinə nail ola bilmədiklərinə görə İrəvan və digər Azərbaycan ərazilərinə köç etmişdilər. Amma elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin heç nəyi yox idi. 1918-ci ildə Cənubi Qafqazla bağlı hökmü Osmanlı dövləti verirdi. Birinci dünya müharibəsində məğlubiyyətə düçar olmuş Osmanlı dövləti fikirləşirdi ki, nəyin bahasına olursa-olsun, Erməni dövləti Osmanlı ərazilərindən kənarda yaradılmalıdır. İrəvan da Osmanlıların təhriki ilə Ermənistana güzəştə gedildi. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin və müvəqqəti Milli Şuranın İrəvanı Ermənistana verməkdən başqa çarəsi yox idi. Milli Şurada çıxış edənlər də bildirir ki, bu, böyük bəladır, ancaq başqa yol da yoxdur. Bu danışıqlar arxiv sənədlərində öz əksini tapıb. Bugünkü gözlə baxdıqda AXC hakimiyyəti ittiham edilə bilər. Amma məsələyə həmin dövrün gözü ilə baxmaq lazımdır. May ayının 28-də elan olunan dövlətin 29 may tarixində bir dənə də olsun əskəri yox idi. Həm də dövlət Gürcüstan ərazisində elan olunmuşdu. Bu gün kiminsə AXC dövrünün siyasi xadimini ittiham etməsi çox sadədir. Lakin ədalət naminə qeyd etmək lazımdır ki, AXC-nin İrəvanın Ermənistana verilməsi ilə bağlı qəbul etdiyi qərar məcburi gediş idi. İrəvan Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin öz arzusu ilə Ermənistana verilməyib. Tarixi şəraiti nəzərə almadan tarix haqqında fikir söyləmək yanlışdır. Tarixi şəraiti də bizə çatdıran tarixi sənədlərdir...



- Əlimizdə İrəvanın Ermənistana verilməsini təsdiq edən tarixi sənədlər var?

- Əlbəttə ki, var. Azərbaycan Milli Şurasının üçüncü iclası birmənalı olaraq həmin məsələyə həsr olunub. Fətəli xan Xoyskinin, Məhəmmədhəsən Hacınskinin çıxışları hamısı tarixi sənəd kimi əlimizdədir. Bütün çıxışlarda İrəvanın məcburən güzəştə gedildiyi vurğulanır. Bildirilirdi ki, bu gediş edilmədən Cənubi Qafqazda sülh və əminamanlıq bərqərar olmayacaq. İrəvanın Ermənistana 100 il müddətinə verilməsi də cəfəngiyatdan başqa bir şey deyil. Bunlar kiminsə arzu və istəkləridir. Mən də istəyərəm ki, deyilənlər doğru olsun...



- AXC-nin süqutunda Rusiyapərəst siyasətçiləri günahlandırmaq olar?

- Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi 4-cü hökumət istefa verdikdən sonra yeni hökumət qurmaq Məhəmmədhəsən Hacınskiyə tapşırıldı. O isə artıq bolşevik olduğunu bildirərək bu təklifi qəbul etmir. Düzdür, Hacınski Rusiyapərəst siyasətçi idi. Amma nəzərə almalıyıq ki, həmin dövrdə bütün ətraf ərazilər, Ermənistan, Gürcüstan, Mərkəzi Asiya, hətta 1839-40-cı illərdə Latviya, Litva kimi ölkələr də Rusiya tərəfindən işğal olunmuşdu. Yox əgər həmin ərazilər işğal edilməsəydi, biz Məhəmmədhəsən Hacınskini günahlandıra bilərdik. Amma belə olmadı. Çar Rusiyası Sovet Rusiyası adı altında yenidən bərpa olunurdu. Buna görə də biz AXC-nin süqutu məsələsində kiminsə kiçik bir şıltaqlığını böyüdərək əsas günahkar hesab etməməliyik. Məgər Hacınski Rusiyapərəst olmasaydı, Azərbaycan işğal olunmayacaqdı?



- Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil Azərbaycan Respublikasına hansı töhfələr verib?

- 1991-ci ildə qəbul olunmuş müstəqillik haqqında konstitusiya aktında qeyd olunur: Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin nəvələriyik. Azərbaycan adlı dövləti Azərbaycan Xalq Cümhuriyyəti yaradıb. AXC Azərbaycan dili, vətəndaşlıq, ordu haqqında qanunlar qəbul etdi. Universitet yaradıldı. Gənclərimiz xaricdə təhsil almağa göndərildi. Dünyanın müxtəlif ölkələrində səfirlik və konsulluqlarımız açıldı. Həmin dövrdə edə bilmədiklərimizi müstəqil Azərbaycan Resüpublikası etdi. 1919-cu ilin dekabrında Azərbaycan Parlamenti qərar çıxardı ki, Bakının ən hündür yerində Qafqaz İslam Ordusunun adına abidə qoyulsun. Biz o abidəni 2000-ci ildə qoyduq. Bir sözlə, 23 ay yaşadı, amma 230 il yaşamış kimi göründü...

Ceyhun Əhmədli
Operator: Elvin Abdulla
Montaj: Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 9261


Oxşar xəbərlər