Sığorta müqaviləsində bunlara diqqət etməlisiniz - EKSPERT ŞƏRHİ


14:47     02 İyul 2015 14357426766431711208_554x360.jpg

Sığorta müqaviləsi sığortalı ilə sığortazı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdikdə zərəri - sığorta ödənişini ödəməyi öz üzərinə götürür.


Bu qeydlər sığorta müqaviləsi bağlayarkən diqqət yetirilməsi zəruri olan və tez-tez buraxılan yeddi əsas səhv barədədir. Əslində, sığorta elə bir məhsuldur ki, onu əvvəlcədən görünməyən hadisələrdən qorunmaq üçün alırıq. Əgər həmin hadisələrdən vaxtında düzgün müdafiə sistemi sezməmişiksə, bu, gözləmədiyimiz nəticələrə gətirib çıxara bilər. Suallarımızı sığorta eksperti, biznes məsləhətçisi Xəyal Məmmədxanlı cavablandırır.

- Sığorta müqaviləsi bağlayarkən müştərilərin ilk səhvi nə zaman baş verir?

- Ən geniş yayılmış səhv sığorta şirkətlərini araşdırmamaq, onlar haqqında zəruri məlumatlar əldə etməməkdir. Müştərilər digər sığorta şirkətlərindən alternativ təklif almadan hər hansı bir sığorta şirkətinə və ya agentinə müraciət edir və sığorta müqavilələrini o şirkətlə bağlayırlar. Adətən, bu münasibət kiminsə qohumunun, dostunun, tanışının həmin şirkətdə işləməsi və tövsiyəsi əsasında baş verir. Müştəri alternativ araşdırma aparmadan ona təqdimolunan təklifi qəbul edir. Statistika göstərir ki, araşdırma aparmadan hər hansı qərar qəbul edən insan alternativ təkliflər aldıqda, əksər hallarda birinci qərardan imtina edərək alternativ təkliflərdən istifadə edir. Sığorta müqaviləsi alarkən bir neçə şirkətin şərtləri ilə tanış olmaq, qiymətləri araşdırmaq, əlavə xidmətlər və ya bonuslar haqqında məlumat almaq lazımdır.

- Yalnız qiymətin ucuzluğuna görə qərar qəbul etmək nə dərəcədə düzgündür?

- Sığorta şirkətlərini araşdırarkən qiymət meyarı əsas götürülsə də ondan daha önəmli amil şirkətin işgüzar nüfuzu və zərərləri ödəmə prosesində müştərilərinə yaratdığı şərait və onlara göstərdiyi diqqət və qayğıdır. Yaxşı olar ki, təmasda olduğunuz sığorta şirkətinin həyata keçirdiyi sığorta ödənişlərinə fikir verəsiniz.

- Müqavilə bağlayarkən vasitəçilərin xidmətindən istifadə nə dərəcədə təminat yaradır?

- Sığorta vasitəçilərini (agent və broker) müqayisə etməmək də arzuolunmaz nəticələrə yol aça bilər. Əgər siz müqavilə bağlayarkən vasitəçilərin xidmətindən istifadə edirsinizsə, o zaman ilk növbədə onların lisenziyasının olduğuna və təcrübələrinə fikir verin və onlara belə bir müraciət edin: «Mən niyə məhz müqaviləni sizin vasitənizlə bağlamalıyam? Fərqiniz nədədir?». Daha sonra tələb edin ki, onlar sizə aldığınız təminatın mahiyyətini izah etsinlər. Bu zaman onların sizə və sizin timsalınızda bütün müştərilərinə yanaşma tərzi və peşəkarlıqları ortaya çıxacaq. İstehlakçının ən böyük səhvi ilk baxışdan yüksək səviyyədə çap olunmuş, gözəl şəkildə üzlənmiş sığorta müqaviləsinin (polisin) içində nə yazıldığını bilməməsi və ya başa düşməməsidir.

- Sığorta şirkətləri müqavilənin şərtlərini bütün xırdalıqları ilə izah etməyə borcludurlarmı?

- Bəzi şirkətlər müqavilənin şərtlərini müştəriyə izah etməkdən qəsdən yayınırlar. Mülki hüquq nöqteyi-nəzərindən yanaşanda, sığorta şirkəti müqavilənin şərtlərini müştəriyə izah etmək məcburiyyətində deyil. Lakin sığortalının ortaya çıxan sualları mütləq cavablandırılmalıdır. İstehlakçı özü müqavilənin şərtləri ilə tanış olmağa maraq göstərməlidir. Adətən, müqaviləyə dair mübahisələr və arzuolunmaz debatlar sığorta hadisəsi baş verdikdə yaranır. Məlum olur ki, müqavilədə franşiza var imiş, həm də yüksək məbləğdə və ya avtomobili yalnız bir nəfər idarə edə bilərmiş, yaxud sığorta haqqını vaxtında ödəməyəndə müqavilə qüvvədən düşürmüş və s... Ona görə də sığortanın «qızıl qaydası» müqaviləni oxumaq, incələmək, başa düşmədiyini soruşmaq və qaranlıq heç bir məqam saxlamamaqdır. Xüsusilə də müqaviləni oxuyarkən franşizalara, xüsusi şərtlərə, istisnalara, təminata daxil edilən risklərə, sığortalının hüquq və vəzifələrinə, sığorta haqqının ödənilməsi qaydalarına fikir vermək lazımdır. Bu çətinlik törədirsə, hər hansı hüquqşünasın və ya brokerin xidmətindən də istifadə etmək olar.

- Bütün bunlar ən zəruri olan sığorta məhsullarını almamağa təşviq etmir ki?

- Bu gün özümüzü nə qədər gümrah və sağlam hiss etsək də, tibbi sığorta almağa həmişə ehtiyacımız var. Lakin əksəriyyətimiz buna əhəmiyyət vermirik, bəzən də xəsislik edirik. Düşünürük ki, sağlam olduğumuz üçün tibbi sığortaya, peşəkar sürücü olduğumuz üçün avtomobil sığortasına, imkanlı olduğumuz üçün məsuliyyət sığortasına ehtiyacımız yoxdur. Əslində, bir çox sığorta məhsulları hər kəsə lazımdır. Bunlara tibbi sığorta, avtomobil sığortası, əmlak sığortası və əmək qabiliyyətinin itirilməsi hallarından sığortaları aid etmək olar.

- Bəzən sığorta müqaviləsi heç də zəruri ehtiyacdan irəli gəlmir...

- Əgər birinin evi yoxdursa mənzil sığortasına, avtomobili yoxdursa avtomobil sığortasına ehtiyacı yoxdur. Lakin məsələ heç də həmişə bu qədər konkret olmur. Bəzən sığorta təminatı alarkən buna zərurətin nədən yarandığını, sizi nə kimi hallardan qoruyacağını bilmək və ona görə ən münasib olan sığorta növünü seçmək lazım gəlir. Məsələn, əgər sizin idarə etdiyiniz avtomobildə iki oturacaq yeri varsa, o zaman siz dörd oturacaq üçün standart təklif edilən paketi almamalısınız. Yaxud əgər eviniz dağın başındadırsa, sel basması təminatına, qeyri-zəlzələ zonasında yerləşirsə, zəlzələ təminatına ehtiyacınız yoxdur və bunun üçün əlavə sığorta haqqı ödəməyə dəyməz. Nəticə olaraq, sığorta müqaviləsi bağlayarkən sizə daha zəruri olan sığorta risklərini təminata daxil etməli, lazım olmayan riskləri isə təminatdan çıxarmalısınız.

- Sığorta təminatında dəyişikliklər etməyə ehtiyac varmı?

- Sığorta riskində və ya sığorta obyektində hər hansı dəyişiklik baş vermişdirsə, bu barədə sığorta müqaviləsində müvafiq düzəlişlər etmək lazımdır. Məsələn, təsəvvür edək ki, sizin eviniz əşyaları ilə birgə sığortalanıb. Sığorta müddəti ərzində evinizə yeni bir fortepiano alırsınız. Bu halda, sığorta şirkətinə və ya agentinə məlumat verib onu da sığorta təminatına daxil etməlisiniz. Əks halda, ev əşyalarınızın oğurlanması və ya yanması nəticəsində fortepianonuz üçün ödəniş həyata keçirilməyəcək. Yaxud avtomobilinizi sığortaladıqdan sonra ailə həyatı qurursunuz və avtomobilinizi həyat yoldaşınız da idarə edir. Avtomobili sizdən başqa yoldaşınızın da idarə etdiyini bildirməli və əlavə sığorta haqqı ödəyərək sığorta müqaviləsinə daxil etməlisiniz. Əks halda, qəza zamanı həyat yoldaşınız sükan arxasında olarsa, sığorta şirkəti ödəniş həyata keçirməkdən imtina edəcəkdir.

Nəticə olaraq vətəndaşlarımıza demək istərdim ki, sığorta riskinə təsir edəcək bütün amillər haqqında vaxtında sığorta müqaviləsində müvafiq dəyişikliklər edin və lazım olarsa, əlavə sığorta haqqı ödəməyə xəsislik etməyin. Gəlin bir sadə həqiqəti unutmayaq ki, böyük problemlər - vaxtında həll olunmayan kiçik problemlərin üst-üstə yığılması nəticəsində yaranır./Vergilər/

Açar sözlər:

Oxunub: 2687