Borc verənlər mütləq oxusun – Qanun dəyişdi


13:56     27 İyun 2016 rusvet_01143.jpg

“Mülki məcəllənin 740-cı maddəsinə edilmiş dəyişikliyə əsasən 3.000 manatdan yuxarı məbləğdə borc verilərkən, yazılı formada borc müqaviləsi bağlanmalıdır. Bu maddənin əvvəlki məzmununda borcun məbləğindən asılı olmayaraq, şifahi müqaviləyə yol verilirdi (yazılı müqavilə bağlanmadan)”.


Bu sövzləri Femida.az-a açıqlamasında vəkil Asif Abdullayev deyib.

Vəkilin sözlərinə görə, borc müqaviləsi notarial qaydada təsdiq edilsə, məhkəmədə borcun verilməsini təsdiq etmək asanlaşır:

“Hesab edirəm ki, borc verilən məbləğdən asılı olmayarq, borc müqaviləsinin notarial qaydada təsdiq etməklə yazılı formada bağlanılması daha məqsədəuyğundur. Belə olan halda, borc götürən şəxs borc verdiyini sübut etməkdən azad olacaq. Borc qaytarılmadığı halda, məhkəməyə sübut kimi borc müqaviləsini təqdim etmək kifayət edəcək. Şifahi qaydada verdiyiniz borc pulu gələcəkdə məhkəmə qaydasında tələb edəcəyiniz halda, borcun həqiqətən və hansı məbləğdə verildiyini sübut etməlisiniz. Müqavilə olmadığı halda, məhkəmədə borcun verildiyini sübut etmək çətinlik yaradır. Belə ki, mövcud qanunvericiliyə əsasən, məhkəmədə borcun verilməsini sübut etmək öhdəliyi borc verən şəxsin üzərinə düşür. Şifahi qaydada verilmiş borcun sübut edilməsi isə müəyyən çətinliklər yaradır (məhkəməyə şahidlər cəlb etmək, digər sübutlarla borcun verildiyini sübut etmək). Gələcəkdə borcun geri qaytarılmasını asanlaşdırmaq baxımından, verilən borc məbləğindən asılı olmayaraq, borc müqaviləsinin yazılı şəkildə notariusda təsdiq etdirmək daha məqsədəuyğundur”.



Vəkil sonda vurğuladı ki, Mülki məcəlləyə edilmiş digər dəyişikliyə əsasən, məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 14252