“Qərb bu dəfə niyə susduğunu çox yaxşı bilir...”


14:59     24 İyun 2015 qabilll.jpg

“Azərbaycanın şikayətçi olduğu tək bir məqam var, o da Qərb dövlətləri və Minsk Qrupunun Dağlıq Qarabağın həllinə xristian təəssübkeşliyi ilə yanaşmasıdır”.


Bunu Azərbaycanda keçirilən I Avropa Oyunlarına qarşı təbliğat aparan və hər zaman insan hüquqlarından danışan Qərbin son bir neçə gündür Ermənistanı bürüyən kütləvi etiraz aksiyalarına biganə qalması barədə danışarkən politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ermənistanın Qərb tərəfindən aşkarcasına müdafiəsini hər addımda görürük: “Son zamanlar bəzi beynəlxalq təşkilatlarda Ermənistan işğalçı yox, Azərbaycan torpaqlarının bir hissəsinə nəzarət edən dövlət kimi göstərilir. 20 ildir ki, işğal etdikləri torpaqlarımızda oturublar, milli-mənəvi mədəniyyətimizi talan edirlər, 350 milyard dollardan çox ziyan vurublar. Maraqlıdır, bir ölkənin ərazisini işğal etmədən ona necə nəzarət etmək olar? Qərb yüz illərdir ki, Ermənistanı öz ağuşunda qoruyaraq onu bir dövlət etmək üçün var-qüvvəsini sərf edir. İndi isə işğal faktını gizlətməklə, xüsusən də ölkədaxili prosesləri ört-basdır etməklə Ermənistanın xaricdəki imicini qoruyub saxlamağa çalışır”. Q.Hüseynli Qərbin bu dəfə Azərbaycanla bağlı çox pis yanıldığını bildirib: “Niyə Ermənistanda miqrasiya prosesinin pik nöqtəsi, ordunun ağır vəziyyəti, insanların maddi rifahının pisləşməsi, sənaye istehsalının yox dərəcədə olması və ölkənin xaricdən gələn humanitar yardım hesabına dolanması barədə danışmırlar? Faktiki olaraq Ermənistan bir dövlət kimi ona lazım olan atributlarından məhrum olmaq üzrədir. Sadəcə, rus silahının hesabına ayaq üstündə dururlar. Bütün bunları görməzdən gəlir, Azərbaycanda kiçik bir hadisə baş verən kimi dərhal hərəkətə keçirlər. Qərbin bu subyektiv, qərəzli yanaşması illərdir davam edir və bu proses Oyunlar ərəfəsində öz zirvəsinə çatsa da, mənfi yönlü gözləntiləri özünü doğrultmadı və Qərb bu dəfə çox pis yanıldı. Demokratiyadan, insan haqlarından danışılması çox yaxşıdır. Ancaq özlərinə və Ermənistana gəldikdə niyə susduqlarını özləri də yaxşı bilirlər”.

Açar sözlər:

Oxunub: 796