Qarabağ münaqişəsində qonşularımızın bizə münasibəti - Dostumuz və düşmənimiz kimdir?


17:30     06 İyun 2016 qarabag%20m.jpg

Problemin araşdırılmasında dəyişməz bir xətt var. İstər tarixi, istər hərbi, istərsə də diplomatik prizmadan yanaşdıqda baş rolda Rusiya görünür. Bu münaqişənin sonsuza qədər status-kvo variantında uzanmasına çalışır. Az məsrəfli bir üsulla Cənubi Qafqazı təsir altında saxlayır.


Bunu bütün dünya yaxşı bilir, hətta avam erməni cəmiyyəti də anlamağa başlayıb. Ona görə də Ermənistan, problemi Rusiyanın nəzarətindən çıxartmaq üçün gizli fəaliyyətə keçib. Ermənilər öz sahiblərini dəyişməyə qərar veriblər. Artıq “SSRİ-ni biz yıxdıq, Rusiyanın da axrına çıxacağıq” kimi təbliğata başlayıblar. ”Neftin ucuzlaşması” Rusiyanın “çökdürülmə” planının işə düşməsi və qabaqcadan aldıqları gizli informasiyalar əsasında imperiyanın yaxın illərdə çökəcəyi günə böyük hazırlıq görülür. Ermənilər istər Osmanlı, istərsə də SSRİ-nin çöküşündən yararlanmağa çalışıblar. Tarixdə ilk dəfə olaraq dövlət qurublar. Bu faktlar tarixi aspektdə ciddi surətdə araşdırılmalıdır.

Problemin həlli üçün Rusiyanın təkbaşına başladığı vasitəçilik missiyasını, sonralar ATƏT-in Minsk qrupu öz üzərinə götürdü. Onlar bu illər ərzində nə “işğal faktına”, nə “sərhəd toxunulmazlığı prinsipinə”, nə də “insan hüquqlarına”, hüquqi ədalətli qiymət verə bilmişlər. Yaranışdan “ölü doğulmuş” bu qurum çətin məqamlarda erməni tərəfə Bakının mövqeyi barədə “kəşfiyyat xəbərləri” daşımaqdan qeyri bir iş görməyiblər. Ermənidən çox ermənipərəst olan V.Kazimirovun tərtib etdiyi status-kvodan bir addım da irəli gedə bilməmişdir. Çünki Rusiyanının tərtib etdiyi “Atəşkəs sazişi” bu problemi həlli olmayan problem statusuna salıb. Bu gün rusiyalı siyasətçilərin, bir ağızdan söylədiyi “problemin həlli yoxdur” tezisinin məğzini kimsə soruşmur. ATƏT-in MİNSK qrupu daha çox öz fəaliyyəti ilə onlarla kənd və şəhəri xarabaya çevirmiş, bir milyon insanın əzəli hüquqlarını tapdalamış, on minlərlə insanın toplam qətlini təşkil etmiş terrorçu seperatist rejim və onun qanunsuz hərbi birləşmələrini hüquqlarını qoruyan bir təşkilata çevrilib.

Son atəşkəsin pozulması ilə əlaqədar keçirilən əməliyyat sonrası bölgəyə təşrif buyurmaları sonradan on nəfər mülki şəxsin erməni qanunsuz hərbi birləşmələri tərəfindən qətlə yetirilməsi faktı ilə bağlı bir bəyanat belə vermədilər. Üstəlik, Rusiyanın problemin həlli yoxdur tezisinə üstünlük verərək, status-kvonun saxlanmasını istəyən bir qrup özünü buraxması vasitəçiliklərdən imtina etməsi ən normal hərəkət olardı. Çünki, bu qrumun “problemin həlli yoxdur” tezisini qəbul edirsə, bəs, onlar həlli olamayan şeyi necə həll edəcəklər?

ATƏT-in MİNSK qrupunun üzvü olan Rusiya söylədiyimiz kimi bu problemin “memarı” və iştirakçısıdır. Hadisənin başlanğıcından 366-cı moto-atıcı polk, dağ-piyada əlahiddə kəşfiyyat batalyonu,desant-hücum polku kazak könüllülər və rus muzdluların torpaqlarmızın işğalında yaxından iştirak ediblər. I Qarabağ savaşında ərazilərin kəşfiyyatı və tutulması rus birliklərinin əli ilə həyata keçirilib. Müharibənin texnika və sursat təminatını Gümrüdə yerləşən 7-ci ordu (indiki 102-ci baza) həyata keçirib.

Çünki Azərbaycanda bütün Qafqaz üçün hərbi hissələri təmin edəcək hərbi bazaları sayı 8, Ermənistanda isə 3 olub, 1993-cü il yay kompaniyasında Azərbaycan tərəf sursat qıtlığından əziyyət çəksə də, Ermənistan tərəfdə bu hiss olmadı. Seperatçı rejimin hərbi kadrlarının təsirini də Rusiya hərbi məktəblərin də həyata keçirilir, son əməliyyat zamanı öldürülən (öldürülməsə belə görüntüsü ortalıqda olmayan və gizlədilən) general-leytnantlar M.Akoyan (366-cı polkda xidmət edib) qondarma qrumunun “müdafiə naziri” olub) və indiki “müdafiə naziri” L.Mnasakanyan (bu adamın hərbi təhsili yoxdur. Rusiyada Akademiyada təhsilartırma kursu keçib.Ali təhsil aldığına da yerli ermənilər inanmırlar. Muzdlu quldur dəstələrin tərkibində döyüşüb. Adından bəyanatlar verilsə də, əməliyyatdan sonra görüntülənməyib) da Rusiya Hərbi Akademiyaların da müdavin olublar.

Hazırda NATO və Qərbin Rusiya ilə ciddi problemləri var. ABŞ anti işğal qanunu Konqresdə təsdiqləyib. Krım, Dnestryanı Abxaziya, Osetiya kimi ərazilərin adı bu siyahıda var. Çalışıb Qarabağın adını bu siyahıya daxil etdirməliyik. NATO-nun Moldova və Gürcüstanda hərbi təlimlərə start verməsi, Rusiya ilə münasibətləri gərginləşdirib. Amerikaya məxsus hərbi texnika karvanı Kişinyovun yaxınlığındakı Nargeşt poliqonun da keçiriləcək “Dragon-Pioner-2016” hərbi təlimlərində iştirak etmək üçün ölkəyə daxil olub. Gürcüstanda isə Poti limanı vasitəsi ilə NATO-ya məxsus texnika Noble “Partner-2016” hərbi təlimlərində iştirak üçün gəlib. Həmsədr ölkələr arasında ciddi narazılıqların olması göz qabağındadır və onların birgə hansısa problemi həll etmələrinə inanmaq sadəlöhlük olardı. Rusiya dəfələrlə Ermənistana və seperatçı rejimə silah yardımları etmiş bir ölkə olduğu üçün həmsədrlikdən qala bilməz və onun təklif etdiyi status-kvo rədd edilməlidir. Azərbaycanın etirazlarına baxmayaraq, qondarma rejimin daimi nümayəndəliyi Moskvada fəaliyyət göstərir.


Fransa seperatçı qüvvələrə hələ 1992-ci ildə etdiyi yardımlarla yadaşlarda qalıb.İlk Legioner terrorçu dəstələrin formalaşdırılaraq, bölgəyə göndərilməsi də bu ölkənin adı ilə bağlıdır. Bu işə Fransanın sabiq prezdenti Fransua Mitteranın həyat yoldaşı Daniella Mitteran rəhbərlik edirdi. Məhz o Qarabağa 400 nəfərlik ilk legioner dəstəni yola salıb . Bu dəstələrin maddi təminini Fransa tərəf ödəyirdi. Azərbaycanın etirazlarına baxmayaraq, Parisdə qondarma qrumun daimi nümayəndəliyi fəaliyyət göstərir. Hadisələrin ilk çağlarında öz “ədalətini” zərər görmüş tərəfə “907-ci düzəlişlə” göstərən ABŞ Ermənistana və seperatçı rejimə milyardlarla dollar yardımlar edib. ”Lragir.am”(29.04.2016) saytı yazır:

“ABŞ-ın 6 ştatı Qarabağa bir başa köməklik və yardımlar göstərir. Hətta separatçı-terrorist bir rejimə silahların modernləşdirilməsi sahəsində yardımlar göstərən ABŞ-ın bölgə uğrunda mübarizədə Rusiya ilə rəqabəti var. Azərbaycanın etirazına baxmayaraq, qondarma rejiminin Vaşinqtonda daimi nümayəndəliyi fəaliyyət göstərir.”

Məncə, bu faktlar hər üç ölkənin həmsədirlikdən uzaqlaşdırlmasına səbəb verir. Həmsədr ölkələr arasında rəqabət və qütbləşmə olması bu qrumun normal fəaliyyətinə imkan vermir. Nəticə olaraq ilkin variantdan bir addım qabağa gedilmir. Münaqişədə tərəfsiz olmağa meyilli Almaniya, İngiltərə, İsrail, İran, Norveç və.s kimi xeyli sayda dövlətlər var.

Bunu hamı yaxşı bilir ki, Qarabağ problemi hərbiləşmiş problemdir. Onun tərəflərinin mövqeləri qətiyyən uyğunlaşmır. Bu da müharibəni qaçınılmaz edir. Faktiki olaraq Ermənistan Azərbaycanın ərazilərinə göz dikib. Dünyanı erməni istəyinə uyğun paylaşmaq isə mümkün deyil. Məhdud saylı erməni diasporu yaşayan Vaşinqton, Moskva, Pekin, İstanbul, Paris, London və.s kimi şəhərlər erməni vilayətlərinin əyalət şəhərləri sayılardı. Çünki erməni xəstəliyinin mahiyyəti budur. Dünyada ərazilərin “gəlmə xalqların istəyinə uyğun paylanması” faktı qeydə alınmayıb. Amma işğal faktları var. Ermənisatanı dəstəkləyən ölkələr işğal faktını dəstəkləyənlərdir. Çünki bölgədə yaşayan erməni azlığa təklif olunan “muxtariyyət özünüidarə insan haqları” və.s kimi humanist təklifləri “miatsum” tələbi ilə rədd edən toplumun istəyi yetərincə aydındır. Belə çıxır ki, 50 minlik bir etnik toplum yaşadığı ölkələrdə insident yaradıb müstəqilliklə referendium tələb etməlidir? Rusiya Federasiyası tərəfindən tarixən işğala məruz qalmış yerli xalqların istəklərinə məhəl qoymayan Rusiyanın bu problemində canfəşanlığı qeyri səmimidir.

Problemin geostrateji anatomiyasını hazırlamaq üçün ciddi araşdırmalara başlanmalıdır. Problemə yanaşmaq tərzləri fərqli olan təşkilat və ölkələr qruplaşdırılmalıdır.Region dövlətləri ilə əlaqələrimiz və perspektivlər müəyyənləşdirilməlidir. Qonşu dövlətlərlə əlaqələrimizə nəzər salaq.





Türkiyə-etnik və milli hədəflər baxımından ən yaxşı tərəfdaşımız hesab olunur.Bu gün hərbi kadrların hazırlanmasında yardım edir. Xarici siyasət kursunda birgə çıxış edə bilərik. Ermənistanın və Rusiyanın çəkindiyi iki millət bir dövlət danışıqlar da Azərbaycan üçün əlavə dvindentlər verir. Azərbaycan tərəfi özü də bu siyasi faktordan məharətlə istifadə edir. Azərbaycan öz payı hesabına olsa belə Türkiyənin əsrin müqaviləsində iştirakçıya çevirdi. Hazırda TANAP lahiyəsinin əsas iştirakçılarındandır. Türkiyə neft-qaz nəqli edən tranzit ölkəyə çevrilib. Lakin bunlarla yanaşı ermənilərin fəal olduğu maliyyə qaynaqlarına sahib olduğu və parlamentində təmsil olunduğu bir ölkədir. Almaniya Bundestaqının rəsmi məlumatına görə Türkiyə-Ermənistan iqtidsadi ticari əlaqələri inkişaf edən xətt üzrə gedir. Hazırda bu dövriyyəyə 250 milyon dolları ötür. Erməni miqrantlarının Rusiayadan sonra ən çox üz tutduğu ölkədir.







İkinci qonşumuz İran etnik və dini məzhəb baxımından yaxın ölkə sayılır. Hadisənin ilk vaxtlarında İran vasitəçilik etməyə israrlı idi. Lakin 8 may 1992-ci ildə İranın planını başa çatdırmaq üçün Rusiya Şuşanın işğalını realaşdırırdı. İran bu üsulla kənarlaşdırırdı. Elçibəyin yalnış siyasəti və ölkədə yaşayan 35 milyonluq Azərbaycan türkünün oyanış qorxusu İranı Ermənistanı dəstəkləməyə sövq elədi. Ermənistan İranla olan sərhəddi “həyat yolu” adlandırırdı. İki ölkə arasında 36 anlaşma və 24 müqavilə imzalnıb.(heç biri indiyədək tam yerinə yetirilməyib). Prezident İ.Əliyevin İrana səfəri zamanı “Araz çayı üzərində “Xudafərin və Qız qalası” hidro qovşaqları və su elektrik stansiyasının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyyatlarından istifadə haqqında” 2016-cı ilin fevralında saziş imzalandı. Sazişdə İranın və Azərbaycanın ərazi bütövlüyünə hörmət bəyan edilib. Sazişi İranın mövqeyi hesab etmək olar. Çünki Cəbrayıl rayonu ərazisindəki hidroqovşaqdan birgə istifadə etmək niyyətini İran tərəfi bəyan edib.
İrana sanksiyalar tətbiq edildiyi vaxtlar Azərbaycan prezdentinin: “Heç bir üçüncü dövlət bizim ərazimizdən İrana zərbə endirmək üçün istifadə edə bilməz “ bəyanatını unutmayıblar. Çox güman ki, İran Azərbaycan siyasəytində ciddi korrektələr edəcəkdir.




Gürcüstan dövlətinin daha çox problemi var. Abxaziya və Osetiya problemləri ilə yanaşı Çavaxetiyada da etnik-seperatizm “ocağı” var. Azərbaycanda qonşuluq prinsiplərinə tam əməl olunur. Birgə fəaliyyət göstərilməsə də GUAM-da təmsil olunurlar. Eyni mövqedən çıxış edirlər. Rusiya ilə savaş dönəmində Azərbaycan öz daxili imkanları hesabına Gürcüstanın qaz təminatını ödədi.

Azərbaycan sayəsində Gürcüstan bir sıra beynəlxalq sazişlərin iştirakçısına və tranzit ölkəyə çevrilib. Azərbaycan tərəfi bu ölkənin iqtisadiyyatına ən çox sərmayə yatıran ölkələr sırasındadır. Gürcüstan dövləti də erməni seperatizmi və terrorçu dəstələrindən zərər görüb. Abxaziyada gürcülərə qarşı qanlı cinayətlər törədən qanunsuz “Baqramyan” hərbi dəstələri erməni mudzularından təşkil edilmiş və Rusiya tərəfindən silahla təmin olunmuşdu. Ermənistanın bu ölkənin ərazilərinə də iddiası var .Qarabağ probleminin həllindən sonra “gizli erməni planına” görə savaş Cavaxetiya bölgəsinə keçiriləcək. Demoqrafiq cəhətdən Abxaziyanı “həzm” edən erməni seperatizmi bu dəfə nəzərini Qara dənizə çıxmaq üçün Qurya bölgəsinin işğalına dikib. Acariyada separatizimi oyatmaq və bölgənin də eyni vaxtda ermənilər birgə mübarizəyə təhrik edilməsi, bu plana daxildir. Bu plana görə Abxaziya “Kiçik Ermənistan” adlandırılacaq və Qara dəniz vasitəsi ilə sərhəd olacaq. Problemlərin və düşmən hədəfində olmağımız bizi daha da yaxınlaşdırdı. Həm də ölkədə 300 mindən artıq qədim kökləri olan soydaşlarımız yaşamaqdadır.





Qazaxıstan və Türkmənistan dəniz vasitəsi ilə həmsərhəd sayılan etnik və milli hədəflər baxımından yaxın sayılan dost və qardaş ölkələrdir. Qazaxıstan prezidenti N.Nazarbayev hələ hadisələrin ilk çağlarında Byeltsinlə bölgəyə səfər edib. Son olaylar zamanı ədalətli movqeyi ilə çoxlarından seçildi. KTMT-yə Ermənistanın tanınmış sərhədlərə daxil edilməsini də N.Nazarbayev təklif etdi .İqtisadi və Siyasi əlaqələrimiz ideal səviyyədədir.

Türkmənistanla sərhəd mübahisələrimiz olsa da münasibətlərimiz normaldır.Türkmənistan xalqı və rəhbərliyi haqq işində Azərbaycanı dəstəkləyir.





Rusiya haqqında isə gəlişi gözəl sözlər azlıq təşkil edir. Qarabağ problemi bu ölkənin istər tarixi, istər inzibati, istər siyasi və istərsə də hərbi baxımından yaratdığı qondarma bir əsərdir .Qafqada Rusiyasız erməni problemi yoxdur.Birinci savaşın faktiki iştirakçısı olduğu bir problemə “Status-kvo” donu biçən V.Kazimirov indi bu problemi “həlli olmayan problem” adlandırır.Sən demə “ayının” min oyunu elə Qarabağın başındadır. Bu sahədə dünyanı ədalətsiz qərarlar qəbul etməyə zorlayan da Rusiyadır. Tərəflərdən kim onun əleyhinə çıxarsa, günahkar sayılacağını dəfələrlə bəyan edib.
Rusiyanın Qarabağ münqişəsində rolu barədə gələn sayımızda.

Ardı var...

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri.
Femida.az


Açar sözlər:

Oxunub: 17835