“AŞPA öz qətnamələrinə hörmət etmir” - Millət vəkili


22:27     25 İyun 2015 img1841183.jpg

Millət vəkili Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) çıxış edərək təşkilatı Avropa Məhkəməsi, BMT Təhlükəsizlik Şurası və öz qətnamələrinə hörmətsizlikdə ittiham edib.

Q.Paşayeva çıxışında deyib: "İyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində məcburi köçkünə çevrilən və öz evlərinə dönə bilməyən bir qrup azərbaycanlı məcburi köçkünlərin işi üzrə, “Çıraqov və başqaları Ermənistana qarşı” adlı şikayət ərizəsi üzrə qərar qəbul edib. 20 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurası və 12 il əvvəl burada, bu Assambleyada qəbul olunan 1416 saylı qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsi nəticəsində öz evinə dönə bilməyən, öz evində yaşaya bilməyən məcburi köçkünlər Avropa Məhkəməsinə üz tutmaq məcburiyyətində qalmışdılar. Avropa Məhkəməsinin çıxardığı qərar çox önəmlidir və onlar yerinə yetirilməlidir. O qərarda Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlaması və azərbaycanlı məcburi köçkünlərin tapdalanan insan haqları birmənalı şəkildə vurğulanır".

O, qeyd edib ki, Assambleya Ermənistana AŞ PA-nın 1416 saylı qətnaməsinin və Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməsi istqamətində təsir mexanizmlərinə əl atmalıdır: "Biz iki gün əvvəl Assambleyada Azərbaycanda demokratik institutların vəziyyətinə dair qətnamə layihəsini müzakirə edən zaman bəzi həmkarlarımızın təşəbbüsü və dəstəyi ilə qətnamə layihəsindən Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması ilə bağlı maddənin sənəddən çıxarılmasını böyük təəssüflə qarşılayırıq və etiraz edirik. Çünki bu addım beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası, Avropa Məhkəməsi, həmçinin AŞ PA-nın 1416 saylı qətnaməsinə ziddir. Assambleyamızın qəbul etdiyi 1416 saylı qətnamənin qəbulundan 12 il keçir, amma bu günə qədər Ermənistan onu yerinə yetirməkdən imtina edərək işğal etdiyi Azərbaycan torpaqlarını azad etmir. Bunun nəticəsində 1 milyondan çox insan bu gün də qaçqın və məcburi köçkün həyatı yaşamaqda davam edir və öz evinə dönə bilmir. 20 ildən artıqdır ki, təşkilatın bir üzvü Ermənistan qurumun prinsiplərini pozmaqda davam edərək təşkilatın üzvü Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Bu məsələ ilə bağlı Parlament Assambleyasının təyin etdiyi məruzəçi ilə rəsmi İrəvan çalışmaq istəmir, onun fəaliyyətinə əngəllər törədir".

Q.Paşayeva bildirib ki, Parlament Assambleyası bu məsələyə daha ciddi yanaşmalı və bu istiqamətdə də geniş müzakirələr aparmalıdır: "100 minlərlə insanın haqları təşkilatımızın üzvü olan bir ölkə tərəfindən pozulur, amma ana fəlsəfəsi insan haqları olan təşkilatımız bununla bağlı işğalçı ölkəyə qarşı heç bir addım atmır. Sizcə, bu ikili standart deyilmi? Hər sessiyada Rusiya ilə bağlı müzakirələr var. Nədən təşkilatın üzvü olan Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistanla bağlı müzakirələr aparılmır? Ona görə də biz sizi bu mövzuya diqqət ayırmağa, bununla bağlı müzakirələrin aparılmasına çağırırıq. Öz evinə dönə bilməyən və insan haqları işğalçı Ermənistan tərəfindən 23 ildir tapdanmaqda davam edən 100 minlərlə azərbaycanlı qaçqın və məcburu köçkün sizdən bunu gözləyir və sizi buna çağırırlar".

Açar sözlər:

Oxunub: 758


Oxşar xəbərlər