Azay Quliyevdən Emin Hüseynov Açıqlaması


15:45     22 İyun 2015 azay.JPG

“Azərbaycan və İsveçrə arasında Emin Hüseynovun xaricə getməsi ilə bağlı hansı qərarların qəbul olunmasından asılı olmayaraq, istənilən halda onun humanitar əsaslarla ölkəni tərk etməsindən dərhal sonra Azərbaycan əleyhinə verdiyi açıqlama təəssüf ki, İsveçrənin də nüfuzuna da xələl gətirir. Çünki, belə hərəkətlər bütövlükdə hər hansı bir şəxsin humanitar əsaslarla qəbul olunmuş və ya qəbul olunacaq qərarları kifayət qədər məhdudlaşdıra bilər. Yəni, bu məsələdə sui-istifadə, Azərbaycanın bu xoş niyyətindən onun əleyhinə istifadə etmək heç də yaxşı president deyil”.

Femida.az xəbər verir ki, bu fikirləri AzVision.az-a açıqlamasında Azərbayan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib.

A. Quliyev deyib ki, Emin Hüseynovun ölkəni humanitar əsaslarla tərk etməsindən sonra Azərbaycan haqqında əsassız, həqiqətə uyğun olmayan iddialarla çıxış etməsi təəssüf doğurur: “Bu məsələ həmin insanlar üçün müsbət yanaşmanın mənasız olduğunu göstərir. Bu adamlar kənar qüvvələrin təsiri altında Azərbaycanda fəaliyyət göstəriblər və indi də fəaliyyətlərini davam etdirirlər. Çünki, Emin Hüseynovun çıxışında açıq şəkildə görünür ki, o zorla danışdırılır. Hətta bir neçə dəfə post-sovet məkanındakı problemlərə diqqəti cəlb etsə də CNN-nin aparıcısı Kristiana Amanpur məsələni yenidən Azərbaycanın üzərinə qaytardı. Biz bilirik ki, belə adamlar ölkənin xaricində də, daxilində də bəlli dairələrin diktəsi ilə Azərbaycana qarşı istifadə olunacaqlar. Təəsüflər olsun ki, bu dəfə də bizim təxminlərimiz özünü doğrultdu və Emin Hüseynovu Azərbaycana qarşı istifadə etməyə başladılar.

I Avropa Oyunları ilə bağlı gördüyümüz işlərə qarşı qərəzli və yaramaz münasibət nümayiş etdirənlər Emin Hüseynovdan təkrar istifadə etməyi qərara alıblar. Ona görə də öz tribunalarına çıxarıblar. Amma, bu alınmadı. Çünki, Azərbaycana qarşı qarayaxma kampaniyaları insanlar tərəfindən ciddi qəbul olunmur”, – A. Quliyev vurğulayıb.

A. Quliyevin sözlərinə görə, I Avropa Oyunları kimi mötəbər idman tədbirinə o qədər də yer ayırmayan CNN-nin Emin Hüseynova geniş efir vaxtı verməsi göstərir ki, bu adamlar həmin media qurumunun yerləşdiyi ölkədən qidalanır, dəstəklənir: “Yəni onlar eyni şəbəkənin üzvləridir. Buna görə də öz şəbəkələrinin üzvlərini müdafiə etməlidirlər. Sual oluna bilər ki, niyə müdafiə etməlidirlər? Birinci, Emin kimi adamları ona görə yetişdiriblər ki, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etsinlər. Bunun müqabilində onlar heç vaxt yetişdirdikləri şəbəkə üzvlərini diqqətdən kənar qoymazlar. Ona görə də bütün cəhdlə Emini də müdafiə edirlər. İkinci, onlar yetişdirdikləri şəbəkə üzvlərini müdafiə etməklə mesaj göndərirlər ki, narahat olmayın, şəbəkəyə qoşulmaqdan çəkinməyin və biz sizin əməlləriniz ifşa olunduğu halda belə yanınızda olacağıq. Bu o mesajdır ki, sizlərə həmişə sahib çıxacağıq. Bu gün dünyada milyonlarla hadisə baş verir. Eminin dedikləri isə onlarla müqayisə edilməz dərəcədə əhəmiyyətsiz bir şeydir. Bunlara fikir verməyən CNN Eminə təxminən 10 dəqiqəlik efir vaxtı ayırır. Bu da ondan xəbər verir ki, kimliyindən asılı olmayaraq bu şəbəkə həmin adamı yetişdiribsə və öz millətinə qarşı çıxırsa, onlar ən ali qonaq statusunda beynəlxalq media qurumlarının diqqətində olurlar”.

A. Quliyev hesab edir ki, bu kimi hallara fikir verilməməlidir: “Belə hallara nə qədər az fikir versək, əhəmiyyətləri bir o qədər azalır. Amma, onlar maraqlıdır ki, belə məsələlər gündəmə gəlsin və biz buna münasibət bildirək. Bu gün bizim ən vacib işimiz, gündəmimizdə olan məsələ I Avropa Oyunlarıdır. Bu gün Azərbaycan I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edir və dünya bundan danışır. Baxmayaraq ki, beynəlxalq güclərin əlində olan şəbəkə və media orqanları qərəzli və çirkin mövqeyindən əl çəkmirlər. Biz buna alışmışıq. Ona görə də biz belə hallara fikir verməməliyik”.

Açar sözlər:

Oxunub: 681