Poroşenkonun Bakı səfəri Putini niyə qıcıqlandırsın?

Poroşenkonun Bakı səfəri Putini niyə qıcıqlandırsın?


19:36     13 İyul 2016 124362.jpg

“Ukrayna ilə ortaq dərdlərimiz var”.


Bu sözləri Femida.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Politoloq hesab edir ki, Poroşenkonun səfəri Rusiyanı qıcıqlandıra bilməz:

“Ukrayna ilə Azərbaycanın ikitərəfli münasibətləri Rusiyaya qarşı yönəlməyib. Sadəcə olaraq, hər iki dövlət qarşılıqlı ikitərəfli əlaqələri inkişaf etdirmək niyyətindədir. Beynəlxalq arenada Ukraynanın ərazi bütövlüyü müzakirə olunarkən Azərbaycan həmişə Ukraynanın yanında olub. Çünki eyni dərd bizdə də var. Amma müzakirələr Rusiya əleyhinə yönəldiyi təqdirdə Azərbaycan Rusiyanın yanında olur. Buna görə də düşünürəm ki, Rusiyanın bu səfərə qıcıqlanması üçün əsas yoxdur. Ukrayna ilə Azərbaycanın müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı mövcuddur. Azərbaycan Ukraynadan silah almaqda davam edir”.



Zərdüşt Əlizadə GUAM-ın yenidən bərpa olunması ehtimalına da toxundu. Politoloqun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın missiyasını nəzərə alan Azərbaycan bu təşkilatın sıralarına daxil olmaz:

“GUAM-ın bundan sonra dirilə biləcəyi real görünmür. ABŞ çoxdan çalışır ki, bu qurum səmərəli təşkilata çevrilsin, amma alınmır. Rusiya GUAM üvlərini bir-bir sıradan çıxardı. Ukraynanı Donetsk, Luqansk, Moldovanı Dnestryanı, Azərbaycanı Dağlıq Qarabağ, Gürcüstanı isə Cənubi Osetiya və Abxaziya böhranları ilə zərərsizləşdirdi. İndinin özündə də GUAM-ın işlək mexanizmə çevrilməsi üçün şərait yetişməyib”.

Qeyd edək ki, 2014-cü ildə prezident seçilən Pyotr Poroşenko ilk dəfədir Azərbaycana səfər edir. İki günlük səfəri zamanı Ukrayna prezidenti azərbaycanlı həmkarı İlham Əliyevlə birlikdə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının beşinci sessiyasını keçirəcək.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2996