Doğrudanmı “qılınc müsəlmanıyıq” ?


15:27     30 İyun 2015 qılınc%20müsəlman.jpg

Nə qədər acı olsa da, etiraf etməliyik ki, uşaqdan- böyüyə hər kəsin eşitdiyi və istifadə elədiyi bir ifadədir.


“Qılınc müsəlmanı” birləşməsinin mənası qılınc gücü ilə müsəlman olmaq, islamı qəbul etmək anlamına gəlir. Bu deyim demək olar ki, ancaq Azərbaycanda işlədilən bir məsəldir. Birinə hansısa işi zor gücünə etdirirsənsə, bu ifadə yada düşür.

Ancaq bizdə..

Dünyada heç bir müsəlman xalq özünə qılınc müsəlmanı demir, təbii ki, bizdən başqa...

Bunun səbəbi “qılınc müsəlmanı” məsəlinin necə meydana gəldiyindən qaynaqlanır.

“Qılınc müsəlmanı” məsəlini xalqımız Babək Xürrəminin islama və ərəblərə qarşı 20 ildən artıq mübarizə aparmasından sonra tədricən yaradıb. Lap qədimlərdən mübarizə aparan xalq olmuşuq deyə, qılınc gücünə, zorla islamı qəbul etmişik deyə adımız da “qılınc müsəlmanı” kimi qalıb.

Doğrudanmı islam dinini qılınc yolu ilə qəbul etmişik?

Bir az tarixə nəzər salaq...

Əsası 630-cu ildə Məhəmməd peyğəmbər tərəfindən qoyulan Ərəb dövləti tezliklə islam dinini yaymaq məqsədilə digər dövlətlərin ərazilərinə hücumlar təşkil etdilər. Tarixdən məlumdur ki, müsəlman ordusu ilk dəfə Ömər ibn Xəttabın hakimiyyəti dövründə Azərbaycana gəlib. Bu yürüşlər tarixi 639-643-cü illər arasında təşkil edilib.

Azərbaycana gələn ərəb orduları əvvəllər yerli əhaliyə dini təzyiq göstərmirdilər. İslam dininin insanlara öyrətdiyi qardaşlıq duyğuları onların bir yerdə yaşamasına səbəb oldu.

”Dində məcburiyyət yoxdur” şüarı, insanlara din, ibadət və yaşama azadlığının verilməsi xalqımızı islama dininə daha da yaxınlaşdırdı. Lakin bütün bu humanizm örnəkləri Əməvilərin hakimiyyətə gəlişi ilə kökündən dəyişdi. Əməvilər tərəfindən insanların zorla islamı qəbul etməsi, vergilərin haqsız olaraq artırılması xalqla hakimiyyət arasında olan münasibətlərin pisləşməsinə səbəb oldu. Əməvilər dövründə meydana çıxan bu çətinliklər özünü üsyanlar şəklində göstərməsə də, onlardan sonra hakimiyyətə gələn Abbasilər zamanında xalqın üsyana qalxması qabarıq şəkildə özünü biruzə verirdi. Xilafətin soyğunçu vergi siyasəti, məmurların özbaşınalığı, fedoal zülmünün gücləndirilməsi əhalinin vəziyyətini ağırlaşdırmaqla yanaşı, ərəb ağalarına qarşı ümumxalq qəzəbini gücləndirirdi. 8-ci əsrin ortalarında Əməvilər siyasətinə qarşı xilafətin mərkəzində və asılı ölkələrdə üsyanlar bir-birini əvəz edirdi. Bu üsyanlardan biridə Abbasi xilafətini kökündən sarsıdan Xürrəmilər hərəkatı oldu. Babəkin başçılığı ilə Azərbaycan xalqı Xilafət ordusuna qarşı mübarizəyə qalxdı. Digər kəndli müharibələri kimi, Xürrəmilər hərəkatı da məğlubiyyətlə başa catdı.



Hər şeydən əvvəl onu bilmək lazımdır ki, Babəkin başçılığı ilə baş vermiş Xürrəmilər hərəkatı İslam dininə qarşı yönəlməmişdi. Xürrəmilər hərəkatı İstiqlaliyyət uğrunda aparılan azadlıq müharibəsi idi.

“Qılınc müsəlmanı” deyimini Xürrəmilər hərəkatının fəaliyyəti ilə əlaqələndirmək olmaz. Çünki bu hərəkat islam dininə qarşı yönəlməmişdi. Azərbaycan xalqı islam dininə qarşı yox, xilafətin ədalətsiz idarəçilik rejiminə qarşı mübarizə aparırdı. Xilafətə qarşı başlanmış azadlıq hərəkatının məğlubiyyətə uğraması islam dinini zorla qəbul etdiyimiz anlamına gələ bilməz.

Nəticə etibarilə, “qılınc müsəlmanı” deyimi müsəlmanlığı zorla, qılınc yolu ilə qəbul etdiyimiz anlamına gələ bilməz. Bu şüar islamı nüfuzdan salmaq üçün bir vasitədir və islam dinini “qılınc”, “silah”, “terrorizm” kimi sözlərlə yanaşı işlətməklə adına ləkə gətirməkdən başqa heç nəyə yaramır.

İstifadə olunmuş ədəbiyyat:

1. Bünyadov Ziya, Azərbaycan 7-9-cu əsrlərdə, Bakı, 1987
2. Paşazadə Allahşükür, Qafqazda İslam, Baki, 1991

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 8005


Oxşar xəbərlər