Poroşenkonun səfəri nəyi dəyişdi?

Poroşenkonun səfəri nəyi dəyişdi?


13:55     15 İyul 2016 ukary%20(3).jpeg

Ukrayna prezidenti Pyotr Poroşenkonun Bakı səfəri hələ səfər başlamazdan polemikalara səbəb olmuşdu. Ən çox müzakirə olunan məsələ isə səfər çərçivəsində Rusiya əleyhinə səslənə biləcək fikirlərlə bağlı idi. Lakin Azərbaycan rəhbərliyinin Krımla bağlı xüsusilə həssas mövqe sərgiləyəcəyi əvvəlcədən məlum idi.


Əslində Ukrayna və Azərbaycanı ortaq problemlər birləşdirir. Hər iki dövlətin ərazi bütövlüyü ciddi hədələrlə üz-üzədir. Ukrayna ilə Azərbaycanı birləşdirən digər ünsür isə bu iki dövlətin postsovet məkanında fərqli inteqrasiya yolu tutması ilə səciyyələnir. Hətta MDB məkanında Rusiyanın təsirini zəiflətmək üçün Ukrayna və Azərbaycan GUAM adlı subregional inteqrasiya birliyi də yaratmışdı. Hər iki dövlətin müxtəlif sferalarda eyni mövqedən çıxış etməsi səfərin əhəmiyyətini daha da artıran amillərdəndir.

Poroşenko səfər sərçivəsində pezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, Parlamentin spikeri Oqtay Əsədov və digər mühüm dövlət vəzifəli şəxslərlə görüşlər keçirdi. Səfəri bütövlükdə məhsuldar adlandırmaq olar. İstər iqtisadi, istər nəqliyyat, istərsə də hərbi sferalarda iki dövlət arasında mühüm anlaşmalara imza atıldı.

Sözsüz ki, əsas diqqət münaqişə ocaqları ilə bağlı Poroşenko və İlham Əliyevin səsləndirəcəyi birgə bəyanatlara yönəlmişdi. Poroşenko belə bir fikir vurğulayır: “Ukrayna Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır və Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır”. Azərbaycan separatizmdən əziyyət çəkən Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. Hətta BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə Azərbaycan da imza atmışdı. Bu, Azərbaycanın qəti mövqeyini açıq şəkildə ortaya qoyur. Lakin Poroşenkonun dediyi “Ukrayna Azərbaycanın Krımla bağlı analoji mövqeyini alqışlayır” fikri fərqli yozula bilər. Belə çıxır ki, Azərbaycan Azərbaycan Krımı Ukrayna ərazisi kimi tanıyır və bu ərazinin Rusiyaya birləşməsini pisləyir. Lakin hər halda məlumatı Ukrayna mətbuatı bu cür yaymışdı. Azərbaycanın Krımla bağlı Ukraynanın mənafeyini müdafiə edən fikir səsləndirməsi elə də real görünmür. Çünki bu hal Qarabağın “açar”ını əlində saxlayan Rusiya ilə münasibətlərin korlanmasına səbəb ola bilər.



Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlığını təcəssüm etdirən Odessa-Brodı layihəsi səfər çərçivəsində yenidən gündəmə gəldi. Əslində çoxdan idi ki, bu layihə ətrafında müzakirələr gedirdi. Odessa-Brodı neft kəməri 2001-ci ildə inşa olunub. Kəmərin inşasında məqsəd Xəzər neftinin Qara dəniz üzərindən Ukraynaya, daha sonra isə Polşanın Qdansk (Baltik dənizi sahili) limanına çatdırılması idi. Bununla da Xəzər nefti Qara dəniz üzərindən (Supsa limanından) tankerlərlə Odessaya çatdırılmalı idi. Lakin 2004-cü ildən sözügedən neft kəməri təyinatı üzrə işləmədi və revers rejimə keçərək Rusiya neftinin Avropaya çatdırılmasına xidmət etdi. Ukrayna Rusiya ilə yaşadığı məlum hadisələrin fonunda Xəzər neftinə xüsusi maraq göstərir. İlham Əliyev də Odessa-Brodı layihəsinin reallaşmasında Azərbaycanın maraqlı olduğunu həmkarının diqqətinə çatdırdı.Bu layihə reallaşdığı təqdirdə Azərbaycan nefti Mərkəzi, Şərqi və Şimali Avropaya çıxış əldə edəcək.



Bakı ilə Kiyevin hərbi sahədə də əməkdaşlığı nəzərə çarpacaq dərəcədədir. Bir müddət əvvəl Azərbaycan Ukraynadan 10 ədəd “AN-178” nəqliyyat təyyarəsi almışdı. Səfər çərçivəsində prezidentlər arasında gələcəkdə bu təyyarələrin Azərbaycan ərazisində birgə istehsalı ilə bağlı geniş müzakirələr aparıldı.
Bunlardan başqa iki ölkə arasında gömrük və mədəniyyət sferaları ilə bağlı da müqavilələr imzalandı.

Prezident İlham Əliyev səfəri ciddi siyasi addım hesab etdi. Doğrudan da Azərbaycan və Ukrayna ayrılmaz tərəfdaş ölkələrdir. SOCAR Ukrayada 200 milyon dollardan çox investisiya yatırıb. Ümumilikdə, SOCAR-ın bu ölkədə 60 yanacaqdoldurma məntəqəsi var. Azərbaycan Ukrayna yüklərinin Mərkəzi Asiyaya daşınmasında tranzit ölkə statusuna sahibdir. Səfər çərçivəsində bu istiqamətdə də danışıqlar aparıldı. Məhz bu amilləri nəzərə alan İlham Əliyev Poroşenkonun səfərini ikitərəfli əlaqələrin inkişafı baxımından ciddi siyasi addım hesab etdi.

Ceyhun Əhmədli
Analitik xidmət

Açar sözlər:

Oxunub: 3586