Nazirlik işsiz gəncləri sevindirdi


16:27     29 İyun 2016 emek%20ve%20eha7.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün Bakı Biznes Universitetində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbiri keçirib.

Tədbirin acılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurlu icrası nəticəsində gənclərin məşğulluğunun artırılması istiqamətində də mühüm addımların atıldığını vurğulayıb: “Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində gənclərin məşğulluğunun təminatı xüsusi yer tutur. Təkcə bu ilin beş ayında Xidmətin xətti ilə işlə təmin olunanların 36 faizi, haqqı ödənilən ictimai işlərə cəlb edilənlərin 32 faizi gənclərdən ibarət olub. Bu dövrdə Xidmət tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunan 1500 nəfərədək şəxsdən 60 faizini gənclər təşkil edib. Xidmətin Əmək Birjaları vasitəsilə müvəqqəti xarakterli işlərə göndərilən vətəndaşların da mühüm bir hissəsi gənclərdir. Həmçinin son 5 ayda 56,4 mindən çox gəncə peşəyönümü məsləhətləri verilib”.

S.Müslümov sağlamlıq imkanları məhdud gənclərin də əmək bazarına inteqrasiyası üçün məqsədyönlü işlərin aparıldığını qeyd edib: “Nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi istifadəyə verildiyi 2013-cü ilin dekabrından cari ilin 01 iyun tarixinədək həmin mərkəzdə 800 nəfərdən çox belə gənc peşə kurslarına qəbul edilib. Hazırda nazirliyin sifarişi ilə Bakıda gözdən əlil gənclər üçün də Peşə-Tədris Mərkəzi inşa olunur”.

Nazir bildirib ki, gənclərin SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyası üzrə əmək bazarına inteqrasiyasının dəstəklənməsi üçün BMT İnkişaf Proqramı ilə birgə növbəti “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi də icra olunur. Layihə çərçivəsində təşkil olunan təlimlərdə gənclərə müasir iş axtarışı bacarıqları öyrədilir. Bununla yanaşı, son illərdə müasir dünya təcrübəsi əsasında iki ali təhsil müəssisəsində tələbələrin öz ixtisasları üzrə nəzərə biliklərlə yanaşı, praktik bacarıqlara yiyələnmələri üçün virtual müəssisələr yaradılıb. Həmçinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə ali təhsilli, ilk dəfə işaxtaran gənclərin məşğulluğunun subsidiya əsasında dəstəklənməsini nəzərdə tutan pilot layihə uğurla icra olunub.

Ali təhsil müəssisələrində «Karyerada ilk addım» devizi altında təşkil edilən aktiv məşğulluq tədbirlərindən bəhs edən S.Müslümov diqqətə çatdırıb ki, bu tədbirlərin məqsədi tələbə və məzunların işəgötürənlərlə ilkin əlaqələrinin və gələcək karyeralarının qurulmasına, eləcə də işəgötürənlərin gələcəkdə ixtisaslı kadr seçimini aparmalarına dəstək məqsədi daşıyır. İştirakçılara boş (vakant) iş yerləri də təklif olunur, onlara əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışmaqla əlavə qazanc əldə etmək imkanları yaradılır: “Həm tələbə və məzunlar, həm də işəgötürənlər üçün əhəmiyyətli olan bu tədbirlər cari ildə də davam etdirilir. Bu il artıq 8-ci ali təhsil müəssisəsidir ki, «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbiri keçirilir”.

Daha sonra S.Müslümov və Bakı Biznes Universitetinin rəhbərliyi aktiv məşğulluq tədbirinin təşkilatı vəziyyəti ilə yaxından tanış olub, işəgötürənlərin, tələbə və məzunların belə tədbirlərlə bağlı rəy və təkliflərini öyrəniblər. Bakı şəhəri üzrə 48 müəssisədən 240 boş (vakant) iş yerinin təqdim edildiyi tədbirdə boş (vakant) iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı məzunlar istəklərinə uyğun olaraq əlavə təhsil kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıblar. Həmçinin tələbə və məzunlar işəgötürənlərə özləri barədə şəxsi məlumatlarını (CV) təqdim ediblər. Yay mövsümündə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər Xidmətin Bakı şəhərindəki Əmək Birjası tərəfindən qeydiyyata götürülüblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1033