Alman seçicinin Merkelə sualı: Siz demokratiyanı pula niyə satdınız?


18:56     22 İyun 2015 merkelll.jpg

Qərbin demokratiya anlayışı ilə manipulyasiya cəhdlərini, diktaturaları "demokratiya" nümunəsi kimi, demokratiya nümunələrini isə "diktatura" kimi qələmə vermək cəhdlərini, bu məqsədlə bütün təbliğat arsenalını necə məharətlə işə salmasını dəfələrlə müşahidə etmişik.

Misal üçün, Misir. "İnqilabdan" ümumxalq səsverməsi yolu ilə prezident seçilmiş "Müsəlman qardaşları"nın lideri Məhəmməd Mursi Qərbin dəstəyi ilə hərbçilər tərəfindən devrildi. Nə qədər paradokslu görünsə də, hakimiyyət çevrilişi Qərb ölkələri tərəfindən tanındı. Bu sırada olan Avropanın "demokratiya carçısı" Almaniya da atdığı addımlarla, yeritdiyi siyasətlə bir daha sübut etdi ki, onun üçün "ədalət" anlayışı şəxsi maraqlarıdır, yalnız biznesdir.

Ötən gün "Əl-Cəzirə" beynəlxalq teleşirkətinin ərəb xidmətinin əməkdaşı Əhməd Mənsurun Misir rəhbərliyinin müraciəti ilə Berlin Hava Limanında həbs olunması buna bariz nümunədir.

Ə.Mənsur 2011-ci ildə Təhrir Meydanında vəkilə işgəncə ittihamı ilə 2014-ci ildə Qahirənin cinayət məhkəməsi tərəfindən 15 il qiyabi həbs cəzasına məhkum edilib. O, özünü günahkar hesab etməyib və ötən ilin oktyabrında İnterpol Misir hökumətinin onun beynəlxalq həbsinə order verilməsi ilə bağlı tələbini rədd edib. Bu məqama xüsusi diqqət yetirin. Ə.Mənsur İnterpolun axtarışında olmaya-olmaya, alman hüquq-mühafizə orqanları onu həbs ediblər. Hətta jurnalist saxlanılma zamanı müqavilə imzalanmışdı. İnterpolun qərarını o, alman polisinə təqdim etsə də, ona məhəl qoyulmayıb. Sual oluna bilər, alman polisinin bu inadkarlığı nədən qaynaqlanır? Bu sualın cavabını axtaranda 2 həftə bundan əvvələ gedib çıxırsan.

8 milyardlıq müqavilə və Qərbin "yadından çıxan" edam cəzası

İyunun əvvəlində Misirin hazırkı ölkə başçısı Abdel Fattah əl-Sisi Almaniya dövlət kansleri Angela Merkelin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olub. Səfər çərçivəsində Merkellə və digər rəsmi şəxslərlə keçirilən görüşlərdə bir sıra məsələlərlə bağlı müzakirələr aparılıb və razılıqlar əldə olunub. O cümlədən, Almaniya şirkəti olan "Siemens"in Misirdə 8 milyard dollarlıq layihə həyata keçirəcəyi barədə də razılığa gəlinib. Bu isə Almaniyanın Misirdə ciddi iqtisadi dividendlər qazandığından xəbər verir. Ekspertlər hesab edir ki, indi jurnalistin həbsi bu yüksək məbləğli müqavilənin qarşılığında Almaniya hökumətinin Misir hökumətinə özünəməxsus jestidir, töhfəsidir.

Zahidin kəsilən bir barmağı və haqdan qaçan Almaniya

Bu məsələ ilə bağlı daha bir maraqlı məqamı nəzərdən keçirmək lazımdır. Əgər Almaniyanın özünün də elan etdiyi normalara istinad etsək, Abdel Fattah əl-Sisi çevriliş yolu ilə hakimiyyətə gəlib və buna görə də dövlət başçısı sayılmır. Almanların pəncərəsindən baxsaq, Əl-Sisinin hakimiyyəti Qərbin elan etdiyi demokratik normalara, insan hüquq və azadlıqlarına ziddir.

Üstəgəl, hakimiyyət çevrilişindən sonra yüzlərlə insana ölüm hökmü verilib. Bircə onu xatırlatmaq kifayətdir ki, bir neçə ay bundan əvvəl Qahirə məhkəməsinin bir günün içində "Müsəlman qardaşları"nın 500 nəfərdən artıq üzvü barədə hökm qərarı çıxarması Qərbin aparıcı QHT və mediasının diqqətindən kənarda qaldı. Bir müddət bundan əvvəl isə Məhəmməd Mursinin barəsində də ölüm hökmü verildi.

Bu anda məşhur yazıçı İmadəddin Nəsiminin edam olunarkən dediyi məhşur kəlamı yada düşür :

" Zahidin bir barmağın kəssən dönər həqdən qaçar".

İndiki halda barmağı kəsilən Zahid qismində Angela Merkelin başçılıq etdiyi hökumətdir. Başqa vaxt Qərb dövlətləri və siyasətçiləri müxtəlif dövlətlərə qarşı barışmaz mövqe nümayiş etdirir və "insan haqları", "demokratiya" amilindən yararlanmağa çalışırlar. Bəs niyə indi Almaniya hökuməti və ona rəhbərlik edən Angela Merkel demokratiya və insan haqları dəyərlərini bu qədər hörmətdən salır? Niyə görə onlar elan etdikləri prinsiplərə bu qədər etinasız yanaşırlar, özlərinə sərf edəndə, "insan haqları", "demokratiya" məsələlərini qaldırır, etməyəndə isə hər şeyi "unudurlar"?

Buradan görünür ki, həmin Qərb dövlətləri və siyasətçiləri üçün öz maraqları, mənfəətləri hər şeydən üstündür. Bunun üçün onlar istənilən an elan etdikləri dəyərləri tapdalamağa hazırdırlar... Necə ki, biz bunu Angela Merkel və Almaniyanın timsalında gördük. Hər halda xanım Angela Merkel alman seçicilərinin çətin sualına cavab verməli olacaq: Sən biz almanların demokratiyasını niyə pula satdın?!

Açar sözlər:

Oxunub: 1053