“Tədricən Avropadan uzaqlaşırıq” - Politoloq


15:15     02 İyul 2015 E6B2E23E-4827-41AB-B8CC-5A15FF7D6841_cx0_cy7_cw100_mw1024_s_n_r13.jpg

“İndi ya Şərqə, ya da Rusiyaya doğru getməliyik, Şərq mümkün deyil, Rusiya isə bizim üçün təhlükəlidir...”


2008-ci ilin mayında Avropa Birliyinin üzvləri İsveç və Polşa tərəfindən irəli sürülmüş “Şərq tərəfdaşlığı” Proqramı gözlənilən nəticələri vermədi. Xüsusilə bu ilin mayında yaşananlar qənaətimizin sübutu sayıla bilər.

Əvvəlcə mayın 7-də “Şərq tərəfdaşlığı” ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşündə Azərbaycanın müavin səviyyəsində təmsil olunması, ardınca mayın 21-də Riqada keçirilən “Şərq tərəfdaşlığı” Sammitində İlham Əliyev və Belarus prezidentinin iştirak etməməsi bəzi suallara aydınlıq gətirdi.

Altı postsovet ölkəsinə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) yönəlik “Şərq tərəfdaşlığı” Proqramına daxil olan ölkələrdən üçünün Avropa Birliyi ilə assosiativ sazişə imza atması, ölkəmiz də daxil olmaqla, digərlərinin imtinası bir çox həqiqətləri üzə çıxardı.

Proqram çərçivəsində baş verənləri şərh edən politoloq Elxan Şahinoğlu hesab edir ki, nəzərdə tutulan ideyalar reallaşmayıb:

“Əslində bu ideya çox maraqlı idi. Məqsəd o idi ki, birliyə daxil olmayan ölkələri prosesə cəlb etsinlər. Aydın idi ki, onların üzv olmaq şansları yox idi. Belə şəraitdə ”Şərq tərəfdaşlığı" Proqramı yarandı. Sonralar bu proqram daha da inkişaf etdi. Assosiativ saziş ideyası da olduqca vacib məsələ idi. İmzalayan hər bir ölkənin üzərinə öhdəlik götürməsi əlaqələrin güclənməsi baxımından önəmli idi. Çox təəssüflər olsun ki, bu ideyalar həyata istənilən qədər vəsiqə qazanmadı. Vaxtilə Avropa Birliyinin “Qonşuluq” proqramı adlı başqa bir ideyası var idi. Bu ideya da əslində reallaşmadı.

Sanki “Şərq tərəfdaşlığı”nı da bu tale gözləyir. Hətta sənədi imzalayan Ukrayna, Gürcüstan və Moldova belə Avropa Birliyi ilə istədikləri əməkdaşlığı edə bilmir. Avropa Birliyinin daxilində vəziyyət o qədər çətindir ki, “Şərq tərəfdaşlığı”na daxil olan ölkələrə istədiyi dəstəyi verə bilmir. Merkel açıq şəkildə deyib ki, siz Avropa Birliyinin üzvü olmağa ümid etməyin. Yunanıstanda baş verən hadisələr gözümün qarşısındadır. Avropa Birliyi oranı belə xilas edə bilmir. Öz üzvü olan ölkəni xilas edə bilməyən qurum Gürcüstan, Moldova və Ukraynaya necə yardım edə bilər?

Ona görə də sanki “Şərq tərəfdaşlığı” Proqramı arxa plana keçib. Bu proqramın özünə də maraq azalacaq. Qərbin Ukraynanı çətin durumdan çıxaracağı gözlənilirdi. Amma əksi baş verdi. Avropa Birliyi Ukraynanı ağır böhrandan çıxara bilmədi. Krım hadisələri, separatçılıq meyllərinin orada baş verməsi çox şeyi sübut etdi. Bir sözlə, “Şərq tərəfdaşlığı” və bağlanan assosiativ sazişlər düşünülən nəticələri vermədi".




Politoloq onu da bildirdi ki, Azərbaycan assosiativ sazişə imza atmalı idi:

“Əvvəldən bildirirdim ki, Azərbaycan sazişə imza atmalıdır. İstək və şərtlərimiz ola bilərdi. Onları da ortaya qoyardıq. Amma hakimiyyət fərqli yanaşdı. Fərqli bir sənəd istədilər. Bunu böyük enerji resurslarının olması ilə əlaqələndirirdilər. Maraqlı olan odur ki, təklif edilən strateji sənəd haqqında heç bir iş görülmür. Sanki Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər dondurulub. Bu da bizə xeyirli deyil. Bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmədiyimizə görə tədricən Avropadan uzaqlaşırıq”.

Elxan Şahinoğlu Avropa Birliyinin iştirakçı olmayan dövlətlərə verdiyi mesajlara da aydınlıq gətirdi:

“Birlikdə demokratiya hökm sürdüyündən, heç bir ölkəni zorla daxil etmək istəmirlər. Təzyiq altında saxlamaq Rusiyanın siyasətidir. Təzyiq altında Ermənistanı Avrasiyaya üzv elədi. Avropa Birliyi bu məsələlərə fərqli yanaşdı. Hər bir ölkənin iştirak etməməyin öz seçimi olduğunu bildirdi. Biz seçimlərimizi dəqiqləşdirməliyik. Avropanı seçmədik. Çünki sənədə imza atmadıq. İndi ya Şərqə, ya da Rusiyaya doğru getməliyik. Şərq mümkün deyil. Çünki sazişə imza atmasaq da, Azərbaycan Avropa dəyərlərini daha yüksək tutur. Qaldı Rusiya. Bu bizim üçün təhlükəlidir. Çünki Azərbaycan indi anlayıb ki, Avrasiya və Gömrük İttifaqının üzvü ola bilməz. Orada Ermənistan var. Bu dövlətlə eyni məkanda inteqrasiya mümkün deyil. Bunun yeganə çıxış yolu Dağlıq Qarabağ probleminin həllidir. Bu da yaxın zamanlarda mümkünsüz görünür. Onda nə edək? Biz seçim edib, mövqe ortaya qoymalıyıq. Balanslaşmış siyasət o demək deyil ki, hansısa istiqamətdən qopmalısan. Bütün istiqamətlərdə fəal olmalısan. Assosiativ sazişə Azərbaycan imza atsaydı, o demək deyildi ki, Rusiya ilə münasibətlərə son qoymalı idi. Qonşuluq siyasəti davam etdirilməli idi. Demək, hələ qərar verilməyib ki, hansı istiqamət bizə uyğundur”.

Açar sözlər:

Oxunub: 1360


Oxşar xəbərlər