Sizdən mühafizəçi olarmı? - ARAŞDIRMA


21:00     22 İyun 2015 muhafizeci.jpg

Getdiyimiz ictimai iaşə obyektlərində mühafizə xidmətinin peşəkar və qeyri-peşəkarları ilə mütəmadi qarşılaşırıq.


Femida.az mühafizə işinin təşkili və mühafizəçilərin seçimi barədə araşdırma aparıb.

Əvvəlcə qanunvericilikdə mühafizənin təşkili necə əks olunmasına nəzər salaq.Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 aprel 2007-ci il tarixli 266 nömrəli “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” verdiyi sərəncamına nəzər yetirək. Qanunun 2.0.4. bəndində mühafizəçi - xüsusi hazırlıq keçmiş, bu Qanunla müəyyən edilmiş qaydada özəl mühafizə müəssisəsində və ya hüquqi şəxsin mühafizə bölməsində əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşı kimi təsvir olunur.

Qanunda həmçinin Özəl mühafizə fəaliyyətinin prinsipləri də öz əksini tapıb.Belə ki, Özəl mühafizə fəaliyyəti qanunçuluq, humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilir. Qanunun 4.2. bəndində Özəl mühafizə fəaliyyəti dövlət orqanları, o cümlədən hüquq- mühafizə orqanlarının fəaliyyətini məhdudlaşdırmamalı, üçüncü şəxslərin hüquq və azadlıqlarını pozmamalıdır- fikirləri xüsusilə vurğulanır.

Bəs görəsən, bu gün mühafizə işinin təşkilində və mühafizəçilərin xidmətə qəbulu zamanı qanunun bəndlərinə nə dərəcədə əməl olunur? Mövzu ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən bir neçə mühafizə şirkətləri ətrafında araşdırma apardıq.

Bədənində döymələr olanlar belə, mühafizəçi işləyə bilir...

“Qartal”mühafizə şirkətinə işə düzəlməklə bağlı müraciət etdik. Burada işə götürülmək üçün əsas şərt kimi hərbi biletin olması və boyunun 175sm-dən hündür olması əsas götürülür. Bədən quruluşu da idmançı quruluşlu olması əsas şərtlərdən biridir.

Bəs bədənində hər hansı döymə olan bir şəxsin işə götürülməsi mümkündürmü sualına təmsilçi belə cavab verdi:
” Əgər nakolka görünən yerdə deyilsə, onun heç bir problemi yoxdur. Bizdə belə xüsusiyyətlərə fikir verilmir.”

Subay oğlanlar mühafizə işinə götürülmür...

Mövzu ilə əlaqədar olaraq internet üzərində də araşdırma apardıq. Elan saytlarında mühafizəçi tələb olunur başlıqlı elanlara hər dəqiqə rast gəlmək olur. Özünü Zülfiyyə xanım kimi təqdim edən işədüzəltmə agentliyinin işçisi mühafizəçi tələb olunduğunu deyir:
“Əsas Bakı şəhərində qeydiyyatda olsun. Bir də boy bizim üçün önəmlidir. Bizə yalnız evli mühafizəçilər lazımdır. Subay oğlanları işə götürmürük. Bizdə yaş həddi 28-dir.”

Hüquqşünasların mövqeyi...

Mövzu ilə bağlı hüquqşünasların da mövqeyini öyrəndik.
Hüquqşünas Mayıl Əhməd:
“Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mühafizə Xidmətinin göstərilməsi lisenziyalı fəaliyyət növünə aid edilib. Yəni Mühafizə Xidməti göstərən şirkət açmaz istəsəniz, DİN-dən icazə alınmalıdır. Qanunda lisenziyanın dövlət rüsumu 3000 (üç min) manatdır. Bu səbəbdən də bəzi bu tip xidmət göstərən firmalar adını mühafizə deyil “dispetçer nəzarətçisi” adlandırırlar.

Hüquqşünas Faiq Nağıyev:
“Əgər söhbət özəl mühafizə fəaliyyəti haqqında qanundan gedirsə həmin qanunun 9-cu maddəsində tənzimlənir. Qanunda mühafizəçi belə təsvir olunur: 9.1. Mühafizəçi vəzifəsinə 20 yaşına çatmış, mühafizəçilər üçün xüsusi hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Şəxs özəl mühafizə müəssisəsinə və ya hüquqi şəxsin mühafizə bölməsinə mühafizəçi vəzifəsinə işə qəbul edilərkən işəgötürən tərəfindən namizəd barədə 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına müəyyən olunmuş qaydada məlumat verilməlidir. 9.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən mühafizəçinin özəl mühafizə fəaliyyətinə yararlı olub-olmamasının yoxlanılması üçün, o, işə qəbul edilən zaman ilkin, sonra isə ildə bir dəfədən az olmayaraq tibbi müayinələrdən keçirilir. 9.4. Aşağıdakı şəxslər mühafizəçi vəzifəsinə qəbul oluna bilməz: 9.4.1. ruhi xəstəlik, alkoqolizm, narkomanlığa düçar olmaması barədə müvafiq tibbi rəy təqdim etməyən şəxslər; 9.4.2. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər; 9.4.3. qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qadınlar, habelə qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla); 9.4.4. sağlamlıq barədə müvafiq tibbi arayış təqdim etməyən şəxslər; 9.4.5. qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunan və ya qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxslər.

Hüquqşünas Nicat İsmixanov :

"Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" AR Qanuna müvafiq olaraq tənzimlənir.Qeyd edim ki,Özəl mühafizə fəaliyyəti dövlət mühafizəsi obyektlərinə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən və dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərə münasibətdə həyata keçirilmir.Bildirim ki, mühafizə xidmətləri yalnız bu məqsədlə təsis edilmiş, müvafiq xüsusi razılıq (lisenziya) (AR.DİN) almış özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən həyata keçirilə bilər.” Hüquqşünasların da qeyd etdiyi kimi hər hansı mühafizə işinə qəbul edilən şəxs tibbi müayinədən keçməli və xüsusi arayışı təqdim etməlidir.Amma bu gün qanunun bəndlərinə əməl edilmir.Bu səbəblərdən də,mühafizəçi kimi işə götürülən işçi sonradan xoşagəlməz hadisələrin iştirakçısına çevrilir.

Femida.az məsələ ilə bağlı araşdırmanı davam etdirəcək.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 8463