Nazirlik yeni xidmət mərkəzləri istifadəyə verib
19:16 27 İyul 2016
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) abunəçi müraciətlərini operativ şəkildə qəbul edən Çağrı Mərkəzini (Call Center) və şəbəkəyə nəzarəti həyata keçirən Şəbəkə Əməliyyat Mərkəzini (Network Operation Center) istifadəyə verib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Çağrı Mərkəzi Bakı ərazisində xidmət alan abunəçilərə vahid mərkəzdən bütün xidmətlərlə bağlı məlumat almaq imkanı verir. İstifadəçilər 155 nömrəsini yığaraq BTRİB şəbəkəsinə dair istənilən məsələ ilə bağlı müraciət edə bilər. Mərkəzdə abunəçinin sorğusu operativ emal olunaraq birbaşa müvafiq struktur bölmələrinə yönləndirilir.
Mərkəzin fəaliyyətinə sual-cavab bazasının idarə olunması, dəyərləndirmə sisteminin yaradılması, müraciətlərə baxılması prosedurunun sadələşdirilməsi və müddətinin azaldılması üçün fəaliyyət sxemlərinin yaradılması və zənglərin avtomatlaşdırılaraq paylanması funksiyaları daxildir. Həmçinin Çağrı Mərkəzində göstərilən xidmətlərin icra müddətinə nəzarət sistemi də mövcuddur.
Eyni zamanda Çağrı Mərkəzi vasitəsilə abunəçilər mövcud kampaniyalar və xidmətlər haqqında vaxtaşırı məlumatlandırılacaqlar. Qeyd edək ki, əvvəllər abonentlər şikayət, təmir, internet kimi müxtəlif növ müraciətlər üçün fərqli nömrələrlə ayrı-ayrı mərkəzlərə müraciət edirdilər. Bu da xidmətlər arasında koordinasiyada, xidmət keyfiyyətinin müəyyən olunmasında, müştəri məmnunluğu üçün lazımi işlərin aparılmasında çətinliklər yaradırdı.
Şəbəkə Əməliyyat Mərkəzində isə sistem vasitəsi ilə İP, səs, transmissiya şəbəkələrinə və internet trafikə nəzarət etmək mümkündür. Nəzarət mexanizmi yaranan problemlərə anında reaksiya verilməsinə xidmət edir.
BTRİB-in qurduğu yeni sistem istismarda olan bütün şəbəkə elementlərinin kompleks şəkildə, vahid mərkəzdən idarə olunmasına şərait yaradır. Şəbəkənin idarə edilməsi funksiyasını avtomatlaşdıran bu sistem onun sabitliyini də təmin edir.
Bu da öz növbəsində zaman itkisinin və fors-major halların qarşısını vaxtında və operativ almağa kömək edir. Şəbəkə Əməliyyat Mərkəzi ilə Çağrı Mərkəzi interaktiv şəkildə birgə fəaliyyət göstərir. Belə ki, şəbəkədə yaranan hər hansı problem abonentdən öncə mərkəzin əməkdaşlarına məlum olur və bu məlumat mühəndislərlə yanaşı, həmin an Çağrı Mərkəzinə də ötürülür.
Artıq paytaxt sakinlərinin istifadəsində olan telefon və internet xəttində yaranan bütün problemlər qısa zaman kəsiyində öz həllini tapacaq.
Bunun üçün, sadəcə, “155” Çağrı Mərkəzinə müraciət etmək kifayətdir.
Femida.az
Oxunub: 992
Oxşar xəbərlər
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazirlik əhaliyə müraciət etdi
- Nazirlik cəbhə ilə bağlı məlumat yaydı
- Nazirlik reyd keçirdi - Cərimələnənlər var
- Nazirlik əməkdaşının məhkəməsi başlayıb
- Nazirlik vətəndaşlara müraciət etdi
- Nazirlik vətəndaşın iddiasını əsassız adlandırdı
- Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
- Nazirlik uşaq intiharlarının səbəblərini açıqlayıb
- Nazirlik 42800 manat cərimə yazdı