“Qərb media standartları artıq yaramır” - Əli Həsənov


18:18     29 İyun 2015 publika.az1431676340publika.az14291714081423718875_0001.jpg

“Prezident İllham Əliyevin sərəncamı ilə bağlı bölgələrdə, Bakda, Bakı Dövlət Universitetində milli mətbuatın yaranmasının 140 illiyi qeyd edilir. Bu tədbirlərdə mətbuatın inkişaf tarixini təkrar-təkrar şərh edəcəyik, tarixi şəxsiyyətləri yada salacağıq. Eyni zamanda keçmiş ənənələrdən istifadə edərək müasir jurnalistikanın inkişaf strategiyasını formalaşdıracağıq”.


Bunu bu gün “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda Bakı Dövlət Universitetində keçirilən elmi-praktik konfransdakı çıxışında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Heydər Əliyev 1998-ci il 6 avqust fərmanı ilə Azərbaycanda senzuranı ləğv edib: “Azərbaycan milli mediasının banisi Həsən bəy Zərdabidir. Həsən bəy Zərdabidən başlayan ənənələr Xalq Cümhuriyyəti dövründə də davam etdirilib. Cümhuriyyət dövründə Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov kimi xadimlər var idi. Həsən bəy Zərdabidən Xalq Cümhuriyyətinə qədər medianın inkişafı bir mərhələ, Xalq Cümhuriyyəti dövründə bir mərhələ, sovet dövründə isə bir mərhələdir. Müstəqillik dövründə mətbuatın inkişafı da sovet dövründən qaynaqlanıb. Müstəqillik dövründə yaradılan mətbu orqanları təəssüf ki, ayrı-ayrı siyasi qüvvələrin təsirinə düşdü, anti-Azərbaycan mövqedən çıxış etməyə başladı, pis ənənələr formalaşdı. Ancaq müstəqillik dövründə azad jurnalistikanın prinsipləri də formalaşmağa başladı".

Media sahəsində qanunvericilikdən danışan Ə. Həsənov Konstitusiyada söz və fikir azadlığı, KİV üzərində senzuranın yolverilməzliyinin əksini tapdığını xatırladıb, Mətbuat Şurasının əhəmiyyətini qeyd edib:

“Ancaq medianın inkişafına dövlət dəstəyi olmasaydı, ictimai mühit yaradılmasaydı, mətbuatımız bu uğurları əldə edə bilməzdi. Media vergilərdən azad olunub, güzəştli kreditlər verilib, 2008-ci ildə isə prezident İlham Əliyev ilk dəfə dövlətin mediaya yardımını şəffaflaşdırdı. O vaxta qədər də müxtəlif media orqanlarına dövlət dəstəyi verilirdi, ancaq şəffaf və sistemli deyildi. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı və bütün KİV bu dəstəkdən istfiadə edir. Bunun nəticəsidir ki, media orqanlarımız xalqın informasiya tələbatını tam ödəyir, həm də vətəndaşların arzu və istəklərini əks etdirərək idarə edilənlərlə hakimiyyət arasında əlaqə yaradır” .

Azərbaycan mediası Qərbin anti-Azərbaycan kampaniyasına lazımi dirəniş nümayiş etdirir. Bu da onu göstərir ki, Azərbaycan mediası inkişaf edib və bu potensiala malikdir - deyən Ə. Həsənov bildirib ki, müstəqil media Azərbaycan dövlətinin problemlərini çiyninə götürə, xarici mətbuatdakı qərəzli yazılara cavab verə bilir:

“Hər bir jurnalist unutmamalıdır ki, xalqı, dövləti təmsil edir, dövlətə, Vətənə bağlılıq arxa plana keçməməlidir. Müasir dünyada o qədər standartlar yaranıb ki, indiyə qədər təbliğ etdiyimiz Qərb media standartları da artıq yaramır. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin maraqları ifadə olunur və bu maraqlar yeganə obyektiv informasiya kimi təqdim edilir. Lakin biz bilirik ki, bu gün Asiyada, Afrikada baş verənlər təqdim olunduğu kimi deyil.

Son 10 ildə o dövlətlərin başına nə oyunlar açıldı, müsəlman dünyasında insanları bir-birinə qarşı necə vuruşdurdular? Dünyada siyasi məhbus axtarırlar. Bu gün bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Məhəmməd Mursidir. Bu gün çoxstandartlılığın hökm sürdüyü dünyada bəzi jurnalistlər belələrinə dəstəvuz verir, onlara yadım göstərirlər. Bu məsələlərdə xaricdə yaşayan bəzi Azərbaycan jurnalistlərindən də istfiadə edirlər”.
(Apa)

Açar sözlər:

Oxunub: 809