Respublika turniri keçiriləcək


04:29     09 İyun 2016 gules8.jpg

İyunun 11-də Bakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçiriləcək.


Femida.az-ın məlumatına görə, yarışda iştirak üçün Gürcüstan, Türkiyə və Alaniya komandalarına dəvət göndərilib.

Yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Oktay Hüseynovun xatirəsini yad etməkdir.

Yarışlarda 29, 32, 35, 38, 42, 47, 53, 58, 66 və 73 kq çəki dərəcələrində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr iştirak edə bilər.

Turnirin hazırlanmasına və keçirilməsinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Respublika Olimpiya İdman Liseyi rəhbərlik edir. Yarış Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyanının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək.

Fəxri kürsünün ilk üçlüyündə qərar tutmuş idmançılar diplom, medal, idman geyimi və pul mükafatı ilə təltif ediləcək.

Görüşlər iyunun 11-də saat 10:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi isə saat 15:00-da keçiriləcək. Ardınca final görüşləri baş tutacaq.

Açar sözlər:

Oxunub: 1112