Bacıları zorlayıb öldürən şəxs qərardan narazıdır


19:30     11 İyun 2016 qetl99.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elnur İsmayılovun apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi ilə bağlı müraciətinə baxılıb.



Femida.az -ın APA-ya istinadən məlumatına görə, məhkəmə onun şikayət vermə müddətini bərpa edib.

Qeyd edək ki, E. İsmayılov Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Çiçək Alıyevanı mənzilində döyərək qətlə yetirməkdə təqsirləndirilib. Hadisə ötən ilin aprel ayında baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmü ilə E. İsmayılov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt o, hökmdən şikayət verməyib.

Qeyd edək ki, E. İsmayılov bir neçə il əvvəl də cinayət törədib. Belə ki, 2008-ci ildə Dəvəçi rayonunun Dağ Bilici kənd sakinləri Nailə və Reyhanə Məcidova bacıları itgin düşüb. Bir müddət sonra onların zorlanaraq qətlə yetirildikləri məlum olub. Hadisəni törətməkdə təqsirləndirilən Qələgah kənd sakinləri - Təvəkkül, Elnur və Elçin İsmayılov qardaşları tutulub. 2009-cu il iyunun 11-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə onlara hökm oxunub. Məhkəmənin hökmü ilə Təvəkkül İsmayılov ömürlük, Elnur İsmayılov 6 il , Elçin İsmayılov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.


Onlar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 149-cu (zorlama), 150.2.3-cü (azyaşlı şəxsə qarşı seksual xarakterli əməllər törətmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 144.3-cü (adam oğurluğu), 177-ci (oğurluq), 178-ci (dələduzluq) və 221-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini hazırlama, saxlama, satma, daşıma, göndərmə) maddələri ilə ittiham olunublar. İttihama görə, qardaşlar Məcidova bacılarını öldürdükdən sonra Samur-Abşeron kanalına atıblar. N. Məcidovanın meyiti 2008-ci il avqustun 9-da Samur-Abşeron kanalının Siyəzən istiqamətində aşkarlanıb. R. Məcidovanın meyiti isə tapılmayıb.

Açar sözlər:

Oxunub: 1842