İlham və Fərizənin günü...


14:11     30 İyun 2016 ilham%20esas%20(1).jpg

30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Femida.az-ın məlumatına görə, bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu iki gəncin həyat yolunu təqdim edirik:




1990-cı ilin “20 Yanvar” faciəsindən 26 il ötür. Bu tarix Azərbaycan xalqının qəhrəmanlıq tarixi olsa da, bir çoxları üçünsə bu, sadəcə, faciədir. Ən azı, həmin gün həlak olanların yaxınları üçün…


Bu qanlı günün bir çox igid qəhrəmanları vətənin azadlığı üçün canından keçdi. Bu sadəcə axan qan olmadı əsarətdə olan xalqa azadlıq kimi şirin neməti bəxş edən toxumu sulayan qan oldu.

20 yanvar günündə əfsanəyə çevrilmiş adlardan biri də İlham və Fərizədir.
Femida.az qəhrəmanlıq və məhəbbət simvolunun həyatını əks etdirən yazını təqdim edir.

Məhəbbət dastanının başlanğıcı…

30 iyun 1989-cu il – onlar evlənirlər

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda – nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Yeri gəlmişkən, hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır. O, elə gənc yaşlarından vətənə və xalqa can yandıran bir gənc olub.

1989-cu il – Sovet İmperiyasında baş verən çalxalanma Azərbaycana da çatır.Həmin vaxtda hakimiyyətdə qalmaq istəyənlər azadlıq aşiqi olan xalqa qarşı silah işlətməyi qərarını verdilər.

Həmin vaxt Bakı küçələri qaynayır, meydanlar insanlarla dolur. İlham işlədiyi zavoddan gəncləri meydanlardakı mitinqlərə aparır. Onları aktiv olmağa çağırır. Özü də bu işin təşkilatçılarından biri olur.
Belə bir qaynar dövrdə hələ də subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlir. Yığışıb deyirlər ki, “oğul, bir qız bəyən, gedib alaq sənin üçün”.

İlham heç kimi bəyənmir. Onlarla ad çəkirlər, amma İlham heç birinə razı olmur. Sonra deyirlər ki, “özün söylə görək, könlün kimdədir?”
İlham bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkir.
Elçi düşürlər, nişan olur. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçür. Toy mərasimi də o zaman Bakıda təzə açılmış “Leyla” şadlıq evində baş tutur.

Yanvarın 19-dan 20-ə keçən gecə baş verənlər və son görüş

1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxır. Axşamtərəfi Ilham qardaşı Elxanla “Şamaxinka” deyilən ərazidə görüşürlər. Amma bir qədər sonra Ilham yoxa çıxır…
Qardaşı Elxan sonradan öyrənib ki, həmin vaxt İlhamgil bir qrup olublar. Əvvəldən döyüşmək üçün hazırlaşıblarmış. Hamısı da qara paltar geyinməliymişlər…
İlhamı həmin gecə, hazırkı “20 Yanvar” dairəsində vurublar.





Doğma qan…

Gecə İlhamı çox axtaran Elxan kor-peşman evə qayıdır. Səhər tezdən anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxırlar.

“Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki ”20 Yanvar” dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş…” deyir qardaşı

İlhamın qardaşı Elxan: “İşıqlar kəsildi birdən, televizora baxırdıq, söndü, İlham dostları ilə çıxdı evdən. İşdən qara fəhlə paltarı ilə gəlmişdi. Dedim, bu nədi geymisən, dedi, heç, elə-belə, tonqalın qırağına çıxacağam. O vaxt da möhkəm mitinqlər gedirdi. Camaat gecələr həyətlərdə yığışıb tonqal qalayırdı. İlhamgil çıxan kimi möhkəm güllə səsləri gəlməyə başladı. Qonşumuzda Zakir adlı orqan işçisi vardı. Güllələr yerə düşəndə baxıb dedi ki, bu “boevoy güllə”yə oxşayır. Trasser deyirlər, nə deyirlər, ondandır. Bunlar camaatı qıracaq”.

İlhamın həmin gecə yanında olan dostu Faiq Qasımov: “Biz keçmiş “İskra” zavodunun yanında rus ordusunun qarşısını almaq istəyirdik. Güllə atılanda dağılışdıq. O, indiki “20 Yanvar” metrosuna tərəf getdi”.

İlhamın bacısı Gülbəniz: “Gördük, işıqlar söndü. Qardaşımın oğlu da vardı balaca, oynayırdı yerdə. İlham qapıdan çıxanda o, uşağı son dəfə öpüb yerə qoydu. Sonra o, uşaq da öldü və çox qəribə bir hadisə də oldu. Sizə danışacam. Fərizə narahat oldu. Anama dedi ki: “İlhamı qoymayın getsin”. İlham dedi, dostlara söz vermişəm, getməliyəm, narahat olmayın, tez qayıdacam”.

İlhamın qardaşı Elxan: “O, mənim balaca oğlumu qucağına götürdü. O uşağa atamın adını qoymuşduq – Əjdər. Dedi: “Dədə, gedirəm, ola bilər, bir də görüşmədik”. Öpdü, yerə qoydu. Üstündən xeyli keçmişdi. Saat 1-in yarısı oldu. Anamgil narahat idilər. Gördük İlham gəlmir, güllə səsləri çoxalıb. Çıxdıq axtarmağa. Hamı dedi, indi buradaydı, aşağı düşdü. Heç kim gördüm demədi”.

İlhamın anası Ofeliya xala: “Elxan əvvəl məni getməyə qoymadı. Xeyli keçəndən sonra əliboş gəldi”.





İlhamın qardaşı Elxan: “Evə qayıtdım. Heç kim yatmamışdı. Hava soyuq, içəri isti idi. Sobanın yanında oturdum, məni yuxu apardı, qulağıma İlhamın səsi gəldi. Qəfil oyanıb soruşdum ki, İlham gəlib? Dedilər yox. Hava işıqlaşırdı. Təzədən bu dəfə anamla getdik axtarmağa. 20 Yanvara sarı düşdüm. Xəstəxana tərəfdə yerdə qan gördük. Anam bir qan gölməçəsinin yanında dayanıb dedi ki: “Can-can, bu hansı anası ölmüşün qanıdır? Bu nə şirin qandır?”. Getdik Respublika Xəstəxanasına. Yerdə işartı gördük, şərf idi, götürdük, anam dedi, “bu mənim balamın şərfidir”. Pasportunu da götürmüşdük. Xəstəxanada bir oğlan yaxınlaşdı bizə, pasportdakı şəklinə baxıb mənə yavaşdan dedi ki: “Yaralıların içində axtarma”.

İlhamın anası Ofeliya xala: “Elxanı həkimə oxşayan bir oğlan içəri çağırdı. Amma bir azdan Elxan içəridən qara bulud kimi dolmuş halda çıxaraq dedi: “İlham içəridə yoxdur, ana”. İlham durub orada, qışqırıb ki, silahsız adamları niyə vurursunuz? İlhamı rus əsgərləri güllələyiblər”.

İlhamın qardaşı Elxan: “Dostu Faiqi morqa göndərdim. Meyitlərin bir-ikisinə baxıb tanımadım. Öz sinif yoldaşımı gördüm. Fuad Babayev idi. Onu İlhamla bir yerdə telefon budkasının yanında vurmuşdular. Başqa bir meyiti görüb öpüb qucaqladım. Amma gördüm İlham deyil, onun bığı yox idi. Faiq dedi, qabaqdadır İlham. Onu gördüm”.

Həkim: “İlhamı əməliyyat edəndə işıqlar sönmüşdü. Əməliyyat vaxtı qaraciyərinin parçalandığını gördük. Narkozu qaranlıqda vurduq. Qarın boşluğu qanla dolu idi. Qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya verdik. Amma 5-6 saatdan sonra xəbər verdilər ki, xəstə keçinib”.

İlhamın anası Ofeliya xala göz yaşlarına boğularaq: “7 gün keçdi. Getdim həkimin yanına ki, bəlkə onun son sözü olub. Tibb bacısı dedi ki, elə hey “anamı çağırın” deyib. Məni yandıran odur ki, balamın, bəlkə, mən son sözü vardı”.

İlhamın qardaşı Elxan: “Çox pis tikmişdilər. Qaranlıq olub, qan çatışmayıb, öz qanını filtrasiya edib özünə vurublar. Hər yeri dağıdan güllə vurmuşdular ona. Güllə qabaqdan dəymişdi. Bədənindəki tikiş deşiklərdən şlanq sallanırdı. Meyiti yoldaşımın dayısı Ramiz dayı ilə maşına qoyduq, qanaxması vardı. Maşına qoya bilmirdik. O vaxt Alatavada yaşayırdıq. Evə apara bilmədik. Dedim, anamın ürəyi partlar belə qanlı halda meyiti görsə, aparaq məscidə”.

İlhamın anası Ofeliya xala: “Elxan mən pis olmayım deyə meyiti yuduzdurub gətirdi”.

İlhamın qardaşı Elxan: “Meyiti saxlamaq istədilər. Rusları görüb söydüm. Əsgərin biri mənə güllə tuşladı. Yanındakı əli ilə vurdu, silah yuxarı qalxdı. Güllə alnımı yalayıb başımın üstündən keçdi”.


Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Depressiyada olan Fərizəni evdəkilər gözdən qoymurdular. Çünki o, hər an intihara hazır idi.






Fərizənin atası Çoban Nəbiyev: “Elçi gələndə dedim, qız istəyirsə, mən də əleyhinə deyiləm. Dedilər, qızın könlü var. Kefin istəyən nişan elədik”.

İlhamın bacısı Gülbəniz Allahverdiyeva: “Nişan mərasimində də maşının şüşələrinin qırılması, Fərizənin cehizindəki suvenir şəklin şüşəsinin qırılması, soyuducunun durduğu yerdə xarab olması əlamətləri bizi kədərləndirmişdi”.

İlhamın qardaşı Elxan Allahverdiyev: “Dəvətnamə yazdıq. Toy məclisi 30 iyun, 1989-cu il, saat 18:00-da keçiriləcək. Ünvan: 9-cu mikrorayon, “Leyla” şadlıq evi. Hörmətlə: Elxan”.

Fərizənin atası Çoban Nəbiyev: “İlham gəmi təmiri zavodunda işləyirdi, oradan almışdı evi. S.Vurğun bağının yanında 4-otaqlı mənzil idi. Ailə üzvləri ilə evdə qonaqlıq edərkən birdən Alatavaya getmək istəyiblər. Qardaşı Elxangilə”.


İlhamın bacısı Gülbəniz Allahverdiyeva: “İlham çox gözəlləşmişdi son günlər. Heç kim gözünü çəkə bilmirdi ondan”.

İlhamın anası Ofeliya Allahverdiyeva: “Biz qızın ailə üzvləri ilə evdə idik. Sabah bazar idi. Elxangilə getdik”.

Fərizənin atası Çoban Nəbiyev: “Saat 6-da Fərizə bizə gəlib dedi, İlham yoxdur. Dedim, pis olma, bir sən deyilsən ki, bu vəziyyətdə olan. Dedi ata, mən papaq deyiləm ki, başdan-başa qoyulam. Key kimi idi. Bunları deyib qapıdan çıxdı. Mən də onun dalınca evdən çıxdım”.

Fərizənin anası Bağda Nəbiyeva: “Fərizə meyiti aparanda Biləcəri yoluna qədər ayaqyalın qaçdı, nə qədər saxlamaq istəsək də, dedi, qoymasanız da, özümü ona çatdıracam”.

İlhamın qardaşı Elxan: “İlhamın ilk məzarı Xırdalanda oldu. Heç qəbirqazan da tapmırdıq. Maşın işığında dəfn elədik. Atamın yanına, Ağdama aparmaq istədim. Yarasından qan axdığına görə molla qoymadı. Amma sonra o məzardan İlhamı çıxarandan sonra məzar boş qaldı. Boş məzar da uğursuzluq gətirir. Bunu ilk dəfə sizə danışıram. O məzarda mənim oğlum, İlhamın üzündən öpüb çıxdığı balamı dəfn edəsi olduq”.

Fərizə əslində necə intihar edib?

İlhamın anası Ofeliya xala: “Atası-anası Fərizə ilə bacarmırdı. Mənim başım qarışıq idi. Qonaqları mən qəbul edirdim. Qardaşının yoldaşı Fəridə idi. O, bizə dedi ki, Fərizə özünü öldürmək istəyir”.

Fərizənin qardaşı arvadı Fəridə Nəbiyeva: “Gördüm Fərizə narahatdır, nəsə əlində gizlətmək istəyirdi. Mənə dedi: “Get, su gətir”. Qayıdanda gördüm ki, qapı bağlıdır. Zorla qışqırıb açdım ki, üstünə neft töküb. Ona nişanda zərli yaylıq gətirmişdilər. Onu da başına bağlamışdı. İçəri girdim ki, kibriti çəkmək istəyir. Əlindən aldım, adamları çağırdım”.

İlhamın qardaşı Elxan: “Fərizəyə gəlib yalvardım ki, sənə əlimdən gələni edəcəm, korluq çəkməyə qoymayacam, bacım, bizi peşman etmə. Öz qardaşı Zakirin sinəsindən itələdi ki, mənə heç nə lazım deyil, İlhamdan başqa”.

İlhamın anası Ofeliya xala: “Mənim qayınanam səhər tezdən durub görüb inilti səsi gəlir, gəlib ki, Fərizə yerdə inildəyir. Deyib nə olub? O da deyib ki, zəhər içmişəm. Arvadın qışqırtısına çıxmışıq. “Semaşko”ya çatdırdıq. Orada canını tapşırdı”.

İlhamın bacısı Gülbəniz: “İlhamın geyimlərini, şəkillərini düzmüşdü stola. O, kiçik məktub yazmışdı. Tamamlaya bilməmişdi. O, məktubu polislər aparsalar da, mənim dəqiq yadımdadır”.

Fərizənin məktubundakı sözlər: “Ana, məni ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…”. Bundan sonra heç bir söz yazılmayıb.

Fərizənin anası Bağda xala: “Bütün uksusu içib bitirmişdi. Mədəsi yığılmışdı. Qatıq kömək edə bilmədi. Maşın da tapa bilmirdik. Bir maşının farası yox idi, o biri maşının farasının işığında getdik. Xəstəxana qabağında əsgərlər bizi qoymaq istəmirdilər. Mən maşından düşüb rusca dedim: “Otpusti, umiraet, otpusti”. Əsgər silahını çıxarsa da, mənə inandı: “Nu ladno, mamaşa” dedi. Maşında, həkimə çatmamış ayağını cütləyib öldü Fərizə”.

İlhamın qardaşı Elxan: “Ölümlərindən sonra İlham və Fərizəyə verilmiş evi də qaytardıq”.

İlhamın bacısı Gülbəniz: “Fərizə ölümündən qabaq demişdi ki, ürəyi şirniyyat, tort istəyir. Bacım gülüb dedi: “Deyəsən, torbada pişik var”. Fərizə tort hazır olanda dedi: “Heç kimi qoymayacam dadsın. Özüm yeyəcəm hamısını. Deyəsən, orada uşaqla bağlı bacıma demişdi. Fərizə dəfn olunanda bətnində 2 aylıq körpəsi vardı”.

Fərizənin anası Bağda xala: “Ölümündən sonra Əhmədlidə bir arvadın gözünə görünüb Fərizə. Yuxuda yox, gözünə görünüb. Ağ gəlin paltarında qapını döyüb, evə girib, o yan-bu yana gedərək deyib: “Xala, and verirəm səni Allaha, get anama-qayınanama de ki, mən o gəlin paltarından doymadım. Onu məzarımın üstünə gətirib qoysunlar”. Arvad bizi çətinliklə tapıb. Deyir, gördüm tapa bilmirəm sizi, istədim gəlməyəm, evdə oturam, əl çəkmədi məndən Fərizə. Biz də qara xonçalar tutub, Fərizənin gəlin, İlhamın bəy köynəyini götürərək apardıq, qoyduq qəbir üstünə. Elxan səhər gedib görüb ki, yoxdur paltarlar. Kimsə götürüb, yəqin”.

İlhamın bacısı Gülbəniz: “Bəlkə, bizə elə gəlir ki, Fərizənin bəxti gətirmədi. Amma bəlkə indi o, yarına qovuşub, xoşbəxtdir”.

Yazıda müxtəlif vaxtlarda mətbuatda getmiş materiallardan istifadə olunub.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 23950