Türkiyənin Suriya ilə bağlı ”buqələmun siyasəti”


18:50     23 İyun 2015 frrrr1383%20(1)0.jpg


911 km quru sərhədləri olan Suriya və Türkiyə arasındakı münasibətlər tarix boyu xoş olmayan xarakterə malik olub. Türkiyənin irəli sürdüyü iddialara görə, Suriya terror qruplaşmalarına sığınacaq verən, su resurslarının bölüşdürülməsində problem yaradan və eyni zamanda, Türkiyənin ərazi bütövlüyünə iddialarından əl çəkmədiyinə görə, daima münasibətləri gərginləşdirən bir imic yaradıb. Analoji olaraq, Suriya hökuməti də qərb ölkələrini müdafiə etdiyinə görə Türkiyəyə mənfi münasibət bəsləyib. Suriya hökumətinin “PKK” və “ASALA” kimi terrorçu qruplaşmalara dəstək verməsi ilə gərginlik pik nöqtəyə çatıb.

Lakin sonradan Suriya-Türkiyə arasında buzlar əriməyə doğru getdi. Belə ki, Suriya hokumətinin «PKK» terror təşkilatının lideri Abdullah Öcalanı ölkədən çıxarmasından sonra Suriya-Türkiyə münasibətlərində gərginlik səngiməyə başladı. Türkiyə qonşu ölkələri ilə “sıfır problem” kontekstindən çıxış edərək Suriya ilə əlaqələrini genişləndirmək üçün çoxşaxəli fəaliyyətə başlamış, bu istiqamətdə müsbət addımlar atılmış və Türkiyənin keçmiş baş naziri, hazırda isə prezident olan Rəcəb Tayyib Ərdoğan Əsədə “qardaşım” müraciətini ifadə edib və bu kuryoz siyasi konyuktura Suriyadakı vətəndaş müharibəsinin baş verməsi fonunda mürəkkəb siyasi xarakter almağa başladı.

“Ərəb baharı”nın başlanması və Suriyada baş verən vətəndaş müharibəsindən sonra Türkiyənin Əsəd rejiminə qarşı sərt reaksiyası, xüsusilə bu sərt münasibətin qısa bir zaman kəsiyində baş verməsi həm daxildə, həm də beynəlxalq arenada təzadlı fikirlərin yaranmasına səbəb oldu.

Nəticədə, Ərdoğan əvvəl “qardaşım” dediyi Əsədi tənqid etməyə başladı və Suriyadakı mövcud rejimi dəstəkləmədiyini açıq-aşkar ifadə etdi.

Bəs Türkiyənin Suriya ilə bağlı planlarının birdən-birə dəyişməsinin səbəbi nə idi?

Bu səbəb bir sıra arqumentlərlə izah edilir.


Türkiyə daxilindəki iqtidar meyilli qüvvələr səbəbi bu arqumentlərlə izah edirdilər: Şam rəhbərliyi diktatordur, xalqın tələblərini yerinə yetirmir, xalqa qarşı zülm edir, Şam hökuməti Ankaranın xalqın tələblərini həyata keçirmək üçün irəli sürdüyü islahatlar təklifini qəbul etməyib və sonda da qeyd olunur ki, Ankaranın Suriya hökumətini deyil, xalqın maraqları prizmasından çıxış etməsi tamamilə əxlaqi və vicdani məsuliyyətindən irəli gələn bir məsələdir.

Təbii ki, bu arqument səbəbi bütövlükdə izah edə bilməz. Aysberqin görünməyən tərəflərində başqa motivlər dayanır.

Bəs o səbəblər hansılardır?

Münasibətlərin birdən-birə gərginləşməsi xarici faktorlarla bağlı ola bilərdi...

Əks cəbhənin nümayəndələri isə, münasibətlərin ani dəyişilməsini xarici faktorların təsiri ilə əlaqələndirirlər və bir sıra arqumentlər irəli sürürlər. Hökumətin Suriya siyasətini tənqid edənlərə görə: Türkiyə dünən Suriya ilə əlaqələrini inkişaf etdirərkən də, bu gün Suriyaya qarşı düşməncə bir mövqe alarkən də, əslində özünə kənardan verilən rolu oynayıb. 2003-cü ildə işğal etdiyi İraqla məşğul olan Amerika Suriyanın həm İraq, həm də Fələstin problemi fonunda mənfi rolunu Türkiyəyə həvalə etmişdi. Bu səbəbdən, Türkiyə öz öhdəsinə götürdüyü bu rolla Suriya ilə əlaqələrini inkişaf etdirərək, bir tərəfdən Suriyanı İrandan uzaqlaşdırmağa, bir tərəfdən də Suriya və İsrail danışıqlarında vasitəçilik edərək Şamı "Orta şərq barış müddətinə" qazandırmağa çalışmış, yəni əslində ABŞ-ın maraqlarına xidmət etmişdir. Suriya və İsrail danışıqlarının kəsilməsi, ABŞ-ın İraqdan tək bir hərbi baza belə əldə edə bilmədən çəkilməsi və Suriyanın İranla yaxınlaşması nəticəsində, Türkiyə "Ərəb Baharı" - dan Suriyada rejim dəyişikliyi üçün bir vasitə olaraq istifadə etməyə başlamışdır. İraqdan böyük zərərlə çıxan ABŞ hələ də Əfqanıstan bataqlığındadır. Buna görə də Vaşinqton Liviyada olduğu kimi Suriyada da hadisələrə birbaşa müdaxilə etməkdən çəkinmişdir və əməliyyat rollarını regional müttəfiqləri arasında paylaşdırmaqdadır.

Bu səbəbdən, Türkiyənin Suriyada rejim dəyişikliyini reallaşdırmaqda ABŞ-dan daha aktiv görünməsi Ankaranın müstəqil siyasətindən deyil, Vaşinqtondan aldığı ilhamdan qaynaqlanır.

Bu sadalanan fərqli fikirləri müqayisəli şəkildə təhlil etsək görərik ki, əslində Türkiyənin Suriyadakı vəziyyətlə bağlı mövqeyi daha çox Türkiyənin regionda önəmli aktor olmaq, münaqişələrin həll edilməsində vasitəçi rolunu öz üzərinə götürməklə beynəlxalq arenada nüfuzlu bir dövlətə çevrilmək və aktiv bir siyasət həyata keçirmək strategiyasından irəli gəlir. Qərb dövlətlərinin israrla Türkiyəni Suriya və İraq ərazisində fəallaşan “İŞİD” terror qruplaşmasına müdaxilə etməyə təhrik etməsi və nəticədə Türkiyənin “ümumilikdə Əsəd rejiminə qarşı müdaxilə olarsa, o zaman Türkiyənin hərbi əməliyyatlarda aktiv iştirakı mümkün ola bilər” mövqeyi Türkiyənin bu məsələdə fərqli düşüncəsinin təzahürüdür.

Türkiyə Suriya hadisələri ilə nələrə nail olub?

Türkiyənin dövlət strategiyasının əsasını təşkil edən “Strateji dərinlik” və “Sıfır problem” siyasəti nə dərəcədə Suriya məsələsində özünü doğrultmuş və Türkiyə bu problemin həllində nələrə nail olmuşdur sualına cavab versək, görərik ki, Türkiyə bu məsələdə gözlədiyi nəticəni əldə edə bilməyib. Belə ki, Əsəd rejimi hələ də devrilməyib, bununla yanaşı hazırda Türkiyə ərazisində Suriyadan qaçmış 2 milliona yaxın qaçqın var və Türkiyə bu vaxta qədər qaçqınlara təxminən 5 milyard Amerikan dolları həcmində vəsait xərcləyib.

Bununla yanaşı, “İŞİD” terror qruplaşmasının ortaya çıxması və İraq ərazisində neftlə zəngin olan torpaqları ələ keçirməsi nəticəsində Amerikan və Qərb dairələrinin əsas diqqətini “İŞİD”-ə çevirməsi və Əsəd rejiminin ikinci plana keçməsi Türkiyənin Əsədlə bağlı planlarına ciddi təsir göstərmişdir. Amerika açıq şəkildə öncəliyinin Əsəd olmadığını ifadə etməkdədir və Türkiyənin irəli sürdüyü uçuş üçün qadağan olunmuş bölgənin yaradılması, tampon bölgənin yaradılması və daha sonra bütün Suriyanı əhatə edəcək quru qoşunun müdaxiləsi təklifini qəbul etməməkdədir.

Türkiyənin kürdlərlə “Barış müddəti” ərəfəsində olduğunu nəzərə alsaq, baş verən proseslərin Türkiyəyə cox ciddi təsir etdiyini görə bilərik . Nə qədər tərəddüdlü olsa belə , baş verən hadisələr bunu deməyə əsas verir ki, Suriya artıq Türkiyə üçün milli problem həddinə gəlib çatıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2004