İnsanların diri-diri yandırıldığı kənd – Bağanis Ayrım


15:38     22 İyun 2015 Bağanis%20Ayrım5.jpg

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlədolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.


Ermənilər işğalçı niyyətlərini həyata keçirmək üçün dəfələrlə xalqımız əleyhinə etnik təmizləmə siyasətindən istifadə edib. Bu etnik təmizləmə metodunu erməni millətçiləri Azərbaycanın müxtəlif regionlarında tətbiq ediblər. Bu soyqırımı faktlarından biri də Qazax rayonunun Bağanis Ayrım kəndində baş verib. Əfsuslar olsun ki, nə dünya, nə də ki, ölkə ictimaiyyəti bu soyqırımı faktı ilə bağlı kifayət qədər məlumatlandırılmayıb.

Femida.az-ın bugünkü araşdırmasının məqsədi də bu müdhiş qətliamla bağlı bilinməyən və unudululmuş faktları faktları ictimaiyyətə çatdırmaqdır. Azərbaycan xalqının böyük bir qismi bu soyqırımı ilə bağlı çox az təsəvvürlərə malikdir. Bəzilərinin hətta faciə ilə bağlı heç bir informasiyası belə yoxdur. Bu qrup insanlardan soruşsaq, xalqımıza qarşı belə bir soyqırımının baş verməsindən xəbərsiz olduqlarını bildirərlər.

Femida.az bu kimi ünsürləri nəzərə alaraq belə bir araşdırmanın aparılmasına ehtiyac duyub.

Əldə etdiyimiz məlumatlara görə Bağanıs Ayrım dağların döşündə, sıldırım qayaların qoynunda Yuxarı və Aşağı Əsginar kəndlərinin yanında, çox mühüm strateji mövqedə yerləşirdi. Bağanıs Ayrım yığcam kənd idi. Təqribən yüz evi var idi. Dörd yüz əlli nəfər yaşayırdı. İcivandan gəlib Noyembryana gedən yol, başqa sözlə desək, Ermənistanla Gürcüstanı birləşdirən magistral bu yerlərdən keçirdi. İllər boyu ermənilər üzümçülüyün məskəni olan bu səfalı məkana, onun münbit torpaqlarına göz tikmişdilər. Sovet imperiyası dağılanda bir sıra bölgələr, eləcə də Bağanıs Ayrım kəndi də taleyin ümidinə qaldı.

Femida.az Bağanis Ayrımda törətdilən dəhşətli soyqırımı cinayəti ilə bağlı dolğun məlumat əldə etmək üçünAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalqmünasibətlər və xarici siyasət” kafedrasının dosenti,Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri tarixçi alim Elçin Əhmədovla həmsöhbət oldu.



Elçin Əhmədov:

“1990-cı il martın 24-də Qazax rayonunun Bağanis-Ayrım kəndi erməni terorçu dəstələrinin silahlı hücumuna məruz qalmış və ermənilər tərəfindən kəndin günahsız mülki əhalisinə qarşı görünməmiş vəhşiliklər edilib. Erməni silahlı qruplarının bu genişmiqyaslı hücumu nəticəsində kənd işğal olundu. İşğal zamanı Bağanis-Ayrım kəndində 100-dən çox ev talan edilib və yandırılıb, nəticədə 10 nəfər həlak olub, 15 nəfərdən çox insan isə yaralanıbdır. Xüsusu strateji əhəmiyyətli Bağanis-Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən ermənilər tərəfindən bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilib.”

“İnsanların diri-diri ocaqda yandırılması faktlarla sübut edilib” – deyən Elçin Əhmədov aşağıdakıları vurğuladı:

“Erməni silahlılarının keçmiş sovet ordusunun hərbi texnikasından, müasir silahlarından istifadə edərək Qazax rayonunun Bağanis Ayrım kəndinə hücum etməsi, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirilməsi, diri-diri ocaqda yandırılması faktlarla sübut edilib. Ermənilərin bu kəndə hücumu zamanı 17 evin toplar və minaatanların mərmiləri ilə dağıdıldığı, 11 evin isə qarət edildiyi, kənddə yaşayan Əsliyevlər ailəsinin 5 üzvünün işgəncələrlə qətlə yetirildikdən sonra yandırıldığı ilə bağlı fotolar mövcuddur və bu faktlar sağ qalmış şahidlərin ifadələrində öz əksini tapıb. Kənddə qətlə yetirilən insanların ən yaşlısı 75 yaşlı Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Bağanis Ayrım kəndi 1990-cı il avqustun 20-də işğal edildi.”

Hadisənin nə dərəcədə dəhşətli olduğunu şahidlərin sözlərindən də öyrənmək mümkündür. O illərin canlı şahidi Allahverən Poladov deyir ki: "Atışma başlayanda kəndin girəcəyində olan Dədəş kişigilin evinə getdik ki, qocaları, uşaq və qadınları kənddən çıxaraq. Dədəş kişi nə işığı söndürdü, nə də evindən çıxdı. Dedi, mən ermənilərə nə etmişəm ki? Ata-baba yurdumdu buralar. Onlar mənim evimdə özləri ağırlığında çörək kəsiblər. Heç yana gedəsi deyiləm. Getmədi də... Kəndin ermənilərə yaxın olan evlərinin birində Alməmməd kişi yaşayırdı. O da çıxmamışdı. Həmin gecə ermənilərin amansız hücumlarını, vəhşi əməllərini, əhalini atəş altında necə saxladıqlarını mən heç kinolarda da görməmişdim. Əvvəlcə kəndin girəcəyində olan evləri yandırdılar. Dədəş kişini, həyat yoldaşını, iki qızını və 39 günlük körpəni dama doldurub odladılar. Dədəşin qızı Aliyə körpə balasını qucağına alıb qaçmaq istəyəndə onu güllə ilə vurdular. Uşaq ananın əlindən düşdü. Erməni silahlılarından biri körpəni qaldırıb zərblə yerə çırpdı".



Dədəş kişinin kürəkəni Təşkilat Qafarov bu qanlı olaydan daha dəqiq xəbər verir: "Namərdlər kəndə tökülüşəndə həyat yoldaşımdan soruşdum, anangil çıxıbmı? Dedi yox, biz getmək istəmirik! Nə illah eləsək də, Alməmməd kişini də yola gətirə bilmədim. Qardaşının evində qaldı. Bir azdan qayıdanda gördüm ki, bütün ailəni yandırıblar. Alməmməd kişinin, onun qardaşı Səmədin, qonşuları Bəxtiyarın, Ədalətin də evlərini beləcə viran ediblər". Allahverən Poladov o mühüm olayları göz yaşı ilə xatırlayır: "Ermənilər güllə ata-ata yaxınlaşanda Alməmmədin oğlu və həyat yoldaşı evin dalında mal tövləsində gizlənirmiş. Ermənilər ot tayasına od vururlar. Əvvəlcə elə bildik ki, Alməmmədi girov götürüblər. Elə ki yanğın sovuşdu, ot tayasının külünü eşələdik. Rəhmətliyin sümükləri də yanmışdı. Onu qol saatından və bir də cib bıçağından tanıdıq".



Həyat yoldaşı diri-diri yandırılmış Həmayıl Məhərrəmovanın söhbəti çox şeydən xəbər verir. Həmayıl xanım xatırlayır: "O, gərgin günlərdə dedilər ki, "Moskvadan gələn general Şatalin səni axtarır. Getdim. Ağlaya-ağlaya deyirəm, niyə bizi qorumadınız, bizim günahımız nədir? Kəndi niyə bu günə saldılar? Sən demə başıma gələnləri danışanda mənim sözlərimi erməni qadınının faciəsi kimi lentə çəkirdilər. Biləndə cəld ayağa qalxdım. Bu, mənə göz qabağında olan ölümdən, itkidən daha pis təsir elədi. Hönkürə-hönkürə küçəyə çıxdım. Bir işə bax, yanan da biz, yaman da!"

“Başqa kəndlər də talan edildi” - deyə Elçin Əhmədov münasibət bildirdi:

“Bu dövrdəErmənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən yandırılmış, talan edilmiş və dağıdılmışdır. İşğal olunmuş ərazilərdən 6.500 nəfər məcburən köçkün düşüb. Hazırda 699 kv.km ərazisi olan Qazax rayonunun 75 yaşayış məntəqəsinin təxminən 8%-i işğal olunmuşdur.”

Elçin Əhmədov Qazax rayonunun işğal olunmuş kəndlərində aşağıdakı maddi-mədəniyyət nümunələrinin dağıdılaraq məhv edildiyini bildirdi:

“Bu gün hələ də işğal altında olan Qazax rayonunun Bağanis Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndlərinin işğal edilməsi nəticəsində maddi-mədəniyyət nümunələri talanııb, dağıdılıb və yandırılıb. Belə ki, Yuxarı Əskipara kəndində V-VIII əsrlərə aid qala, X əsrə aid Şəkərqala məbədi kompleksi, XVII əsrə aid Bürc, Qatır körpüsü, Kazım körpüsü və s. memarlıq abidələri, eləcə də XIV əsrə aid yeraltı yol, səkkizillik məktəb, tibb məntəqəsi, klub və 10048 nüsxə kitab fondu olan kitabxana dağıdılaraq məhv edilib. Aşağı Əskipara kəndində 1 orta məktəb, xəstəxana, mədəniyyət evi, 6850 və 9980 nüsxə kitab fondları olan 2 kitabxana da dağıdılaraq məhv edildi. Bununla yanaşı, 8512 nüsxə kitab fondu olan Xeyrimli, 10335 nüsxə kitab fondu olan Qızılhacılı, 14829 nüsxə kitab fondu olan Sofulu, 16105 nüsxə kitab fondu olan Barxudarlı kənd kitabxanaları, eləcə də ictimai-iaşə obyektləri, məktəblər, xəstəxanalar dağıdılıb və məhv edilib. İşğal nəticəsində, ümumilikdə 8 kitabxana filialı və onlara məxsus 178 min 285 min nüsxə kitab yandırılmış və məhv edilmişdir. Qazax rayonunun kitabxana-informasiya şəbəkəsinə təxmini hesablamalara görə 180 min manat məbləğində maddi ziyan dəyib.”



Ermənilərin Bağanis Ayrımda törətdikləri soyqırımı cinayəti Beynəlxalq hüquqa görə sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və 1961-ci ildən qüvvəyə minən "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" haqqında konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunubdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub.

Bu işğalçı dövlətin yürütdüyü təcavüzkarlıq siyasəti 25 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Ona görə də dövlətimiz bu konvensiyanı rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Bu gün cəmiyyətimiz Bağanis Ayrım soyqırımına laqeyd münasibət göstərir. Faciə ilə bağlı nə bir xatirə muzeyi mövcuddur, nə anım günləri keçirilir, nə də ki, hadisə qurbanları yada olunur! Lakin biz əsla ümidsiz deyilik. Bağanıs Ayrım soyqırımı da yaxın vaxtlarda öz hüquqi-siyasi qiymətini alacaq, işğalçılara layiqli cəza veriləcək və düşmən tapdağında olan torpaqlarımız azad ediləcək.

İstifadə olunmuş mənbələr:

1. "Ermənilərin törətdiyi soyqırımın qurbanı - "Bağanıs Ayrım" - Qənirə Paşayeva və Akif Aşırlı
2. “Bu əsl faciə idi” – Elçin İsmayılın kitabı
3. “Azərbaycan” qəzeti – Əhməd İsayev

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 14943