Üç Milli Qəhrəmanın doğum günüdür


13:53     27 İyun 2016 1466979607_yaver-eliyevin-malik-esedovun-ve-ruslan-muradov.png

Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir.


Femida.az xəbər verir ki, 27 İyun, torpaqlarımızın müdafiəsi uğrunda canından keçən üç Milli Qəhrəmanımızın doğum günüdür. Karabakhmedia.az saytına istinadla qəhrəmanlarımızın döyüş yolundan bəhs edən yazını oxuculara təqdim edirik.

YAVƏR ƏLİYEV

Milli hərbi aviasiyanın yaradılmasında onun böyük rolu olub.

Əliyev Yavər Yaqub oğlu 27 iyun 1956-cı ildə Bakı şəhərində anadan olub.

Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olub.

O, tükənməz səyi nəticəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənib. Y.Əliyev əvvəlcə Mİ-4, Mİ-2 vertolyotuna pilot, daha sonra isə komandir təyin edilib.

Y.Əliyevin Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük əməyi olub.

1992-ci ildə Şuşaya gələrək həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılmasında xüsusi səy göstərilmişdir.

Həmin ilin 14 fevralında MDB hərbi hissələrindən Azərbaycana bir neçə vertolyotun göndərilməsində Y.Əliyevin xüsusi xidməti olub. Dəfələrlə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar edib. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirib. 1992-ci il fevralın 29-da növbəti uçuşu zamanı düşmən tərəfindən vurulub, qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 14-sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib.

Vaxtilə təhsil aldığı 235 saylı orta məktəb onun adını daşıyır.


MALİK ƏSƏDOV

Əsədov Malik Hamil oğlu 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur.

1979-cu ildə orta məktəbi bitirdikdən sonra orduya çağırılmışdır. Hərbi xidməti Qazaxıstanda başa vurmuşdur. Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbləşdirilmiş Yanğından Mühafizə hissəsində əmək fəaliyyətinə başlamışdır. Xocalı, Əsgəran, Ağdam, Şuşada döyüşmüşdür.1992-ci il yanvarın 12-də Şuşaya yollanan silahlı döyüşçülərin arasında Malik də vardı.

Yanvarın 18-də ermənilər Şuşanın Nəbilər kəndinə hər tərəfdən hücuma keçmişdi. Bu hücumda erməni gülləsindən yara alanların biri də Malik idi. Amma buna baxmayaraq qəhrəman vətən oğlu özü ilə birlikdə bir neçə düşməni də məhv etdi və qəhrəmancasına həlak oldu.

Ailəli idi. Üç övladı var.Havarlı kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Əsədov Malik Hamil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində - işlədiyi idarənin önündə qəhrəmanın büstü qoyulmuşdur.

RUSLAN MURADOV

Muradov Ruslan Həmid oğlu 1973-cü il iyunun 27-də Mingəçevir şəhərində anadan olub. 1990-cı ildə Mingəçevir şəhər 10 nömrəli orta məktəbi bitirdikdən sonra Vitebsk şəhərində ali məktəbə daxil olub. Amma qeyri-müəyyəm səbəblər üzündən təhsilini yarımçıq qoyaraq Vətənə qayıdıb, atasının çalışdığı Mingəçevir Texniki Rezin Məmulatı Zavodunda işə düzəlib. 1992-ci il yanvarın 22-də Milli Ordu sıralarına daxil olub. 1992-ci ilin aprelində Ağdamın Papravənd kəndinə göndərilib. Orada həyata keçirilən bir çox kəşfiyyatın daha uğurlu olmasında Ruslanın da müstəsna rolu olub. 1992-ci ildə erməni işğalçıları tərəfindən vurulmuş Azərbaycan Silahlı Qüvvələrinə məxsus təyyarənin pilotunu xilas etmək üçün bir neçə döyüşçü yoldaşı ilə birlikdə keçirilən əməliyyat zamanı mühasirəyə düşüb. Amma böyük əzmkarlıqla mühasirəni yararaq təyyarəçiləri azad edib.

R.Muradov 1992-ci il avqustun 22-də Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.
Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Muradov Ruslan Həmid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulub.

Femida.az

Açar sözlər:

Oxunub: 5246