İŞİD İstanbulu niyə partlatsın?


14:59     29 İyun 2016 PUTTİN.jpg

Ötən axşam qardaş Türkiyədə daha bir dəhşətli terror aktı törədildi. İstanbulun Atatürk hava limanında 3 terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 36 nəfərin öldüyü, 147 nəfərin isə yaralandığı deyilir. Ölü sayının artacağı da istisna edilmir. İlkin ehtimallara görə, terroru İŞİD yaraqlıları törədib. Terrorçuların istifadə etdiyi kalaşnikov avtomatı şübhələrin PKK üzərinə yönəlməsinə səbəb olsa da, bu ehtimalın özünü doğrultmayacağı gün kimi aydındır.


Terror hücumunun kim tərəfindən və niyə törədildiyini bilmək üçün regiondan gedən geosiyasi proseslərə diqqət yetirmək lazımdır.

Hadisədən bir gün əvvəl Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan həmkarı Putinə üzrxahlıq məktubu göndərmişdi. Bununla da Rusiya-Türkiyə əlaqələrində yeni dönəmin başlanğıcı qoyulurdu. Bu siyasi gediş, sözsüz ki, İŞİD-i qane edə bilməzdi.

Niyə?

Diqqət yetirsək, son 7 aydır İŞİD Türkiyə ərazilərində hansısa terror aktı düzənləməyib. Səbəb isə bəllidir: Türkiyə ilə Rusiya arasında davam edən gərginlik. İŞİD-in Suriyada Əsəd hakimiyyəti ilə döyüşdüyünü nəzərə alsaq, Əsədin müttəfiqi olan Rusiyanın Türkiyə ilə gərgin siyasi əlaqələrə sahib olması İŞİD-i qane etməyə bilməzdi. Bu baxımdan Türkiyə ilə Rusiya arasındakı buzların əriməsi İŞİD-in heç vaxt marağında olmayıb. Buna görə də terrorçu təşkilat son olayla bir növ Rusiya-Türkiyə yaxınlaşmasına özünün dırnağarası mövqeyini nümayiş etdirib. Bu, məsələnin siyasi tərəfi.

Sual oluna bilər ki, terror hücumu niyə hava limanında və niyə məhz hava limanının xarici xətlərində baş verib?

Sualın cavabı əslində terrorçuların məqsədində gizlənib. Qarşıdan turizm sezonu gəlir. Növbəti aylarda Rusiyadan və İsraildən Türkiyəyə milyonlarla turist axını gözlənilirdi. Terrorçular hava limanının xarici xətlərində partlayış törətməklə bir növ xaricdən gələn turistlərə xəbərdarlıq edir: “Bu ölkədə hər an terror aktı törədilə bilər. İstirahət üçün başqa ölkəyə üz tutun!”.

Əslində terrorçular məqsədlərinə nail oldular da deyə bilərik. Çünki əksər ölkələr vətəndaşlarını Türkiyəyə getməməyə çağırıb. ABŞ da ötən axşam öz vətəndaşlarına belə bir çağırış edib. Üzrxahlıq məktubundan sonra Rusiyadan gözlənilən turist axını da baş tutmayacaq kimi görünür.

Göründüyü kimi, son terror aktının digərlərindən əsas fərqi o oldu ki, təkcə insan tələfatı ilə yox, həm də ciddi iqtisadi zərərlə yadda qaldı. Bu zərərin isə milyardlarla dollar olacağı gözlənilir.

AKP hökumətinin növbəti mərhələdə İŞİD-lə bağlı yeridəcəyi siyasi xətt böyük maraq doğurur. Türkiyənin Suriyada İŞİD-ə qarşı anti-terror əməliyyatlarında iştirakı da istisna edilmir. Lakin nəzərə almaq lazımdır ki, əgər Türkiyə bu yolu tutsa, başı terror aktları ilə daha çox ağrıya bilər.

Ceyhun Əhmədli
Analitik xidmət

Açar sözlər:

Oxunub: 6429