And olsun Tanrıya, belə yaşamaq olmaz - VİDEO


19:58     23 İyun 2015 irevan6.jpg


"Tanrı eləməsin ki, Baqramyan prospektində etiraz edən bu gözəl gənclərin, bu uşaqların başından bir tük düşə! İstənilən səbrin həddi, dözümün sonu var. Xalqı həyasızcasına, abırsızcasına, heç bir sərhəd bilmədən qarət etmək, soymaq olmaz! Serj Sarkisyan, axı nə qədər yemək olar?! Artıq dayanmaq vaxtıdır. Tanrım, bu gəncləri qoru! Onların yeganə istəkləri özlərini normal insan, normal vətəndaş kimi hiss etməkdir".

Yerevan sakini, 53 yaşlı Karine Ağbabyan belə deyir.

O, dünən Yerevanın mərkəzindəki Baqramyan prospektinə çıxaraq hakimiyyətə etiraz edən minlərlə vətəndaşı dəstəkləyir.

Karine Ağbabyan kimi insanlar Ermənistanda milyonlarladır.



Onlar elektroenerji tariflərinin qəflətən, heç bir ilkin xəbərdarlıq və açıqlama olmadan bahalaşmasına etiraz edirlər. İyunun 17-də Ermənistan Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, ölkədə elektroenerji tarifləri 7 dram bahalanıb.
Minlərlə erməni Yerevanın mərkəzi küçələrinə çıxaraq artıq qüvvəyə minmiş bu qərara etirazlarını bildiriblər.

Onların etirazları isə heç nəyi dəyişməyib.

Prezident Serj Sarkisyanın idarə etdiyi ölkədə zatən nə zaman "adi vətəndaş" sayılan insanların səslərinə qulaq asıblar, onların fikirlərini və mövqelərini ciddiyə alıblar ki...

Əslində Yerevanda etirazlar ötən həftənin cümə günü "Talana son!" şüarı ilə başlanmışd. Aksiya iştirakçıları tariflərin dəyişdirilməsi üçün hakimiyyət dairələrinə bazar ertəsinədək vaxt verdiklərini demişdilər.

"Bazar ertəsinədək bahalaşma ilə bağlı qərar ləğv olunmasa, prezident iqamətgahına yürüş edəcəyik", - deyən etirazçılar faktiki olaraq kiçik piketin yeni narazılıq hərəkatına çevrilməsinin fərqində deyildilər.

Ermənistanın hakimiyyət dairələri elektroenerji tariflərinin bahalaşması ilə bağlı qərarı dəyişə bilərmi? Bununla bağlı şanslar azdır. Amma minlərlə insanın mübarizə əzmini, onların siyasi letargiya yuxusundan ayılmalarını, Sarkisyan rejimininin korrupsiya və haramzadalıq bıçağını cəmiyyətin səbr sümüyünə dirədiyini anlamaları müəyyən nikbinliyə əsas verir.



Ən azı, ona görə ki, yeni protest elektoratının formalaşmağa başladığı şübhəsizdir və Sarkisyan iqtidarı da durumun daha da qəlizləşməsini istəmirsə, müəyyən güzəştlərə getmək məcburiyyətindədir.

Ermənistanın elektroenerji hasilatı və paylanması şəbəkəsi Rusiyanın RAO EES şirkətinin törəmə qurumu olan "İnter RAO"nun əlindədir.

Moskva da ermənilərin Rusiyaya sədaqətlərini şifahi olaraq fasiləsiz izhar etmələrinə rəğmən, əməldə Qərblə "separat" danışıqlar aparmalarından çox narazıdır. Bu səbəbdən də "İnter RAO" əsas subyektlərini satışa çıxarıb.

Ermənistanı qarşıda daha ağır günlər gözləyir. Nədən ki, elektroenerji tariflərinin bahalaşmasından cəmi 2 gün sonra Ermənistanın Nazirlər Kabineti bir çox məhsulların aksiz vergilərinin artırılmasına qərar verib.

Bu isə heç şübhəsiz ki, Ermənistan iqtisadiyyatında zəncirvari bahalaşmaya səbəb olacaq.

"Talana son!" aksiyası həm də Ermənistanda gənclərin siyasi apatiyadan ayılmağa başladıqlarını, süstlükdən qurtulmağa qərar verdiklərini göstərir.

Aksiyanın arxasında "Çiçəklənən Ermənistan" Partiyasının rejissurası görünsə də, önəmli deyil.

Əsas məsələ erməni gənclərinin oğru, quldur və yalançı hakimiyyətə qarşı çıxmağa cəsarət tapmalarıdır.

Əslinə baxsaq, tarif artımı paradoks, sensasiya deyil. Dünyanın istisnasız olaraq bütün dövlətlərində belə qərarlar verilir, dövlətin maraqları və iqtisadiyyatdakı problemlərin həll yolları nəzərə alınır. Ermənistanda isə istənilən tarif dəyişikliyi, istənilən formada bahalaşma yalnız və yalnız hakimiyyət dairələrinin talanlarını ört-basdır etmək, büdcədən oğurlanan pulları vətəndaşların hesabına təmin etmək məqsədi güdür.

..."And olsun Tanrıya - belə yaşamaq olmaz! Artıq yetər, bəsdir!" - Baqramyan prospektindəki gənclər qışqırırdılar...

Açar sözlər:

Oxunub: 1048