Ərdoğan-Putin görüşü nələri dəyişdi? - TƏHLİL

Ərdoğan-Putin görüşü nələri dəyişdi? - TƏHLİL

11:12     10 Avqust 2016 1473971843.jpg

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və onun rusiyalı həmkarı Vladimir Putin məlum təyyarə böhranından 268 gün sonra yenidən bir araya gəldilər.


Görüşün regionda tamamilə yeni bir geosiyasi mənzərə formalaşdıracağına şübhə yox idi. Xüsusilə də Suriya məsələsində qəbul ediləcək qərar və yarımçıq qalan iqtisadi layihələrin icrası ilə bağlı hansı addımların atılacağı böyük maraq doğururdu. Hər iki dövlətin son illər qərblə yaşadığı soyuq münasibətlərin fonunda görüşün əhəmiyyəti daha da artırdı.

Görüş “çarlar şəhəri” adlandırılan Sankt-Peterburqda baş tutdu. Liderlər ilk olaraq iki dövlət arasındakı münasibətlərdə yeni bir səhifənin açılmasının zəruriliyini ortaya qoydular. Vladimir Putin bildirdi ki, enerji sektoru Rusiya-Türkiyə münasibətlərində “açar” rolunu oynayır. Rusiya prezidenti “Türx axını” və “Akkuyu” layihələrinin reallaşması istiqamətində konkret addımların atılmalı olduğunu həmkarının diqqətinə çatdırdı. Putinin görüş zamanı əsas diqqəti enerji layihələrinə verməsi tamamilə başadüşülən idi. Rusiya qazının Avropaya çatdırılmasında əsas yerə sahib olan “Türk axını” layihəsi Kremlin vazkeçilməzlərindəndir. Hələlik Avropadan təklif gəlmədiyi üçün ilkin olaraq layihənin Türkiyə hissəsi reallaşdırılacaq. Türkiyə tərəfini maraqlandıran digər məsələ Rusiyanın Türkiyəyə satacağı qazda endirim etməsi ilə bağlı idi. Rusiyanın energetika naziri Aleksandr Novak “Türk axını” layihəsinin reallaşdırılması çərçivəsində Rusiyanın Türkiyəyə satacağı qazda endirim olmayacağını bildirsə də, qazın qiymətində endirim edilməsini müzakirə etməyə hazır olduğunu qeyd etdi.

Liderlərin görüşündə “Akkuyu” atom elektrik stansiyasının inşaası ilə bağlı daha real addımların atılacağı bəyan edildi. Dəyəri 22 milyard dollar olan bu layihə reallaşacağı təqdirdə Türkiyəni 4800 meqavatlıq enerji ilə təmin edəcək.

Putin və Ərdoğan Suriya məsələsini ayrıca bir toplantıda müzakirə etdilər. Əldə olunan razılığın mətni ictimaiyyətə açıqlanmasa da, Suriyadakı böhranla bağlı ortaq bir qərarın qəbul edildiyi deyilir. Görüşlərin ardından Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belə bir fikir vurğuladı ki, Türkiyə və Rusiyanın Suriya ilə bağlı maraqları çox oxşardır və Yaxın Şərqdəki vəziyyəti stabilləşdirmək üçün ortaq mexanizm hazırlanır. Əslində XİN rəhbərinin bu açıqlaması çox mətləblərdən xəbər verir.

Putinə “dəyərli dostum” deyə müraciət edən Ərdoğan enerji layihələri ilə yanaşı iki mühüm fikir vurğulayır:

- Rus-Türk hərbi əməkdaşlığının genişləndirilməsi;
- Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli formatının yaradılması.


Ərdoğanın Rusiya ilə Türkiyə arasındakı hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikir əslində Türkiyənin qərbdən incikliyinin ifadəsidir. Rus-Türk hərbi əməkdaşlığının genişləndirilməsi fonunda Türkiyə-NATO münasibətlərində xoşagəlməz məqamların yaşanacağı istisna deyil. Xüsusən də Rusiya və Türkiyə qırıcılarının havada olarkən bir-biriləri ilə əlaqə saxlaması ABŞ-ı qıcıqlandırmaya bilməzdi. Çox güman ki, Ərdoğanın bu səfəri Türkiyə ilə NATO arasında böyük bir uçurumun yaradacaq. Bəlkə də Türkiyənin NATO-dan kənarlaşdırılması gündəmə gələcək...

Ərdoğan həmçinin Azərbaycanın da iştirak edəcəyi üçtərəfli formulun yaradılması ideyasını təklif etdi. Qardaş ölkə liderinin irəli sürdüyü bu ideya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə xidmət etməli idi. Putindən Ərdoğanın bu təklifinə hər hansı bir reaksiya gəlməsə də, yaxın perspektivdə Azərbaycan, Rusiya və Türkiyədən ibarət geosiyasi üçbucağın formalaşacağı kifayət qədər real görünür. Son günlər müşahidə olunan Azərbaycan-Rusiya yaxınlaşması bunu deməyə əsas verir.

Ceyhun Əhmədli
Analitik xidmət

Açar sözlər:

Oxunub: 3154