Yaşlı insanlar niyə intihar edir? - ARAŞDIRMA


19:36     02 İyul 2015 o-ELDERLY-SUICIDE-facebook.jpg

Bu gün Bakıda 76 yaşlı Rafiq adlı şəxs xəstəxananın üçüncü mərtəbəsindən özünü ataraq intihar edib. Ümumiyyətlə, son vaxtlar yaşlı insanların intihar etməsi haqda xəbərlərlə tez-tez rastlaşırıq.


İyul ayının ilk ongünlüyündə 3 yaşlı insanın intihar etməsinin şahidi oluruq. Ağdaş rayonunda 53 yaşlı Rəhman Məmmədov maşın ehtiyat hissələri satıldığı mağazasında özünü asıb. Onun külli miqdarda borcu olduğuna görə özünü öldürdüyü deyilir. İyulun 1-də isə 78 yaşlı Babaşkina Nikolayevna isə yaşadığı binanın 3-cü mərtəbəsindən özünü ataraq intihara cəhd etmək istəyib. May ayı isə yaşlı insanların intiharı ilə yadda qalıb desək yanılmarıq. Belə ki, may ayı ərzində 7 intihara cəhd və intihar faktı qeydə alınıb ki, bunların 3-ü Şəki şəhərində, 4-ü Bakı şəhərində qeydə alınıb.

Yaşı altmışı, yetmişi keçən insanların bu yola əl atması çoxlarını düşündürür. İnsanları buna vadar edən nə ola bilər? Femida.az bunun səbəblərin araşdırıb.

Yaşlı insanlar arasında intihar halları artmasına münasibət bildirən psixoloq Elnur Rüstəmov hesab edir ki, insan yaşlandıqca psixoloji problemləri də artır:

“İntihar edən insanların psixoloji xüsusiyyətləri diqqətə alınmalıdır. Çünki, bir insan adi bir şey üstündə intihar etməz. Yaşlı insanların intihar etməsi böyük problemdir. Onalar həmişə gənclərə örnək olurlar. Bizə müraciət edənlərin çoxu 50-60 yaşından yuxarı insanlardır. Onlar müəyyən psixoloji narahatlıqdan əziyyət çəkirlər. Bu problemlərdən çıxa bilmədikdə bəzən intihara da əl ata bilir. Ümumiyyətlə, ahıl insanlar daha çox onlara qarşı diqqətsizlikdən, özlərini artıq, dəyərsiz hesab etdiklərinə görə intihar edirlər”.

Sosioloq Əhməd Qəşəmoğlu yaşlı insanların intiharına iki səbəb göstərir:

“Yaşlı insanlar arasında Allaha inam azalır. Çünki, Allaha inanan, dindar insan intihar etməz. Bu o deməkdir ki, bu təbəqə arasında Allaha inam aşağıdır. Yaşlı insanlar arasında intihar hallarının çoxalmasının sosial tərəfi də var ki, bu maddi çətinliklərlə bağlıdır. Yaşlı insanlar Sovet dövrünün dəyərlərində, başqa bir mühitdə yaşamış insanlardır. O vaxt problemə münasibət indikindən fərqli idi. İndi bazar iqtisadiyyatıdır. Yaşlı insanlar indiki bazar iqtisadiyyatı şəraitində yaşamağa hazır deyillər, ikinci tərəfdən dini baxımdan zəifdirlər. Bu iki hal bu təbəqəni intihara sövq edir”.

Bir ayda 7 yaşlı insan intihar edib

Yaşlı insanların intiharı tək paytaxtda deyil eyni zamanda bölgələrdə yaşanır. İyun ayına nəzər salsaq görərik ki, Şimal bölgələrində, xüsusilə Şəki və Oğuz rayonlarında 2 yaşlı insan intihar edib.

Məsələn, Oğuz şəhər sakini, Məhəmməd Hüseynov yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından özünü asıb. Üç övlad atası olan mərhumun 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşərək qapalı həyat tərzi keçirdiyi deyilir. Şəki rayon Kiş kənd sakini Firus Allahyarov isə alma ağacından özünü asaraq intihar edib. O, banklardan birinə borclu olub.

Elnur Rüstəmov şimal bölgəsində yaşlı insanların intiharların artmasına səbəb kimi kütləvi informasiya vasitələrini göstərir. Psixoloq deyir ki, televiziyada bu yaşda olan insanların intihar hallarının göstərilməsi onların şüuraltında müəyyən izlər buraxır:

“Psixologiyada "Verter effekti" deyilən bir fenomen mövcuddur. Effekt Hötenin "Gənc Verterin iztirabları" adlı əsərinin Verter adlı personajın intiharı ilə əlaqələndirilir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür. “Veter effekti”ndə bir hadisə bir ərazidə baş verirsə bir müddət sonra o hadisə o bölgədə təkrarlanır. Sanki, insanların şüuraltına siqnal ötürülür. Məsələn Şəkidə bir ayda bir intihar hadisəsi olubsa, bir müddət sonra 3 nəfər yaşlı insan da eyni hadisəni təkrarlayır. Əgər hadisə cənub bölgəsində olsa idi, intiharlar da o bölgədə olacaqdı. Bu cür xəbərləri araşdırmaq daha yaxşı olardı, nəinki bu cür hadisələri informasiya olaraq yayımlamaq”.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2219