Yol polisi qırmızı işıqdan keçə bilərmi?- Araşdırma

Yol polisi qırmızı işıqdan keçə bilərmi?- Araşdırma

00:30     12 Mart 2018 yol%20polisi7.jpg

Yol polisi cəmiyyətin ən üzdə olan sahələrindən biri olduğu üçün hər zaman diqqət mərkəzindədir. Bəzən sosial şəbəkələrdə onlarla bağlı müxtəlif cür paylaçımlara rast gəlirik. Bəzən yol polisi haqlı olduğu təqdirdə belə sosial şəbəkə istifadəçiləri qanunun bəndlərini bilmədikləri üçün onlara tənqidi münasibət bildirir.



Femida.az Yol polisi qırmızı işıqdan keçə və yaxud digər qaydaları poza bilərmi? sualı ətrafında araşdırma aparıb. Mövzu ilə bağlı sualı vəkil Asif Abdullayev cavablandırıb.






“İlk növbədə qeyd etmək lazımdır ki, digərləri ilə yanaşı, yol polisi avtomobilinə də Yol hərəkəti haqqında qanun şamil olunur.

Həmin qanunun 36-cı maddəsinə əsasən, bütün yol hərəkəti iştirakçıları yol hərəkəti qaydalarına riayət etməli, o cümlədən, svetoforun siqnallarına tabe olmalıdırlar. Maddənin mənasından belə məlum olur ki, yol polisinə məxsus avtomobil də, yol hərəkəti qaydalarına, o cümlədən də, svetoforun siqnallarına tabe olmalıdırlar.

Digər tərəfdən, qanunvericilik yol polisinə aid avtomobili üstün keçid hüququ olan avtomobillər kateqoriyasına aid edib. Üstün keçid nə kimi üstünlüklər verir?

Üstünlük bundan ibarətdir - əgər xüsusi işıq və səs siqnalları qoşuludursa, üstün keçid hüququ olan avtomobillərə digər avtomobillər yol verməlidirlər. Amma yol polisinin üstün keçid hüququna malik olması, ona əsas vermir ki, istədiyi zaman, istədiyi məqsədlə qırmızı işıqdan keçsin və yaxud digər qayda pozuntusuna yol versin.

Gündəlik həyatda bəzən görürük ki, yol polisinə məxsus avtomobil adi qaydada qırmızı işıqdan keçir və yaxud digər qaydanı pozur və buna hüququ olduğunu zənn edir. Bu tamamilə qanunazidd hərəkətdir, yol polisinə məxsus avtomobil adi halda (xüsusi işıq və səs siqnallarını qoşmadan) heç bir qaydadan kənara çıxmaqda ixtiyarlı deyil.

Belə ki, Yol hərəkəti haqqında qanunun 48-ci maddəsinin birinci hissəsinə əsasən, yol polisi avtomobili üstün keçid hüququndan istifadə etmək üçün, mütləq xüsusi işıq və səs siqnallarını eyni zamanda qoşmalıdırlar. Təkcə xüsusi işıq siqnalları qoşulmuş yol polisi avtomobili üstünlük hüququndan istifadə edə bilməz. Belə olan halda, digər sürücülər onlara yol verməyə məcbur deyillər. Yol hərəkəti haqqında qanunun 74-cü maddəsinin ikinci hissəsində birbaşa göstərilir ki, hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər.


Yol hərəkəti haqqında qanunun 48-ci maddəsinin 5-ci hissəsinə əsasən, yol polisi yalnız digər hərəkət iştirakçılarına təhlükə yaratmadığı hallarda yol hərəkəti qaydalarından kənara çıxa bilər. Hətta belə olan halda da, həmin avtomobilin xüsusi işıq və xüsusi səs siqnalları qoşulu olmalıdır. Xüsusi işıq və səs siqnalları ona görə qoşulu olmalıdır ki, digər sürücülər yol polisi avtomobilinin qaydadan kənara çıxaraq gözlənilməyən (qırmızı işıqdan keçmə, qoşa xətt üzərindən geriyə dönmə və sair) hərəkət edəcəyi barədə məlumatlı olsunlar. Bu siqnallar digər sürücülərin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Misal üçün, xidməti zərurətlə bağlı yol polisi qırmızı işıqdan keçməyi qərara alır. Bu zaman həmin avtomobilin sürücüsü mütləq xüsusi işıq və səs siqnallarını qoşmalıdır ki, digər sürücülər onun qırmızı işıqdan keçəcəyi barədə məlumatlansınlar və ona yol versinlər. Bu siqnallar qoşulmadan, yol polisi adi avtomobillər kimi qırmızı işıqda dayanmalıdır. ”


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 15044