Əcnəbi alimlər Quba Soyqırımı abidəsini ziyarət ediblər


21:33     29 İyun 2016 385915_1.jpg

Bakıda “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda keçirilən "dəyirmi masa"nın iştirakçıları bu gün Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.

Femida.az-ın verdiyi məlumata görə, ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, fransalı tədqiqatçı İv Benar və digər elm adamları Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar.

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.

Sonra ziyarətçilərə Quba kütləvi məzarlığı barədə ətraflı məlumat verilib. Fransalı tədqiqatçı İv Benar məzarlıqda gördüklərindən dəhşətə gəldiyini bildirib: “Mən burada gördüklərimdən sonra çox təəssüflənirəm ki, Fransada hələ də erməniləri dəstəkləyənlər var. Dəhşətli mənzərədir. Bu məzarlıq haqqında faktlara yeni araşdırmalarımda yer ayıracağam və əlimdən gələni edəcəyəm ki, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırım”.

M. Günter isə bildirib ki, erməni elm adamları da bura dəvət olunmalı və faktlarla yerində tanış olmalıdırlar.

Qeyd edək ki, “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq "dəyirmi masa" Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Prezident yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Prezident yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində keçirilib.

Açar sözlər:

Oxunub: 1583