Qəbələdə VIII Beynəlxalq Musiqi Festivalı başlayıb


01:41     31 İyul 2016 dd88c306c56514270058d1e8af3c8a61.JPG

Füsünkar təbiəti ilə hər kəsi öz sehrinə salan Qəbələ rayonu yenidən musiqisevərləri öz ətrafına toplayıb.



Femida.az -ın xəbərinə görə, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının ilk konserti gənclərin ifası ilə tarixə düşüb. Proqrama uyğun olaraq iyulun 30-da Heydər Əliyev adına Konqress Mərkəzində Azərbaycan tanınmış gənc pianoçularının və musiqiçilərin iştirakı ilə kamera konserti olub.

Azərbaycan Dövlət Filarmoniyasının pianoçusu, bir çox beynəlxalq müsabiqələrin qalibi və müsiqi festivallarının iştirakçısı Tofiq Şıxıyev, simfonik, kamera, vokal və piano üçün əsərlərin müəllifi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ceyhun Allahverdiyev, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, prezident təqaüdçüsü, pianoçu Vurğun Vəkilov, Bülbül adına orta ixtisas musiqi məktəbinin pianoçusu, prezident təqaüdçüsü Gülər Ağayeva, Azərbaycan Dövlət Televiziyasının və Radiosunun solisti Aytac Şıxəlizadə (mezzo-soprano) və Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yəhyayevin (bariton) iştirakı ilə keçirilən kamera konsertində F.Şopenin “Fantaziya, “S.Raxmaninovun “Etüd”, “Prelüd”, “A.Skryabinin “Poema”, Niyazinin “Vətən nəğməsi”, “M.Maqomayevin “Odlar yurdu” və digər dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Daha sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Azərbaycanın görkəmli opera müğənniləri, SSRİ və Azərbaycanın Xalq Artistləri, “Şöhrət” və “Şərəf” ordenli, Dövlət Mükafatı laureatları, prezident təqaüdçüləri, Bakı Musiqi Akademiyasının professorları Fidan və Xuraman Qasımovaların ifasında maraqlı konsert proqramı təqdim edilib. Konsertdə Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Tanınmış opera müğənnilərini əməkdar incəsənət xadimi, Xalq Artisti, prezident təqaüdçüsü, dirijor Teymur Göyçayev müşayiət edib. Hər iki konsert yerli və xarici musiqisevərlərin böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Qeyd edək ki, avqustun 5-dək festivalda Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Fransa, İspaniya, İsrail, Litva və Kubadan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər.

Açar sözlər:

Oxunub: 1498