Vətəndaşlıq anlayışı nədir? - Hüquq tərəzisi


18:21     22 İyun 2015 10802053_356037047908918_7330610847287128855_n.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.Bu gün Vətəndaşlıq məfhumu və Azərbaycanda vətəndaşlıq hüququ anlayışlarına aydınlıq gətirəcəyik.
Mövzu ilə bağlı sualları hüquqşünas Loğman Abdullayev cavablandırır.

Hüquqşünas Loğman Abdullayev:


Vətəndaşlıq məfhumu hələ qədim Afina və Romada tətbiq olunub.Burada vətəndaşlıq azad insanlara məxsus idi. Orta əsrlərdə isə vətəndaşlıq məfhumu təbəəliklə əvəz olundu. Lakin sonrakı dövrlərdə burjua inqilabları ərəfəsində bu anlayış yenidən istifadə olunmağa başlandı. Qarşılıqlı hüquq və vəzifələr şəxs və dövlət arasındakı daimi siyasi və hüquqi əlaqədən irəli gəlir. Siyasi əlaqə, siyasi hakimiyyətin təşkilində vətəndaşın iştirakı və onun siyasi hüquq və azadlıqlara malik olması ilə izah olunmalıdır. Vətəndaşla dövlət arasındakı hüquqi əlaqə daimidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə yalnız müvəqqəti hüquqi əlaqədə olur. Dövlət həm əcnəbiəri, həm də vətəndaşları müdafiə edir. Lakin vətəndaşları əcnəbilərdən onun dövlətlə siyasi əlaqəsinin olması fərqləndirir. Əcnəbilərin siyasi sahədə hüquqları məhdudlaşdırılır. Vətandaşlıq dedikdə, şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi hüquqi əlaqə başa düşülür. Dövlətin ilkin və mühüm vəzifələrindən birini Konstitusiyada nəzərdə tutulan şəxsiyyətin konstitusion hüquqlarını və vəzifələrini qorumaqdan ibarətdir. Bu sahədə vətəndaşlıq mühüm yer tutur. Vətəndaşlıq dedikdə, şəxsin müvafiq dövlətə hüquqi mənsubiyyəti başa düşülür, yəni şəxsin dövlət tərəfindən Konstitusiya-hüquq münasibətlərinin tamhüquqlu subyekti kimi tanınması nəinki öz ölkələrində, həmçinin xarici ölkələrdə olduqda belə təsbit edir. Monarxiya quruluşu hökm sürən dövlətlərdə vətəndaşlıqdan fərqli olaraq “təbəə” sözləri işlədilir ki, bu da monarxa qarşı şəxsi formal sədaqəti ifadə edir. İdarəçilik formasından asılı olmayaraq hüquqi dövlətdə dövlətin yuriadikasiyası bütün vətəndaşlara şamil edilməklə onlar qarşısında geniş imkanlar açır. Konstitusiya və qanunlarda müəyyən olunan vəzifələr dövlət yuriodikasiyasında öz əksini tapır. Eyni zamanda, vətəndaşlar dövlətə münasibətdə bir sıra hüquqlara malikdirlər və ondan bu hüquqların müdafiəsini və qorunmasını tələb edə bilərlər. Hər bir ölkədə insanların əksər çoxluğu üçün vətəndaşlığın müəyyən olunması heç də mürəkkəb deyildir. Çünki, bu insanlar doğulduqları andan etibarən müvafiq dövlətin vətəndaşları olub ömürləri boyu bu hüquqi vəziyyəti daşıyırlar. Lakin müxtəlif səbəblər üzündən (milli münaqişələr, iqtisadiyyatın beynəlmiləl olması və s.) əhali kütləsinin bir tərəfdən digər tərəfə miqrasiya etməsi, bağlanılan nikahlar (mextəlif dövlətlərin vətəndaşları arasında) bütün bunlar vətəndaşlığın əldə edilməsi, bərpası və dəyişdirilməsi üçün problemlər yaradır. Unitar idarəçilik forması olan dövlətlərdə vahid vətəndaşlıq mövcuddur. Federativ quruluşlu dövlətlərin çoxunda şəxs həm federativ dövlətin, həm də eyni zamanda federasiya subyektinin vətəndaşlığına mənsubdur. Bu şəxslərə nəinki federal qanunlar, həm də federasiya subyektinin qəbul etdiyi qanunlar şamil olunur. Istənilən dövlətdə elə insanlar yaşayır ki, onların statusu çoxluğun statusundan fərqlənir. Bu insanları vətəndaşlığı olmayan, ya da xarici vətəndaşlar kimi çağırırlar. Bəzi dövlətlərdə ikili vətəndaşlıq hökm sürür.

Azərbaycanda vətəndaşlıq hüququ:

Vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində təsbit olunub. Burada göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarıdan doğulmuş şəxs, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Eyni zamanda vətəndaşlıq hüququnun təminatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsində göstərilir ki, Azərbaycan vətəndaşı heç bir halda, Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz, ikinci bir təminat heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

Optasiya nədir?
Optasiya yaranmış ikili vətəndaşlıqdan birininin seçilməsidir. Optasiya bir şəxsin yaranmış ikili vətəndaşlığını müəyyən edir.

Transfert
Transfert ərazilər dəyişərkən, yəni bir dövlətdən digərinə keçərkən həmin ərazidə yaşayan əhalinin vətəndaşlığının müəyyən olunmasıdır. Transfert hamıya aid edilir.

Filiasiya

Filiasiya - vətəndaşlığın anadangəlmə əldə edilməsidir. Burada iki prinsip var:
1) ius sanquini- qan hüququ;
2) ius soli- torpaq hüququ
Avropa dövlətlərində ius sanquini əsas götürülür. Yəni burada vətəndaşlıq şəxsin mənşəyi ilə əlaqələndirilir. Şəxs hansı dövlətin vətəndaşəndan doğulubsa həmin dövlətin vətəndaşı sayılır. Bu prinsip Roma hüququndan qalıb. Belə ki,Qədim Romada vətəndaşlardan törənən uşaqlar tamhüquqlu vətəndaş sayılırdılar. Hal –hazırda Avropa dövlətləri ilə yanaşı, bəzi Asiya dövlətlərində də bu prinsipdən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşədır. Deməli, bizdə də ius sanquini əsas götürülür. Lakin Konstitusiya həmçinin ius solini vətəndaşlığın əldə olunmasıüsulu kimi tanıyır. Latın Amerikası, Kanada, ABŞ və s. ölkələrdəisə ius soli əsas prinsipdir.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 11801