Banklarımız nədən qorxur? – TƏHLİL


15:02     16 Aprel 2015 bank%20pul.jpg

Hazırda banklar tərəfindən kreditləşmə qeyri-qənaətbəxş vəziyyətdədir. Belə ki, ölkədə fəaliyyət göstərən 45 bankdan 7-sinin heç bir çətinlik nümayiş etdirmədən kredit ayırdıqları bildirilir. Yerdə qalanlardan bəzilərinin isə yalnız bu və ya digər valyutada, 14 bankın ümumiyyətlə, kredit verməyi dayandırdığı deyilir.

Halbuki, buna dərin və əsaslı heç bir səbəb yoxdur. Sadəcə, riskdən çəkinmə mövcuddur. Son 1 ayda ölkədə bank sisteminin qorunması və normal fəaliyyətini təmin etmək baxımından isə çox işlər görülmüş – müvafiq addımlar atılıb.

Məsələ bundadır ki, nizamnamə kapitalları ilə də bağlı problem ola bilməz. Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmovun keçən ay Milli Məclisdə hökumətin 2014-cü ildə fəaliyyətinə dair hesabatına aid keçirilən iclasında məcmu kapital tələbini ödəməyən bankların bağlanmayacağını bildirməsi, gözlənilən oldu.

Bu ilin yanvarın 1-də banklara məcmu kapitallarının həcmini 50 milyon manata çatdırmaq tələbinin müddəti bitdi. Xatırladaq ki, bu haqda qərar AMB tərəfindən 2012-ci il 25 iyul tarixdə verilmişdi. Qurumun İdarə Heyətinin sözügedən qərarına əsasən ölkədəki bankların məcmu, o cümlədən yeni yaradılacaq bankların nizamnamə kapitallarının minimum məbləği 2014-cü ilin yanvarın 1-dək 50 milyon manata çatdırılmalı olsa da bu, real görünmürdü. Hərçənd, göstərilən vaxtın yetərli olduğu söylənilmişdi. Lakin sonradan təkrar edirik, cari ilin yanvarınadək uzadıldı.

Bununla belə, AMB-in cari ilin yanvarın sonuna olan hesabatına əsasən 4 bank tələbi ödəyə bilməmişdi və onların nizamnamə kapitallarının həcminin 50 milyondan aşağı olduğu qeyd edildi. Düzdür, sözügedən bankların ölkədə fəaliyyət göstərən bütün bankların ümumi kapitalda pay səviyyəsi cəmi 0,7 faiz təşkil edir.

Məsələ ondadır ki, həmin banklar bağlanmadı. Və bu da AMB-in ölkədə hər hansı bankı bağlamaq istəmədiyini bir daha göstərdi. “AMB nizamnamə kapitallarının səviyyəsi 50 milyon manatdan aşağı təşkil edən bankların rəhbərləriylə razılaşma imzalamışdır. Hesab edirik ki, mövcud şəraitdə bank bağlanışı bazara ümumən mənfi təsir edə bilər. Biz, belə banklarla xüsusi olaraq kapitallaşma proqramı imzalamışıq ki, bağlanmasınlar və fəaliyyətlərini davam etdirsinlər”- deyə, E. Rüstəmov bildirmişdi. Bu cür siyasət sözsüz ki, vacibdir. Xüsusən də manatın dəyəri ilə əlaqədar indiki həssas məqamda bu mövqe alqışlanmalıdır.

Lakin çox istərdik ki, kapitallaşma sahəsində ölkə bankları “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-in təcrübəsindən istifadə etsinlər və onun yolu ilə getsinlər. Məlumdur ki ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi özəl səhmdarlara məxsusdur ki, bankın səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.

Məsələ ondadır ki, ötən ay Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) məlumatına əsasən ABB 100 milyon manat məbləğində səhmin əlavə emissiyası hesabına nizamnamə kapitalını 16,9 faiz - 690,2 milyon manata qədər artırmağı planlaşdırır.

QKDK martın 11-də bankın səhmlərinin əlavə emissiya prospektini qeydiyyata alıb. Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 0,27 manat olan 370 milyon 370,371 min ədəd səhmə bölünüb.

Yeri gəlmişkən, hazırda bankın nizamnamə kapitalı 590,2 milyon manatdır. Xatırladaq ki, 2013-cü ilin oktyabrında ABB-nin səhmdarları 4 il ərzində mərhələli şəkildə bankın nizmanamə kapitalının 500 milyon manat məbləğində artırılması barədə qərar qəbul etmişdilər. Birinci mərhələ - 200 milyon manat məbləğində artım 2014-cü ildə başa çatıb. Növbəti illərdə hər il 100 milyon manat məbləğində artım nəzərdə tutulur.

Biz, ötən şərhlərimizdən birində də qeyd etmişdik ki, qiymətli kağızların emisiyası və alqı-satqısı bazar iqtisadiyyatı şəraitində vəsait cəlbi və investisiya baxımından ən mühüm vasitələrdən biridir və iqtisadi artım, inkişaf üçün olduqca əlverişli üsuldur. Ona görə də inkişaf etmiş ölkələrdə qiymətli kağızlar bazarı maliyyə bazarının ən mühüm ünsürlərindən birini təşkil edir.

Yeri gəlmişkən, ölkə Prezidenti bankları bir neçə dəfə real sektoru maliyyələşdirməyə çağırıb. Digər bir misal isə elə bankların özünün nizamnamə kapitalının qaldırılması tələbinin yerinə yetirilməsi ola bilər. 50 milyon manatlıq tələbə nail olmaq üçün demək olar heç bir bankın müvafiq çətinliklərə baxmayaraq, vəsait cəlbi üçün səhmlər buraxmasına rast gəlinmədi. Bütün bunlar da ondan irəli gəlir ki, ölkədə bu sahədə - qiymətli kağızlar bazarının səhm buraxılışı və alqı-satqısı seqmentində stimullaşdırıcı tədbirlət həyata keçirmək tələb olunur. Bunun üçün isə maliyyə axınlarında sərbəstlik təmin olunmalıdır.

İri bankların bu sahədə əslində, heç bir problemləri yoxdur. Lakin ABB kimi bütün digər banklar da bu mexanizmə maraq göstərməlidirlər. Düzdür, qeyd oluna bilər ki, ABB-nin arxasında dövlət dayanıb. Ancaq AMB heç bir bankın bağlanmasını istəmirsə və bu sahədə açıq dəstək nümayiş etdirirsə, çəkinməli heç nə yoxdur.

Bu gün Azərbaycanda bank sektorunda artım səviyyəsi statistikaya əsasən, iqtisadi yüksəliş tempindən çoxdur. Başqa sözlə desək, bank sektorunda artım templəri iqtisadi artımı əhəmiyyətli surətdə qabaqlayır. Bank aktivlərinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti son 10 ildə 2,4 dəfə artaraq, iqtisadiyyatın maliyyə dərinliyi təxminən 78 faizə çatıb. Bu da bütövlükdə, orta yaxşı göstərici hesab olunur.

Ümumiyyətlə, banklar üçün minimum kapitala dair tələbin artırılmasından sonra məcmu kapital 2 dəfə artıb. Qlobal maliyyə burulğanı şəraitində məhz yüksək kapitallaşma dərəcəsinə görədir ki, bu gün bank sektorunda maliyyə sabitliyi hökm sürdüyü müşahidə edilir. Bu isə ölkənin bank sektorunun əslində, bir çox risklərə tab gətirmək gücündə olduğunu diqtə edir.

AzVision.az

Açar sözlər:

Oxunub: 1135